Ukrayna savaşı "2-ci" mərhələyə qədəm qoydu: Silahların mənzili qat-qat artırıldı

2022-04-18 12:35:00

Ukrayna savaşı

ABŞ-ın son yardım paketində nəzərdə tutulan bəzi silahlar artıq Ukraynaya çatdırılıb.

Hurriyyet.az “CNN International”a istinadən xəbər verir ki, burada söhbət ABŞ Prezidenti Co Baydenin bir müddət əvvəl açıqladığı 800 milyon dollar dəyərində tədarükün ilk partiyasından gedir. Bu paketdə ABŞ Kiyevi ilk dəfə ağır silahlarla təmin etməyə söz vermişdi.

Məlumata görə, son silah nəqli çərçivəsində Ukraynaya 11 ədəd Mi-17 helikopteri, 18 ədəd 155 mm-lik Howitzer topları və 300 Switchblade markalı dronlar verilib. 

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri dünən ilk dəfə öz arsenalındakı "Pion" özüyeriyən artilleriya qurğusunu nümayiş etdirib. 

Ukraynaya verilən və Kiyevin nümayiş etdirdiyi silahların texniki özəlliklərinə nəzər salanda Qərb ölkələrinin Rusiya-Ukrayna savaşında Ukrayna ordusunun vuruş mənzilini xeyli yüksəltdiyi aydın olur. Məlum olduğu kimi, bu zamanadək Ukraynaya tankəleyhinə “Javelin” və yer-hava təyinatlı “Stinger” raketləri verilmişdi. Hər iki silahın mənzili 4.5 km idi. İndi Ukraynaya göndərilən silahlar arasında ən qısa mənzilisi sayılan “300 Switchblade” dronlarının vuruş məsafəsi 10 km-dir. 155 mm-lik Howitzer topları 24 km. uzaqlığı vura bilər. Zənnimizcə, vuruş mənzilinin uzadılması onu göstərir ki, Ukrayna-Rusiya döyüşlərində ikinci mərhələyə hazırlıq gedir. 


Bu videodan da göründüyü kimi, "Pion" altilleriya qurğularından və 155 mm-lik Howitzer toplarından 44 günlük Vətən müharibəsində də istifadə olunmuşdu.
 
Bəs, II mərhələ deyiləndə nə nəzərdə tutulur?
 
Təxminlərimizə görə, bu zamanadək Kiyevə ona görə uzağı 4.5-5 km-lik mənzilə sahib silahlar verilirdi ki, Ukrayna Rusiyaya qarşı şəhər döyüşləri apara bilsin. Həqiqətən də bu sahədə önəmli başarılar əldə edən Ukrayna ordusu Rusiya işğalçılarını Kiyev, Xarkov və s. böyük şəhərlərin kandarına qədər ötürmüş, ardınca ona böyük itkilər yaşadaraq sərhədlərindən kənara ata bilmişdi. Bu mərhələdə Rusiya 20 min ölü, 60 min yaralı verərək böyük şəhərlərdən çəkilmək məcburiyyətində qalmışdı. Nəticədə Rusiya Silahlı Qüvvələri öz hədəflərini daraldaraq yalnız Donbass və Ukraynanın cənubunu işğal etməklə, yaxud işğal etdiyi əraziləri əlində saxlamaqla kifayətlənəcəyini açıqlamışdı. 
 
Ukraynanın əlindəki mövcud silah gücüylə ölkənin şərq və cənub istiqamətində hücumlarını genişləndirən Rusiyanın qarşısını alması mümkün deyildi. Çünki növbəti mərhələdə döyüş meydanına çevriləcəyi gözlənilən qərb və cənub bölgələri geniş düzənliklərlə əhatəlidir və Ukrayna əsgərlərini bu ərazilərdə hərəkət etməsi, mühasirəyə düşən silahdaşlarını qurtarması üçün açıq sahələrdən keçməsi tələb olunur. Bu isə Ukrayna əsgərlərini asan yemə çevirə bilər.


 
Görünür, məhz bu çətinlikləri nəzərə alan ABŞ və NATO qüvvələri Ukrayna əsgərlərinin vuruş mənzillərini 2 və 3 qat artırmağı vacib sayıb. Ukraynanın dünən nümayiş etdirdiyi “Pion” artilleriya qurğusunun vuruş mənzilinin 47 km olduğunu, hətta lazım gələrsə, bu imkanını 55 km-ə qədər artıra bilməsini nəzərdə alanda savaşın növbəti mərhələsində daha uzaq məsafəli döyüşlərin gedəcəyini anlamaq mümkündür. Ən azı ona görə ki, “Pion” artilleriya qurğusu ilə 8 km-dən qısa məsafələri vurmaq mümkün deyil.
 
Qərb ölkələrinin Ukraynaya tank və təyyarə verməyi planlaşdırması da sirr deyil. Zənnimizcə, bu tədarüklər təkcə 2-ci mərhələdə döyüşlərin dəstəklənməsi üçün nəzərdə tutulmayıb, ikinci mərhədən sonrakı dövr üçün də hazırlıqların artıq başlandığını göstərir. Bu isə Ukrayna ordusunun ölkənin qərb və cənub bölgəsində apardığı döyüşlərdə rus işğalçılarını ərazilərdən kənarlaşdırdıqdan sonra hücum taktikasına keçəcəyini göstərir. 
 
Məlumdur ki, Rusiya 2014-cü ildə Ukraynanın Krım və Donbass ərazilərini işğal edərək orada öz istehkamlarını gücləndirib. Həmin əraziləri rus işğalçılarını təmizləmək üçün mütləq hücum taktikasına keçmək tələb olunur. Ukraynaya tankların, təyyarələrin verilməsi də bu məqsədə qulluq edə bilər.


 
Məsələyə bu aspektdən yanaşanda Rusiyanın Qara dəniz donanmasının flaqman gəmisinin birinci mərhələnin sona çatması, ikinci mərhələnin başlanğıcında vurulması təsadüfi olmaya bilər. Zira “Moskva” krayseri S-300-lərlə silahlanmış gəmi idi və o, təkcə Qara dənizdəki rus donanmasını qorumaqla mükəlləf deyildi. Həm də Ukraynanın cənubunda gedən döyüşlərdə hava sahəsinə nəzarət edirdi. “Moskva” krayseri şərti olaraq “3-cü” adlandırdığımız növbəti mərhələdə Ukrayna əsgərlərinin rus işğalçılarına hücum zamanı istifadə edəcəyi təyyarələri, orta mənzilli raketləri rahatlıqla zərərsizləşdirə bilərdi. Krayserin vurulmasından sonra Qara dəniz donanmasının bu üstünlüyünü itirdi. Belə ki, artıq daha kiçik gəmilərlə Rusiyanın Ukrayna sahillərinə müdaxiləsi imkansız hala gəldi və buna cəhd edən istənilən gəmi sahilə yaxınlaşmalıdır. Bu isə onların özlərini asan hədəfə çevirir və “Moskva” krayseri ilə eyni taleyi yaşamaq ehtimalını artırır. Dolayısıyla Ukrayna ordusu 2 ədəd Neptun raketi zərbəsi ilə faktiki olaraq Qara dəniz donanmasını iş görə bilməz hala salıb.
 
ABŞ və NOTA ölkələri Ukrayna ordusunun vuruş gücünü bir neçə dəfə artırmasına baxmayaraq, ona verilən silahların mənzili yetərli qədər uzun da deyil. Bu gün də Ukrayna ordusunun əlində ən təsirli silah Türkiyə istehsalı olan “Bayraktar”lardır. ABŞ-ın göndərdiyi və göndərəcəyi silahlardan fərqli olaraq, Türk “Bayraktar”larının havada qalış müddəti isə 27 saat, mənzili isə 300 km-dir. Kosmik peyklərlə dəstəkləndiyi zaman mənzili sərhədsiz məsafəyə çıxarmaq olar. Üstəlik, istər Qarabağ, istərsə də Ukrayna savaşlarında düşmən qüvvələrinə məxsus hədəflərin ən dəqiq kordinatlarını vermək imkanı da bu dronlara aiddir. “Bayraktar”ın bu xüsusiyyəti Ukrayna ordusuna döyüş sahəsini daha aydın görmək, vurulacaq hədəfləri təsbit etmək, lazım gələrsə təcili durumlarda onları Türk dronunun öz imkanları ilə sıradan çıxarmaq fürsəti verir.


 
Maraqlıdır ki, “Bayraktar” dronları Ukraynaya məxsus olan Krım yarımadası və Donbass bölgəsi işğal edildiyi vaxt – 2014-cü ildən istehsal olunmağa başlayıb. Sanki bu dronlar məhz Ukrayna savaşında Rusiya üzərində tam və qəti qələbə qazanmaq üçün yaradılıb. Bəlkə də buna görədir ki, “Bayraktar”lar Ukrayna savaşının bütün mərhələlərində döyüş meydanında olub və olacaq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya