Ukrayna nəyin uğrunda vuruşur?

2022-05-14 12:07:00

Ukrayna nəyin uğrunda vuruşur?

“Avropa İttifaqının üzvü olmaq üçün Ukraynaya on illər lazımdır” – Fransa prezidenti Emmanuel Makron bu günlərdə belə demişdi. Üstəlik, bu cür fikirlər birinci dəfə səslənmir. Məsələ də ondadır ki, Avropa İttifaqının (Aİ) iki əsas dövləti Almaniya və Fransa Ukraynanın Aİ-yə can atmasına elə də səmimi dəstək vermirlər.

Burada dərhal haqlı bir sual yaranır: əgər müharibə Ukraynanın qələbəsilə bitərsə, Avropa və ABŞ bu ölkənin bərpası üçün böyük məbləğlər ayırarsa (ikinci Marşall planı), nəyə görə yaxın perspektivdə Kiyev Aİ –nın üzvü olmasın?

İndi ən müxtəlif hökumət və dövlət başçıları Kiyevə səfərlər edirlər ki, bu ölkəyə mənəvi dəstək olsunlar və onu əmin etsinlər ki, Rusiya heç bir halda Ukraynanı istila edə bilməyəcək.

Amma onların arasında Almaniyanın kansleri və prezidenti yoxdur, hərçənd, bu ölkənin xarici işlər naziri Kiyevə elə bu günlərdə səfər etmiş və ölkəsinin dəstəyini ifadə etmişdi. Vaxtilə Almaniya kansleri Angela Merkellə Rusiya prezidenti arasında isti münasibətlər vardı və belə çıxır ki, bu gün də oxşar vəziyyət hökm sürür, bircə fərqlə ki, hazırda Almaniyanın manevr sahəsi elə də böyük deyil, o, özünün müttəfiqlərini dəstəkləmək məcburiyyətindədir.

Tezliklə müharibənin üçüncü ayı bitəcək. İndi nəinki postsovet ölkələrinin analitikləri, hətta uzaq xaricin hərbi təhlilçiləri də qeyd edirlər ki, müharibə Kiyevin qələbəsi ilə bitəcək. Bu günlərdə Ukraynanın prezidenti Vladimir Zelenski bəyan etdi ki, Ukrayna ordusu ölkənin işğal olunmuş ərazilərini tamamilə azad etmək əzmindədir. Ukraynaya kömək də artmaqdadır. ABŞ Konqresi bu ölkəyə böyük yardım paketini təsdiq etdi. Avropa ölkələri də onlardan geri qalmır. Hətta Çexiya kimi kiçik ölkələr vətəndaşlarına məhdud sayda (100 nəfər) qruplarla Ukraynanın tərəfində vuruşmağa icazə verirlər.
Aydın məsələdir ki, qanlı müharibə bir gün bitəcək. Amma sonra nə olacaq? Bəli, Ukraynanın şəhər və kəndləri bərpa olunacaq. Amma Aİ və NATO ilə bağlı nə olacaq? Çox təəssüf ki, burada konkret və aydın təsəvvürlər yoxdur.

Yalnız ümid onadır ki, rus imperiyasının onurğası sındırılsa, bu təşkilatlar daha qətiyyətli olacaq. İndi isə elə də aydın deyil ki, Ukrayna nəyin uğrunda vuruşur? Bəli, onların ölkəsi indi Rusiyanın işğalına məruz qalıb. Moskva gizlətmir ki, onların “xüsusi əməliyyat”ları ölkənin Avropa strukturlarına inteqrasiyasını dayandırmağa yönəlib, halbuki bu istiqamətdə ciddi bir irəliləyiş yox idi – NATO və Aİ sözdə qapılarının açıq olduğunu desə də, əməldə bunu etmirdilər, əvəzində Kiyevi riskə məruz qoyaraq onun ərazisində və Qara dənizdə möhkəmlənirdilər. Ona görə də Kremlin məqsədi Krımla birlikdə Şərqi Ukraynanı qopartmaqdır.

Avropa tarixində bir dəfə belə olmuşdu. Faşizmə qarşı müqavimət hərəkatı böyük bir fəlsəfi cərəyan yaratdı. Bu, ekzistensializm oldu. Onun əsas fiqurları fransızlar, Alber Kamyu və Jan Pol Sartr oldular. Bu insanlar ümidsiz mübarizə təliminin əsasını qoydular və dedilər ki, məqsəd heçdir və əsas hərəkətdir. Həmin təlim Mahatma Qandinin zorsuz müqavimət təlimindən sonra ən məşhur siyasi təlimlərdən biri oldu.

Amma həyat quru və sxematik fəlsəfi təlimlərdən daha rəngarəngdir. Demək olmaz ki, Fransadakı müqavimət hərəkatının məqsədi olmadı – yox, Fransa tamamilə azad olundu və bərpa edildi. Ukrayna ilə bağlı da belə olacaq. O da Feniks kimi küldən diriləcək...

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya