“Ukrayna hücum barədə ABŞ-ni xəbərdar etməyib” – “Kəşfiyyat məlumatlarını Ukrayna özü toplayıb”

Ukrayna Silahlı Qüvvələrinin Rusiyadakı bir neçə bazada onlarla strateji bombardmançı təyyarəyə misli görünməmiş hücumundan öncədən ABŞ-nin xəbərdar edildiyi barədə məlumat təsdiqlənmir.
Hurriyyet.az xəbər verir ki, “Axios” nəşri bundan öncə dərc etdiyi xəbəri dəyişib.
Belə ki, daha əvvəl nəşr ukraynalı rəsmiyə istinadla xəbər vermişdi ki, ABŞ administrasiyası bu hücumla bağlı əvvəlcədən məlumatlandırılıb. Lakin sonradan məqalənin bu hissəsi dəyişdirilib və məlum olub ki, Tramp administrasiyası hücumla bağlı məlumatlandırılmayıb.
Xatırladaq ki, Ukrayna rəsmisi “Axios”-a əməliyyatın ölkənin təhlükəsizlik xidməti tərəfindən həyata keçirildiyini və bir ildən artıq müddətdə planlaşdırıldığını bildirib.
Bu arada CBS-nin Ağ Evdəki müxbiri Cennifer Ceykobs da öz mənbələrinə istinadla təkzib məlumatı yayıb: "Administrasiyadakı mənbələrin mənə dediyinə görə, ABŞ kəşfiyyat məlumatlarını Zelenski və onun “Pautina” əməliyyatı üzrə komandası ilə bölüşməyib. Ukrayna məlumatı özü toplayıb".
Qeyd edək ki, hücum nəticəsində 40-a yaxın Rusiya hərbi təyyarəsinin, o cümlədən strateji bombardmançıların vurulduğu qeyd edilir.
AzPolitika.info
