Saat:18:18
Haqqımızda

“UKRAYNA CƏBHƏSİ ÇÖKƏ BİLƏR...” - “Bizdə təkcə hərbi deyil, həm də siyasi böhran yaşanır”

2024-04-03 11:53:20

“UKRAYNA CƏBHƏSİ ÇÖKƏ BİLƏR...” - “Bizdə təkcə hərbi deyil, həm də siyasi böhran yaşanır”

“Ukrayna öz cəbhə xəttinin dağılması riski altındadır. Rus generallarının gələcək hücum üçün qüvvələrini toplayacağı istiqamətdə müdafiə çökə bilər”.

Hurriyyet.az xəbər verir ki, ABŞ-nin “Politico” nəşrinin Ukraynadakı son vəziyyətlə bağlı yeni yazısında belə deyilir. Yazıda milyarder İlon Maskın cəbhənin çökmə ehtimalı barədə xəbərdarlığı xatırladılır.

Qeyd olunur ki, milyarder Odessanın işğal oluna biləcəyini söyləmişdi: “Maskın proqnozu əslində, Ukrayna Prezidenti Volodimir Zelenskinin son günlər etdiyi qorxulu xəbərdarlıqlardan çox da fərqlənmir. Zelenskinin sözlərinə görə, ABŞ-nin bloklanmış çox milyardlıq yardım paketi tezliklə qəbul edilməsə, Kiyevin hərbi qüvvələri “kiçik addımlarla, addım-addım geri çəkilməli olacaq”. 

O, həmçinin bəzi böyük şəhərlərin işğal riski ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

Aydındır ki, Zelenskinin xəbərdarlıqları Ukrayna ordusu üçün 155 mm-lik artilleriya mərmilərindən tutmuş “Patriot” hava hücumundan müdafiə sistemlərinə və PUA-lara qədər çox ehtiyac duyulan hərbi yardımı almaq naminə edilən daha geniş diplomatik səylərin bir hissəsidir. Acı həqiqət budur ki, paket ABŞ Konqresi tərəfindən təsdiqlənsə belə, bu, işğalçıların döyüş meydanında böyük irəliləyişlərinin qarşısını almaq üçün kifayət etməyə bilər”.

Nəşr qeyd edir ki, belə bir uğursuzluq, xüsusən də ABŞ və Avropada seçki kampaniyaları dövründə Qərbin Rusiyanın xeyrinə danışıqlar üçün Kiyevə təzyiqlərini xeyli gücləndirə və Kremli gələcəkdə münaqişəni təzələməsi üçün şərait yarada bilər: "İndi hər şey Rusiyanın öz qüvvələrini bu yay olacağı gözlənilən hücumu haradan başlaması qərarından asılıdır. Şimalda Xarkov və Sumıdan cənubda Odessaya qədər Rusiyanın raket və PUA zərbələri qeydə alınır. Son həftələrdə infrastruktur hədəflənir. Rusiyanın əsas hücumu hara edəcəyini təxmin etmək çətindir".

Yazıda adı çəkilməyən yüksək rütbəli Ukrayna hərbçilərinə istinadla qeyd olunur ki, yalnız Ukraynanın cəsarəti və dözümlülüyü, habelə rus komandirlərinin səhvləri acınacaqlı dinamikanı dəyişə bilər: “Biz Avdeyevka yaxınlığındakı döyüşlərdə rusların ən böyük tank hücumu kimi səhvlərdən danışırıq”.

Yüksək rütbəli ukraynalı zabitlər xatırladıblar ki, Rusiyanın səhvlərinə arxalanmaq ciddi strategiya deyil. Onlar Ukraynanın həm Qərbin, həm də Ukraynanın səhvlərindən, Qərbin gecikmələrindən, silah sistemlərinin çox gec göndərilməsindən və kifayət qədər olmamasından hiddətləndiklərini gozlətməyiblər: “Zalujnı bunu "bir hadisənin müharibəsi" adlandırırdı. Onun nəzərdə tutduğu o idi ki, silah sistemləri çox tez bir vaxtda öz effektivliyini itirir, çünki ruslar qısa müddətdə onlara qarşılıq tapa bilirlər. Məsələn, biz "Storm Shadow" və "SCALP" qanadlı raketlərindən yalnız qısa müddətdə çox uğurla istifadə etdik. Ruslar həmişə öyrənirlər və bizə ikinci şansı vermirlər, bu işdə uğur qazanırlar”.

Zabitlər bildiriblər ki, tank əleyhinə raketlərin vaxtında gəlməsi Kiyevi xilas etməyə və 2022-ci ilin noyabrında Rusiyanı Xersondan sıxışdırıb çıxarmağa imkan verib: “Lakin biz çox vaxt silah sistemlərini ehtiyac duyduğumuz anda almırıq. Onlar artıq əhəmiyyət kəsb etməyən zaman gəlirlər”.

Buna misal kimi hətta “F-16” döyüş təyyarələri göstərilir: “Hər silahın öz vaxtı var. “F-16”-lara 2023-cü ildə ehtiyac var idi, onlar 2024-cü il üçün artıq əvvəlki qədər uyğun olmayacaqlar".

Ukraynalı hərbçilər deyiblər ki, Ukrayna hələ də Qərbin təyyarələrini qəbul etməyib, lakin Rusiya artıq onlara qarşı durmağa hazırdır. Zabit izah edib ki, Rusiya artıq “S-400” raket və radar sistemlərini “F-16”-ları cəbhə xəttindən və Rusiya logistika mərkəzlərindən uzaq tutaraq hədəfə ala biləcəkləri ərazini maksimum dərəcədə artırmağı hesablayıblar.

Zabitlər həmçinin bildiriblər ki, onların indi daha çox əsas ənənəvi silahlara, eləcə də dronlara ehtiyacları var: "Bizə haubitsalar və mərmilər, yüz minlərlə mərmi və raketlər lazımdır... Biz həmişə Qərb tərəfdaşlarımıza demişik ki, bizim döyüş təcrübəmiz, döyüş anlayışımız, onların isə resursları var. Onlar bizə nə lazımdırsa verməlidirlər”.

Yazıda qeyd olunur ki ukraynalı zabitlər canlı qüvvə sarıdan da ordunun əziyyət çəkdiyini bildiriblər: "Zabitlər vurğuladılar ki, onların daha çox canlı qüvvəyə ehtiyacı var. Hazırda ölkədə cəbhə xəttində kişilər çatışmır və bu, kifayət qədər olmayan Qərb dəstəyi problemini daha da gücləndirir”.

Bununla belə, Ukrayna Rusiyanın gözlənilən hücumu öncəsi yeni böyük səfərbərlik mərhələsinə hələ də başlamayıb. Yazıda qeyd olunur ki, Ukrayna hakimiyyəti hərbi xidmətdən yayınma fonunda səfərbərlik tədbirlərinin gətirə biləcəyi siyasi nəticələrdən narahatdır: “Keçmiş baş komandan Zalujnı dekabrda açıq şəkildə əlavə qoşunların səfərbər edilməsinə çağırırdı və hesab edirdi ki, Ukraynanın cəbhədə ən azı əlavə 500 min insana ehtiyacı var.

Keçən həftə yeni Baş Komandan Aleksandr Sirski isə qəfildən dedi ki, Ukraynaya çoxlu sayda qoşun lazım olmaya bilər: "Resursları təhlil etdikdən sonra bu rəqəm xeyli azaldı və biz gözləyirik ki, bizdə vətəni müdafiə edə biləcək kifayət qədər insan olacaq. Mən təkcə səfərbər olunanlardan deyil, həm də könüllü döyüşçülərdən danışıram".

Lakin “Politico”-ya danışan yüksək vəzifəli zabitlər Sırskinin səhv etdiyini və "siyasətçilərin narrativləri ilə oynadığını" söyləyiblər. Yazıda xatırladılır ki, çərşənbə axşamı Zelenski köhnə səfərbərlik qanununa minimum çağırış yaşını 27-dən 25 yaşa endirən əlavələri imzalayıb.

Qəzetə danışan yüksək rütbəli Ukrayna hərbçisi deyib: "Bizim təkcə hərbi yox, həm də siyasi böhranımız var. Rusiya indi öz resurslarını toplayır və təxminən avqustda, bəlkə də daha əvvəl böyük hücuma keçməyə hazır olacaq. Ukrayna isə böyük səfərbərlikdən yayınır".

azpolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR