Saat:20:01
Haqqımızda

Uitkoffun Moskva səfərindən nə gözlənilir?

2025-12-01 20:47:00

Uitkoffun Moskva səfərindən nə gözlənilir?

Elxan Şahinoğlu: “Moskvanın dəyişilmiş planı qəbul edəcəyi ehtimalı çox da yüksək deyil”

Məhəmməd Əsədullazadə: “Uitkoffun Rusiyaya səfərindən müsbət nəticə gözləmirəm”

Cenevrə görüşündən sonra, Amerikanın Florida ştatının Mayami şəhərində Ukrayna və Amerika Birləşmiş Ştatlarının nümayəndə heyəti arasında görüş keçirilməsi Rusiya-Ukrayna qarşıdurmasının diplomatik həllinə yonəldilmiş addım olsa da, hələ ki, bu istiqamətdə belə görüşlərin keçiriləcəyi birmənalıdır. Çünki hər iki dövlətin qəbul etmədiyi şərtlər var və biri-birinə güzəştə getmək istəmirlər. Ukrayna Prezidenti Volodimir Zelenskinin dünənki (srağagün – red.) Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşünün yekunları ilə bağlı fikirləri də bunu deməyə əsas verir. Belə ki, Zelenskinin sözlərinə görə, hələ üzərində işləniləsi çətin məsələlər var.

Maraqlıdır ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun Moskvaya səfərindən müsbət nəticə gözləməyə dəyərmi?

Mövzu ilə bağlı fikirlərini bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Hürriyyət”ə deyib ki,  Donald Trampın ilkin planı Ukraynanın maraqlarına zidd idi: “Bu, faktiki Ukraynanın kapitulyasiyası demək idi. Ona görə, Ukrayna düzəlişlər etməyə çalışdı. Avropa İttifaqı da həmin plana düzəlişlər etdi və indi Amerika ilə Ukrayna arasında təmaslar davam edir. Düzəlişlərdən sonra, planda bir qədər Ukraynanın maraqlarının nəzərə alındığı haqqında müəyyən mülahizələr  var. İndi Zelenski özü də Vaşinqtona getməlidir. Bu məsələləri razılaşdırmalıdır ki, dəyişikliklərdən sonra plan Ukraynanın təhlükəsizlik maraqlarına zidd olmasın. Sonrakı mərhələdə isə artıq Moskva ilə bu məsələlər razılaşdırılmalıdır. Onsuz da Moskva ilə Vaşinqton arasında təmaslar indi də gedir. Birləşmiş Ərəb Əmirliklərində ikitərəfli, üçtərəfli təmaslar da gerçəkləşir”.

E.Şahinoğlunun fikrincə, Moskvanın dəyişilmiş planı qəbul edəcəyi ehtimalı çox da yüksək deyil: “Çünki Putin yenə də bəyan edir ki, işğal etdiyimi etmişəm, etmədiyimi də Rusiyaya təhvil verməlidirlər. Buna Ukrayna heç zaman getməz”.

 “Ukraynanın özündə çox gərgin proseslər baş verir, korrupsiya qalmaqalları artıb. Prezident Administrasiyasının rəhbəri Yermak istefa vermək məcburiyyətində qalıb. Zelenskini mövqeyini bu hadisələr də zəiflədir. Ola bilsin ki, Ukraynada Zelenskini istefa tələbləri artsın. Amma belə vəziyyətdə Zelenski istefaya getsə belə, müharibə vəziyyətində Ukraynada prezident seçkisi keçirilməsinin özünün də çətinlikləri var. Aydındır ki, müharibə bitərsə, Zelenski özü də elan edib ki, artıq prezidentliyə namizədliyini irəli sürməyəcək”,-deyə politoloq əlavə edib.

E.Şahinoğlunun fikrincə, indiki vəziyyətdə Zelenskinin hakimiyyətdən getməsi Ukraynanın vəziyyətini daha da ağırlaşdıra bilər: “O, yəqin ki, Vaşinqtonla danışıqları davam etdirəcək ki, heç olmasa Rusiya ilə atəşkəsə nail olunsun”.

Milli Cəbhə Partiyasının sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə isə nəzərə çatdırıb ki, Moskvada keçiriləcək görüş Cenevrədə keçirilən danışıqların davamıdır: “Danışıqlarda pozitiv bir dinamika var. Görünür, yenidən dəyişdirilmiş planı Uitkoff Rusiyaya aparır, amma düşünürəm ki, Rusiya tərəfi bir o qədər də razı qalmayacaq. Mövcud durum təbii ki, kirtikdir. Əgər Ukrayna təkbaşına qalarsa, Amerika Birləşmiş Ştatları Administrasiyası Ukraynaya ciddi təzyiqlər edir, Ukraynanı kapitulyasiya aktına məcbur edə, Volodomir Zelenskini istefaya göndərə bilər. Amma burada Avropa ölkələri də həlledici faktordur, Böyük Britaniya, Almaniya, Fransa, həmçinin Polşa-bunlar Ukraynanın kapitulyasiya aktını imzalamasında maraqlı deyil və prosesdə Amerika Birləşmiş Ştatlarına təzyiq edirlər. Mən bu səfərdən də müsbət nəsə gözləmirəm. Çünki Rusiya öz mövqeyindən geri çəkilmir. Maksimum şərtlərində qalır, prinsipiallıq ortaya qoyub”.

M.Əsədullazadə qeyd edib ki, Amerika Birləşmiş Ştatları Rusiyanın mövqeyi qarşısında güzəştə gedir: “Təbii ki, bu, həm Ukrayna, həm də Avropa İttifaqı üçün qəbulolunmazdır. Amma göründüyü kimi, Amerika Birləşmiş Ştatları da artıq Ukraynanın suverenliyi, təhlükəsizliklə bağlı qayğılarını qəbul edir, xüsusilə dövlət katibi Mark Rubio bu məsələdə Ukraynanı dəstəkləyir, amma Uitkoff sanki Rusiyanın vəkilidir, Rusiyanın lobbiçiliyini idarə edir. Ona görə də Uitkoffun Rusiyaya səfərindən müsbət nəticə gözləmirəm. Çünki Uşakovla onun səs yazısı yayılıb və bu səs yazısında onun məhz Moskvanın lobbisi olduğu da aydın görünür”.

“Volodimir Zelenskiyə gəldikdə isə, təbii ki, Yermakın istefası ABŞ-ın təzyiqi idi. Zelenskiyə təzyiqin bir mexanizmi idi. Antikorrupsiya Bürosu konkret olaraq ABŞ-ın əlində Zelenski hökumətinə qarşı bir təzyiq alətidir. Göründüyü kimi, Rusiyanın da burada təsiri var, amma Zelenski diplomatik çeviklik göstərir və monolitliyi qoruyur. Burada təbii ki, Avropa dövlətlərinin Zelenski hakimiyyətinə ciddi dəstəyini istisna etməyə bilərik. Amma Volodomir Zelenskinin istefaya getməsi və yaxud ona sui-qəsd edilməsi də düşünürəm ki, istisna deyil. Çünki ABŞ tərəfindən ciddi təzyiq olunduğunu görürük”,-deyə politoloq əlavə edib.

CAVİD