Saat:04:51
Haqqımızda

"Üçüncü Dünya müharibəsi artıq olub, keçib" - Politoloq

2024-04-15 21:18:57

"Üçüncü Dünya müharibəsi İkinci Dünya müharibəsi başa çatan gündən davam edir. O, böyük dövlətlərin ərazisində getməsə də, ayrı-ayrı regionlarda qütbləşmiş güclər arasında gedən hibrid müharibələr kimi təzahür edir".

Hurriyyet.Az bildirir ki, bunu Redaktor.Az-a açıqlamasında politoloq Sədrəddin Soltan bildirib.

Onun sözlərinə görə, İran-İraq müharibəsi, yaxud Vyetnam müharibəsi, Əfqanıstan müharibəsi, Şimali və Cənubi Koreya müharibələri, Ermənistan - Azərbaycan müharibəsi, Rusiya - Ukrayna müharibəsi, bunların hamısı müharibədir və bunların hər birində tərəflər var və tərəflərin arxasında dayanan böyük güclər var:

"Odur ki, Üçüncü Dünya müharibəsi nə vaxtsa başlayacaq düşüncəsi yanlışdır. Üçüncü Dünya müharibəsi davam edir. Məsələn, bunun qiymətləndirilməsi necə gedir? Adətən böyük ölkələrin, güclərin ərazisində müharibə gedirsə, adət etmişik ki, onu tarixdən dünya müharibəsi kimi sayaq. Məsələn, Birinci Dünya müharibəsində dünyanın altı gücü arasında müharibə gedirdi, Avropa ölkələri, Böyük Britaniya, Fransa, İtaliya, Osmanlı İmperiyası, Rusiya. Hesab edirik ki, bu dünya müharibəsidir. Yaxud İkinci Dünya müharibəsində dünya cəbhələşmişdi, bir tərəfdə Almaniya və onun ətrafı, bir tərəfdə isə sovet, ABŞ və onun ətrafı. Dünyada cəbhələşmə vardı və faşizmə qarşı müharibə apardılar. Ukraynada bu cəbhələşmə yoxdurmu? Var. Ukraynanın arxasında Ramştayn anlaşması tərəfdarı olan 80-dən çox ölkə, Rusiyanın arxasında da Şimali Koreya, Çin, İran, sovetdən qalma sosialist düşərgəsinin təmsilçiləri, Kolumbiya, Nikaraqua kimi ölkələr var. Azərbaycanla Ermənistan müharibəsində Ermənistanın arxasında dünya dövləti yox idimi? Var idi, ən azından Fransanı hər kəs tanıyır, yaxud İran, Rusiya müdafiə edirdi. İndi İsrail - İran arasında müharibədə, yaxud baş vermiş məlum insidentdə tərəflərin arxasında dayanan qüvvələr var. İsrailin arxasında dayanan ABŞ, Böyük Britaniya və onların müttəfiqləri, İranın arxasında dayanan Çin, Rusiya və onların müttəfiqləri. Deməli, bütün hallarda, dünyanın istənilən bölgəsində mövcud münaqişə kəsiyi böyük güclərin ziddiyyətdədir, böyük güclər arasında ziddiyyət isə müharibədir. Yəni, terminologiya olaraq böyük güclər arasında davam edən silahlı münaqişəyə müharibə deyilir. Sadaladığımız bütün münaqişələrdə də böyük güclərin maraqları var və bu maraqlar birbaşa deyil, dolayı yolla iştirakda təzahür edir. Məsələn, Çin Rusiya - Ukrayna müharibəsində birbaşa iştirak etmir, amma Rusiyanın arxasında durmaqla dolayı yolla müharibənin iştirakçısıdır. Rusiya İranın İsraili vurmasında birbaşa iştirak etmir, amma onu siyasi, diplomatik və sair məlum olmayan səbəblərlə dəstəkləməklə bu məsələdə iştirak edir. İran - İsrail müharibəsi baş verməyib? Çoxdan baş verib. İran İsrailə qarşı Livandakı "Hizbullah", Yəməndəki "Husi", Fələstindəki HƏMAS, Suriyadakı "Zeynəbiyyun", "Fatimiyyun" kimi silahlı siyasi birləşmələr, Bəşər Əsədin qoşunu, yaxud İraqdakı "Həşdişəbid" kimi silahlı qruplaşmaları ilə İsrailə və ABŞ-nin regiondakı bazalarına hücumlar edirlər. Deməli, bu müharibə var. Müharibə yoxdursa, Suriya ilə İraq niyə o gündədir? Yaxud Yəmən niyə o gündədir? Niyə məsələn, Tunis, Liviya hələ də mərkəzləşib, özünə gələ bilmir?"

Politoloq söylədi ki, bütün bunların hamısı böyük güclər arasında gedən müharibənin müxtəlif formalarda təzahürüdür:

"İstər bu, hərbi olsun, istər siyasi olsun, istərsə də başqa formada olsun, güclər arasında müharibə həmişə var və Üçüncü Dünya müharibəsi artıq olub, keçib. İkinci Dünya müharibəsi bitəndən sonra, 50-ci illərdə Cənubi Koreya ilə Şimali Koreya arasında baş vermiş müharibə Üçüncü Dünya müharibəsi idi. Çünki onun bir tərəfində SSRİ, Çin, digər tərəfdə isə NATO ölkələri, o cümlədən Türkiyə, ABŞ və s. dayanırdı. Yəni bu müharibə var və davam etməkdədir".

Humay İSGƏNDƏRLİ

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.247793