Saat:11:56
Haqqımızda

Üçüncü Dünya Müharibəsi? - “Dünyanın bütün gücləri bölgədədir”

2023-01-31 17:11:00

Üçüncü Dünya Müharibəsi? - “Dünyanın bütün gücləri bölgədədir”

“Əslində, İsrail-İran müharibəsi uzun illərdir davam edir. Lakin bu, birbaşa dövlətlərarası savaş deyil, əksinə, proksi savaşdır”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli deyib.

Son günlər İran və İsrail arasında gərginliyin yenidən pik həddə çıxmasından söz açan siyasi şərhçi iki dövlət arasında baş verə biləcək açıq hərbi eksalasiyanın Üçüncü Dünya müharibəsinə çevrilmə ehtimallarına toxunub:

“Məsələn, İsrail İrandakı bəzi hərbi obyektləri bombalayır, amma bunu rəsmi şəkildə elan etmir. Rəsmi şəkildə elan etməsi artıq İrana qarşı müharibə elan etmək anlamına gəlir. Dövlətlərarası müharibənin ortaya çıxması isə dərhal həmin bölgədə müttəfiqlərin müdaxiləsi ilə müşayiət edilə bilər. Məsələn, Suriyada ABŞ əsgərləri var, eləcə də Suriyanın şimalında YPG/PYD yaraqlıları var və bunlar ABŞ-ın müttəfiqləridir. O cümlədən bölgədə İsrail, Türkiyə və Rusiya var. Rusiyanın Suriyanın şimal qərbində bir sıra bazaları mövcuddur. Hətta Suriyanın müəyyən hissələrində Çinin hərbi qüvvələrinin olmasıyla bağlı faktlar da var. Yəni dünyanın bütün gücləri bölgədədir.

İndi təsəvvür edək ki, belə bir savaş olsa, Ukrayna müharibəsi bunun yanında yalan olacaq. Savaş proksi formatda gedir. Bunlar İranın nüvə alimlərinin aradan qaldırılması, eləcə də İranın xarici ölkələrdəki mərkəzlərinin bombalanması istiqamətindədir. Üçüncü istiqamət isə İranın daxilində baş verən partlayışlarla bağlıdır. İran isə bunun qarşılığında SEPAH-ın "Qüds" Qüvvələri vasitəsilə Livan, Liviya və Fələstində terror aktları həyata keçirir. Digər ölkələrdə, xüsusən də Türkiyə və Azərbaycanda İsrail iş adamları, vəzifəli şəxslərlə bağlı sui-qəsdlər törədirlər. Yəni onlar öz ərazilərində açıq meydan savaşına keçməyiblər. İndiki məqamda isə savaşın açıq müstəviyə keçməsi müəyyən məsələlərə görə real görünmür”.

Ə. Əlibəylinin fikrincə, ən önəmli reallıq Ukrayna müharibəsidir:

“Bütövlükdə İsrail-İran müharibəsinin başlanması ən çox Rusiyaya sərf edəcək. İndi isə Qərbdəki heç bir gücü istəmir ki, ikinci bir savaş olsun və diqqət oraya yönəldilsin. Çünki Qərbin bölgədəki əsas müttəfiqi İsraildir. Müharibə başlasa, Rusiya Ukraynada qalib gələcək və Stalinin 40-cı illərdə etdiyi kimi, Putin də bütün Şərqi Avropanı işğal edəcək”.

2003-cü ildə Qərb koalisiyalarının İraqa müdaxiləsindən sonra məlum ssenarinin İranda təkrarlana biləcəyi ehtimalına şərh verən müsahibimiz söyləyib ki, İraq ssenarisinin təkrarlanma ehtimalı yüksək deyil:

“İranı xəritədən silsələr, güclü ərəb ölkələri və güclü Türkiyə məfhumu ilə üz-üzə qalacaqlar. Güclü ərəb ölkələri, ilk növbədə, İsrailə təhdid edir. Bütövlükdə İran-İsrail proseslərinə son günlərdə əsas münasibət bildirən 2 ölkə olub:  Böyük Britaniya və Fransa. Çünki indiki dini hakimiyyəti təsis edən və hakimiyyətə gətirən SSRİ və Fransa idi. Yəni bu, Şarl de Qolla Leonid Brejnevin layihəsi olub. Bu da onunla bağlı idi ki, İrandakı Məhəmməd Rza Pəhləvinin başında durduğu şah rejimi ABŞ-ın əsas müttəfiqi idi”.

Politoloq qənaətinə görə, indiki ssenari onu göstərir ki, İranla bağlı müharibə bütövlükdə hakimiyyət müharibəsidir:

“Mollaların hakimiyyətdən kənarlaşdırılması, yaxud da SEPAH-ın hakimiyyətdən getməsinə mesaj verilir. Yoxsa ortada İranın parçalanmasıyla bağlı mövzu yoxdur. Sadəcə İranda hakimiyyət dəyişikliyi məsələsi var. Son proseslər də onu göstərdi ki, İrandakı mühafizəkar-molla rejiminin hakimiyyətdən getməsi daha realdır. Əgər mövcud İran hakimiyyətini devirsələr, onda biz də həmin faktla razılaşmalıyıq ki, dini hakimiyyət dəyişəcək.

Müxaliflər arasında bəs kimin hakimiyyətə gəlmə imkanı var? Məncə, şah rejiminin elementlərinin hakimiyyətə gəlmə ehtimalı zəifdir. Eləcə də türklərin də hakimiyyətə gəlməsi zəifdir. Çünki Qacar və Əfşar elitasının hər hansı bir bazası yoxdur. Orada hərbçilər əsas güc kimi ortaya çıxır. Mənim də fikrim generalların hakimiyyəti ələ keçirməsi anlamına gəlir. İndiki halda dini hərbi hakimiyyətdirsə, bu dəyişəndən sonra İranda sadəcə hərbi hakimiyyətin qurulması ehtimalı daha real görünür”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR