Saat:05:36
Haqqımızda

Üçtərəfli görüşdə Makron da iştirak etməyə çalışarsa, O ZAMAN GÖRÜŞ ALINMAYACAQ

2024-02-13 10:49:07

Üçtərəfli görüşdə Makron da iştirak etməyə çalışarsa, O ZAMAN GÖRÜŞ ALINMAYACAQ

Elxan Şahinoğlu: "Bu il Şarl Mişel üçün Avropa İttifaqı rəhbərliyində son il ola biləcəyindən o, müxtəlif istiqamətlərdə, o cümlədən Azərbaycanla Ermənistan arasında vasitəçilikdə uğur qazanmaq istəyir"

Sahib Alıyev: "Qərbdəki çevrələrin seçkini boykot arzuları kimi, Azərbaycanı təcriddə saxlamaq planları da əgər vardısa, puç olub"

Aqşin Kərimov: "İrəvan fərqli məcraya getsə, o zaman Azərbaycan Ermənistanı görünməmiş streslərə məruz qoya bilər"

Bugünlərdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Mişel seçkilərdə qələbə münasibətilə İlham Əliyevi təbrik etdikdən sonra Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin müxtəlif aspektləri, xüsusilə energetika və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə olunub.

Avropa İttifaqı Şurasının prezidenti həmçinin, üçtərəfli formatda Brüsseldə Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında görüşlərin bərpa edilməsi ilə bağlı Prezident İlham Əliyevdən mövqeyini bildirməsini xahiş edib. İlham Əliyev isə öz növbəsində, Azərbaycanın həmişə Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşləri dəstəklədiyini bildirib. Ardınca Ermənistanla Azərbaycan arasında sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparılıb, Azərbaycan Respublikasının Prezidenti Administrasiyası və Ermənistanın baş nazirinin aparatı arasında dekabrın 7-də ikitərəfli əsasda qəbul edilmiş birgə bəyanatın irəliyə doğru mühüm addım olduğu vurğulanıb.

Bu arada, onu da nəzərinizə çatdıraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan isə "Mülki müqavilə" partiyasının regional qurultayında çıxışı zamanı sülh danışıqları mövzusuna toxunub və "Açıq şəkildə bildirməliyik ki, bizim Ermənistan Respublikasının ərazisi ilə bağlı anlayışımız Ermənistan SSR ərazisi ilə bağlı anlayışımızla tam üst-üstə düşür və biz öz siyasətimizi bunun əsasında aparırıq", deyə qeyd edib. Bu barədə axar.az-da yer alan informasiyaya görə, Paşinyan bu gün biz ərazi və xəritə haqqında məlumatların yazıldığı Ermənistan kadastr sertifikatını düzəltdiklərini bildirib. Hazırda ölkəsinin minalanmış sahədə olduğunu vurğulayan Paşinyan əlavə edib ki, bu minalanmış sahədən çıxmaq üçün çox yol yoxdur və hətta yalnız bir çıxış yolu olduğu üzə çıxa bilər: "Vəziyyəti qiymətləndirmək, bu vəziyyəti ictimaiyyətlə bölüşmək, vəziyyətdən çıxmaq və ya bu vəziyyətdən çıxmaq yollarını göstərmək, o cümlədən bu yolun risklərini, eyni zamanda mümkün üsul və vasitələri göstərmək, bu riskləri idarə etmək və razılaşma ətrafında ictimai rəy formalaşdırmaq hakim siyasi qüvvənin vəzifəsidir". O hesab edir ki, həqiqəti danışmaq lazımdır: "Səhv addım atarsa, bu minalanmış sahədə partlayacağını ictimaiyyətə çatdırmağa borcluyuq".

"Sülh və ya çərçivə sazişinin Brüsseldə imzalanması üçün Paşinyan Azərbaycanın ərazi bütövlüyünü ifadə edən bəndin qəbuluna və Ermənistan Konstitusiyasının yenilənməsinə razı olmalıdır"

Beləliklə, "Hürriyyət" xəbər verir ki, mövzu ilə bağlı mövqeyini bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, əgər Brüsseldə keçirilməsi planlaşdırılan üçtərəfli görüşdə Emmanuel Makron da iştirak etməyə çalışarsa, o zaman görüş alınmayacaq: "Dövlət başçısı İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin xahişi üzərinə Ermənistanın baş naziri Nikol Paşinyanla yenidən Brüsseldə görüşə biləcəyini söyləyib. Bunun üçün əsas şərt görüşün üçlü formatda təşkilidir. Masada Fransa prezidenti Emmanuel Makron da yer almağa çalışarsa, görüş alınmayacaq və rəsmi Bakı üçün Brüsselin vasitəçiliyi yenə arxa plana keçəcək. Bunu Şarl Mişel də anlamamış deyil. Şarl Mişel üçün bu görüş həm də ona görə vacibdir ki, Avropa İttifaqı ölkələrində seçkilər keçiriləcək və bunun əsasında birliyin icra strukturları yenidən formalaşacaq. Yəni, 2024-cü il Şarl Mişel üçün Avropa İttifaqı rəhbərliyində son il ola bilər. Buna görə də Mişel son ilində müxtəlif istiqamətlərdə uğur qazanmaq istəyir. Bu istiqamətlərdən biri də Azərbaycanla Ermənistan arasında vasitəçilikdir".

Politoloqun sözlərinə görə, Şarl Mişel digər avropalı rəsmilərdən fərqli olaraq iki ölkə arasında balansı pozmur və İlham Əliyev bunu müsbət qiymətləndirir: "Əslində sülh sazişinin və ya çərçivə sazişinin Brüsseldə imzalanması həm Bakının, həm də İrəvanın maraqlarına cavab verər. Ancaq bunun üçün Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü ifadə edən bəndin qəbuluna və özündə ərazi iddiası əks etdirən Ermənistan Konstitusiyasının yenilənməsinə razı olmalıdır".

"Paşinyan parlamentdəki çıxışında konstitusiyalarında ölkəmizə qarşı ərazi iddiası irəli sürüldüyünü daha konkret şəkildə dilə gətirərək onun dəyişdirilməli olduğunu vurğulayıb"

Avropa İttifaqı Şurasının prezidentinin ölkə başçısı İlham Əliyevə 7 fevral seçkisində qazandığı qələbəyə görə zəng etməsini və "yeni mandatın icrasında uğurlar" arzulamasını adi təbrik saymadığını deyən millət vəkili Sahib Alıyev isə bu qənaətdədir ki, Şarl Mişel makronlardan fərqli olaraq Azərbaycanın öz torpaqları üzərində suverenliyinin tam təminini qəbullanıb və danışıqlar prosesinin məhz bu reallıqdan çıxış edilərək irəliləməsi tərəfdarıdır: "Bildiyiniz kimi, Azərbaycan Prezidenti 7 fevral seçkisində doğmalarıyla birgə Xankəndidə səs vermişdi. O bununla yırtıcı güclərin "miatsum"çuları öz qanadları altında təzədən Qarabağa yeridə bilməyəcəklərini, "status"la "Stepanakert"in eyni yerdə olduqlarını, Makron kimilərin bu məsələdə sadəcə Şeyx Nəsrullahlıq etdiklərini sərgiləmişdi. Şarl Mişel çox təcrübəli siyasətçi olaraq təbii ki, bunu yaxşı dərk edir. Və dərk edə-edə bir çox dövlətlərin prezidentləri kimi cənab İlham Əliyevi qazandığı qələbəyə görə təbriki müsbət bir reallığı üzə çıxarır. O da budur ki, Avropa İttifaqı Şurasının Prezidenti makronlardan fərqli olaraq Azərbaycanın öz torpaqları üzərində suverenliyinin tam təminini qəbullanıb və danışıqlar prosesinin məhz bu reallıqdan çıxış edilərək irəliləməsi tərəfdarıdır. Ona görə də cənab Mişelin Brüsseldə üçtərəfli formatda görüşlərin bərpasıyla bağlı xahişinə Prezident İlham Əliyev müsbət cavab verib. Rəsmi xəbərə görə dövlət başçımız Azərbaycanın həmişə Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşləri dəstəklədiyini deyib. Diqqət yetirin, Makron və digərlərinin yox, məhz Şarl Mişelin təşəbbüsü ilə keçiirlən görüşün dəstəkləndiyi bildirilir. Və göstərilir ki, Xankəndidə verilən səsvermədə də əsas məqsəd məhz regionda sülhün təmini, bu şəhərin adı çəkiləndə indən sonra göz önünə ilk növbədə Qarabağ Universiteti kimi təhsil mərkəzinin gəlməsidir".

Millət vəkili qeyd edib ki, Şarl Mişelin Azərbaycan Prezidentinə zəngi ilə eyni gündə Ermənistanın baş naziri parlamentdəki çıxışında konstitusiyalarında ölkəmizə qarşı ərazi iddiası irəli sürüldüyünü daha konkret şəkildə dilə gətirərək onun dəyişdirilməli olduğunu vurğulayıb: "O, eyni zamanda sülh anlaşmasının mətnində "tərəflərin öz qanunvericiliklərinə istinadla üzərlərinə götürdükləri öhdəlikdən imtina edə bilməyəcəkləri haqda hər iki ölkənin artıq razılaşdırdığı bir maddə"nin olduğunu da etiraf etdi. Beləliklə, Brüssel danışıqları öncəsi hansı hazırlıqların görüldüyü və görülməli olduğu təqribən bəllidir ki, elə həmən Ermənistan parlamentindəkilərin bir çoxu bunun məhz Azərbaycanın diqtəsi altında baş verdiyini bildirirlər. AŞPA-da baş verənləri Qərbin, ölkəmizi artıq təcriddə saxlayacağı kimi dəyərəndirib bunu bayram edənlər yəqin telefon danışığı zamanı cənab Mişelin "Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin müxtəlif aspektləri, xüsusilə energetika və nəqliyyat sahəsində əməkdaşlığın" üzərində ayrıca dayanmasının, axırıncı məsələ ilə bağlı "konkret layihələr"in varlığından söz salmasının nə demək olduğunu yəqin anlayırlar. Anlayırlar ki, Qərbdə bağlı olduqları çevrələrin seçkini boykot arzuları kimi, Azərbaycanı təcriddə saxlamaq planları da əgər vardısa, puç olub".

""Miatsum"çuların "Arsax"ın varlığı üçün ən böyük dayaq saydıqları Rusiyanın Azərbaycandakı səfiri Yevdakimovun dövlətimizin yaratdığı geosiyasi reallığa dayanaraq dilə gətirdiyi "Qarabağ məsələsi bitib" sözləri isə onu göstərir ki, "armenikum", yaxud da onun əvəzedicisi burada da işə yaramayacaq"

Sahib Alıyevin sözlərinə görə, Ermənistan parlamentinin Paşinyanın tərəfdarlarından olan üzvü Armen Xaçatryanın "dördüncü, bəlkə də beşinci nəsil silah" istehsalına başladıqları və belə davam etsə, 1-2 ilə dünyada "yüksək texnologiya sahəsində hay uğuru"ndan danışılacağını deməsi onu göstərir ki, qonşularımız yenə öz amplualarındadır: "Bir zamanlar da, başda prezidentləri olmaqla "bəşəriyyəti xilas edəcək dərman" hazırladıqlarından dəm vururdular, adını da "armenikum" qoymuşdular. Təbii ki, bu dərman haqda dedikləri də "soyqırım"ları, "məğlubedilməz"likləri və sair kimi uydurma idi, "armenikum"dan bəşəriyyətə heç bir nicat olmadı. Yəqin indi onun köməyi ilə "Arsax"ı diriltməyə çalışırlar və həmən "armenikum" dönüb olub "dördüncü, bəlkə də beşinci nəsil silah". "Miatsum"çuların "Arsax"ın varlığı üçün ən böyük dayaq saydıqları Rusiyanın Azərbaycandakı səfiri Yevdakimovun dövlətimizin yaratdığı geosiyasi reallığa dayanaraq dilə gətirdiyi "Qarabağ məsələsi bitib" sözləri isə onu göstərir ki, "armenikum", yaxud da onun əvəzedicisi burada da işə yaramayacaq".

"Nikol Paşinyanın ikibaşlı mövqeyi Rusiyanın sülh proqramı üzərindən Qərblə hibrid mübarizəsinə aşkar şərait yaradır"

Siyasi şərhçi Aqşin Kərimov isə bildirib ki, Azərbaycanla Ermənistan arasındakı danışıqlar və əldə edilən hər hansı irəliləyiş sülh gündəliyinin hansı məsafədə olmasını təyin edir: "Məsafə isə qaldıqca ortaya başqa problemlərin çıxması qaçılmaz olur. Bu, hələ sülh proqramı ilə bağlı müqəddimədə yaranan problemlərin məcmusudur, daxilə endikcə hər detal üzrə mürəkkəbliklər çılpaqlığı ilə üzə çıxacaq. Çünki sülhün necəliyinə dair Azərbaycanla Ermənistanın məntiqləri fərqlidir. Bakı özünün yaratdığı geosiyasi reallıqları üstün və topdağıtmaz mövqedə saxlamaq üçün səylərini əsirgəmir. İrəvan region üçün kritik təhlükəsizlik problemləri vəd edən ideyalardan birdəfəlik əl çəkdiyini rəsmiləşdirməyib. Hələ Qarabağ münaqişəsinin mövcud olduğu regional reallıqlarda meydan sulamağa çalışan Ermənistan dövləti və onun baş naziri Nikol Paşinyan Qarabağı ayrıca subyekt kimi göstərən bukletlərin fotolarını paylaşmışdı. Bu, o ərəfədə baş vermişdi ki, həmin dövrdə müdafiə naziri olmuş David Tonoyan səhnəyə çıxaraq "yeni ərazilər üçün yeni müharibələr" doktrinasını bəyan etmişdi. Təbii ki, o zamandan bu yana çox şey köklü şəkildə dəyişib, Azərbaycan Qarabağ münaqişəsinə nöqtə qoyub, dövlət sərhədlərinə çıxış əldə edərək təhlükəsizlik yastığını bərkidib və regionda separatizmi məhv edib. Artıq həm Paşinyan, həm də onun hökumətində təmsil olunanlar Qarabağın adını çox ehtiyatla çəkir, təhlükəli bəyanatların verilməsindən narahat olduqlarını gizlətmirlər. Deməli, sülh və təhlükəsizliyə dair yanaşmalardakı ümumi ziddiyyətlərin konseptual qisimləri Azərbaycanın diktəli şərtləri ilə aradan qalxıb. Lakin Azərbaycan paradoksal məqamların sülh gündəliyinin gələcək detallarında gizlənməməsi üçün əlavə səy və təşəbbüslərini davam etdirir".

Siyasi şərhçi hesab edir ki, bu təşəbbüslər Bakının aktivinə yeni xallar yazdırır: "Lakin vaxt aralığında Ermənistanın da həm sülhə xidmət edən, həm də onun əksi olan mövqelərinə şahidlik edirik. Bu mənada Paşinyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyi mövzusundakı tezislərinin səmimi olmadığını görmək elə də çətin deyil. Çünki Ermənistan sülh gündəliyini Rusiya ilə Qərb arasında ikincinin xeyrinə seçim etməklə İrəvanın revanşizmi rejiminə kökləmək istəyir. Bunun geosiyasi nəticələri daha təhlükəlidir, ona görə ki, sülh proqramını əlinə almaq istəyən Qərb prosesin Rusiyaya qarşı “təmas xətti” kimi böyüməsinə tərəfdardır. Hərçənd ki, Paşinyan Böyük Britaniyanın nüfuzlu “Guardian” nəşrinə verdiyi müsahibədə ölkəsinin ABŞ, Fransa və ya digər tərəfdaşlarla təhlükəsizlik sahəsində əməkdaşlığının digər təhlükəsizlik sektoru tərəfdaşına qarşı yönəlmədiyini bildirib. Bu, o qədər də inandırıcı səslənmir, çünki Paşinyan dəfələrlə Rusiyadan incik düşdüyünü deməsi fonunda Qərblə əməkdaşlığın ruhunu misli görünməmiş səviyyəyə qaldırmaq istəyir. Paşinyanın belə ikibaşlı mövqeyi Rusiyanın sülh proqramı üzərindən Qərblə hibrid mübarizəsinə aşkar şərait yaradır. Moskva regionda geosiyasi mövqeyinin zəifləməməsi üçün Ermənistanı ən təhlükəli ip üzərinə çıxarmağa belə hazırdır. Sözsüz ki, burada Ermənistanın nəyisə qurban verib Qərbin əbədi damarlarından birinə çevrilməsi nəticələrini gözləmək proqnazlaşdırılabilən ssenarilər arasında deyil. Azərbaycan təkid edir ki, İrəvan ikitərəfli danışıqlar formatına üstünlük verməklə beynəlxalq oyunçulardan kiminsə əlinə oynamaqdan çəkinsin - bunun özünü İrəvan Ermənistanın təhlükəsizlik problemlərinin həllinə və regiondakı fiziki varlığına dəstək kimi də nəzərdən keçirə bilər. İkitərəfli formatda yekun nəticələr indiki mərhələ üçün çox çətin görünür, çünki Qərb platforması Ermənistanı Rusiyanın dişli çarxlarının arasına atır. Paşinyanın manevr etmək üçün Qərblə yanaşı, Rusiyanın da xoşuna gəlməyə çalışacağını istisna etməsək, regional geosiyasi qırılma xəttində Azərbaycan bölgədəki təhlükəsizliyini daha da bərkitmək çağırışını icra edəcək. Yəni Ermənistan sülh predmetlərini Rusiya ilə Qərbin geosiyasi rəqabət müstəvisinin işığında tutmağa çalışdıqca Azərbaycan vəziyyətə adekvat cavab hazırlıqlarını nümayiş etdirəcək".

"Azərbaycan Qərb platformasında Mişelin vasitəçiliyini daha səmimi sayır, lakin Fransanın prosesə müdaxiləsini birmənalı rədd edir"

Aqşin Kərimov qeyd edib ki, hələlik Azərbaycanın mövqeyi təmkinlidir, o, Fransa kimi ölkələrin regiondakı təxribatlarına uymur: "Azərbaycan üçün danışıqların Qərb və ya Rusiya mərkəzli olmasının fərqi yoxdur, o mənada ki, moderatorlardan hər hansı biri Bakıya öz şərtlərini diktə etməyə çalışmasın. Bu mənada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin İlham Əliyevə zəng edərək onu yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik etməsi diqqətəlayiqdir. Telefon danışığı zamanı Mişel üçtərəfli formatda Brüsseldə Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında görüşlərin bərpa edilməsi ilə bağlı Əliyevdən mövqeyini bildirməsini xahiş edib. Əliyev Azərbaycanın həmişə Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşləri dəstəklədiyini bildirib. Bu o deməkdir ki, Azərbaycan Qərb platformasında Mişelin vasitəçiliyini daha səmimi sayır, lakin Fransanın prosesə müdaxiləsini birmənalı rədd edir. Hər halda, Ermənistandan fərqli olaraq, Azərbaycan müdafiə qüdrəti və strateji planları fonunda regiondakı portfelini əhəmiyyətli şəkildə doldurur. İrəvanın Bakının tərtib etdiyi cədvələ uyğun hərəkət etmək məcburiyyətini üzərində hiss edib sülh gündəliyində güzəştlərə hazırlaşmağı seçməkdən başqa çarəsi qalmır. Yox, Ermənistan fərqli bir məcraya getsə və Azərbaycan bunu regional arxitektura üçün təhlükə kimi hiss etsə, o zaman fərqli ssenari gündəmə gələcək. Bu ssenaridə Azərbaycan Ermənistanı görünməmiş streslərə məruz qoya bilər. Mümkündür ki, Azərbaycan belə ssenariyə zərurət yaranacağı təqdirdə Ermənistanı güc tətbiqi yolu ilə demilitarizasiyaya əbədi məhkum etsin".

Vazeh BƏHRAMOĞLU

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.205310