Saat:12:21
Haqqımızda

Üç türk dövlətinin ortaq QAZ PLANI – İlham Şabanın ŞƏRHİNDƏ

2024-02-03 13:53:21

Üç türk dövlətinin ortaq QAZ PLANI – İlham Şabanın ŞƏRHİNDƏ

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Artıq 2024-cü ilin ilk ayı arxada qaldı və təqvim qışının sonuncu ayına qədəm qoyduq. Buna görə də qlobal bazarlarda qış mövsümü ilə bağlı verilən proqnozların özünü nə dərəcədə doğrultması ilə bağlı müəyyən fikirlər söyləyə bilərik.

Qlobal bazarlar

7 noyabr 2023-cü il tarixindən Avropa yeraltı qaz anbarlarından cəmi 35,2 mlrd kubmetr qaz götürüb, fevralın ilk gününə anbarlar hələ 70% doludur. Yanacaq ehtiyatının kifayət qədər olması isə bazardakı qiymətlərin “komfortlu şəraitdə” qalmasını təmin edən əsas şərt oldu. Yanvarın yekunu üzrə Avropada 1000 kubmetr qazın orta satış qiyməti 338 dolları keçmədi. Bu həftə isə 440 dollardan bir qədər baha satılıb.

Dünya bazarında neft qiymətlərinə gəldikdə isə...Yanvarda Brent markalı neft orta hesabla 79,15 dollara ticarət edilib. Baxmayaraq ki, son iki həftə 80 dollardan yuxarı qiymətə satılıb. Cari il üçün verilən proqnozların böyük əksəriyyəti neftin orta qiymətinin ötən ilki qiymətlər ətrafında, yəni bareli üçün 82,6 dollara yaxın həddə satılacağını nəzərdə tutur. İndi bu qrafikə nəzər yetirin. London birjasında Brent markalı neftin aylar üzrə cari ildə fyuçers müqavilə qiymətləridir.  Görürsünüzmü, avqust ayına qədər bazar iştirakçıları neft qiymətlərinin 80-dən aşağı düşmə ehtimalını təxmin etmirlər.

Azərbaycanda qaz istehlakı

“Azəriqaz” İstehsalat Birliyinin açıqlamasına görə, cari ilin yanvarında respublika üzrə qaz paylayıcı sistemə “mavi yanacağın” qəbulu 1 milyard 278 milyon 633 min kubmetr təşkil edib. “Azəriqaz” üzrə ən çox qəbul edilən gündəlik qaz qəbulu yanvarın 24-ü tarixinə  təsadüf edib: 47 milyon 376 min kubmetr. Fevralın 1-də isə bu göstərici 43 milyon 441 min kubmetr təşkil edib ki, bu da hava şəraitinin nisbətən mülayimləşməsi ilə əlaqədardır

“Azəriqaz”ın açıqlamasından o da məlum olub ki, ölkə ərazisində ümumi gündəlik qazın qəbulunun 59 %-i Bakı və Abşeron yarımadasının, 41 %-i isə regionların payına düşüb.

SOCAR-ın özəlləşməsi

Başa vurduğumuz həftənin ən cingiltili enerji hadisəsi Azərbaycan Dövlət Neft Şirkəti ilə bağlı oldu. Özü də uzun illər boyu bu haqda danışılmayan bir məsələ gündəmə gəldi. Söhbət özəlləşdirmədən gedir.

Bunun ictimailəşdirilməsi isə yanvarın 30-da İqtisadiyyat nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında baş verdi.

Xidmət rəsisi bildirib ki, 2024-cü ilin sonunadək iri dövlət şirkətləri və müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlərə dair təkliflər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim olunacaq.

Və elə bu yerdə həmin dövlət qurumlarının adlarını sadalayarkən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan “Azərikimya” İstehsalat Birliyindəki “Etilen-Polietilen” zavodunun, SOCAR-ın Karbamid və Metanol zavodlarının adlarını da bəyan edib.

Özəlləşmənin məqsədi.

Xidmət rəisi qeyd edib ki, bu təkliflərin hazırlanmasında məqsəd şirkətlərin satılması deyil, dövlətin iştirak payının azaldılmasıdır. “Bu proses, xarici şirkətlərə həmin müəssisələrdə iştirak payı əldə edərək investor olmağa kömək edəcək”, - deyə Eynullayev əlavə edib.

Onu deyim ki, bir məqsəd kimi çox yaxşıdır və deyərdim ki, hökumət hətta bir qədər yubanıb bu məsələlərdə. Çünki son illər zamanın özü çox sürətlənib, gərək çevik qərarlar verəsən, mütəhərrik addımlar atasan ki, gündən-günə artan rəqabət şəraitində istər regional, istərsə də daha uzaq bazarlarda özünə daimi müştəri əldə edə biləsən. Dayanıqlı qeyri-resurs gəlirinə malik olmaq asan məsələ deyil. 

İndi diqqətinizi SOCAR-ın özəlləşdirilməsi planlaşdırılan zavodlarının Avropa bazarları ilə ticarət göstəricilərinə çəkmək istərdim.

AvroStatın məlumatına görə, Avropa İttifaqı ölkələri 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan 129,6 min ton karbamid idxal edib ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 2,1 dəfə çoxdur.

2023-cü ildə Azərbaycan boya sənayesi üçün əvəzedilməz yarımfabrikat kimi çıxış edən metanolun təkcə Avropa ölkələrinə ixracında böyük uğurlar qazanıb. Ötən ilin 11 ayında Avropa Azərbaycandan 216,3 min ton metanol idxal edib.

Oxucularda belə bir sual yarana bilər ki, dövlət adətən problemli müəssisələrindən can qurtarmağa çalışır, bunlar ki, normal fəaliyyət göstərirlər, uzaq ölkələrdə belə özlərinə bazar qazanıblar.

Onda nədən bu cür müəssisələrdən uzaqlaşır? 

Burada bir neçə məsələnin çözülməsinə ehtiyac var. Əvvəla, dövlət bu müəssisələri satıb canını qurtarmaq yolunu tutmur. Müəssisələrdəki bazar payını azaltmaq niyyətindədir. Nəzarət paketini saxlayacaq ya yox, bunlar artıq gələcək investorlarla danışıqlardan və müəssisənin yeni hədəflərindən asılı olacaq.

İkincisi, bütün bu müəssisələrin böyük kredit yükləri var çiyinlərində. Yüz milyonlarla dəyərində, özü də manatla yox... onların zəmanətçisi isə hazırda dövlətdir. Dövlət bir tərəfdən tezliklə borc yüklərindən azad olmaq istəyir, digər tərəfdən dövlət büdcəsinə ödəmələrin də artırılmasını arzulayır və istehsalın çeşidinin artırılmasını da.

Bu da hədəflədiyi məsələlərin tam spektri deyil. Mətin Eynullayevin açıqlamalarına diqqət etsək, hökumət dövlət müəssisələrində institusional islahatların, restrukturizasiya və iqtisadi sağlamlaşdırma tədbirlərinin davam etdirilməsi vasitəsilə özəl investisiyaların cəlb edilməsinə nail olmaq, Azərbaycan Respublikası vətəndaşlarının dövlət müəssisələrinin idarəedilməsində iştirakının genişləndirilməsi, korporativ idarəetmənin tətbiqinin şaxələndirilməsi və qiymətli kağızlar bazarının inkişaf etdirilməsidir.

Ümidverici reytinq

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi bu həftə Azərbaycan hökuməti ilə SOCAR-ın vaxtı ilə 2014-cü ildə birgə təsis etdikləri “Cənub Qaz Dəhlizi” QSC-nin avrobondlarının xarici valyutada uzunmüddətli reytinqini “BB+” səviyyəsində təsdiqləyib.

Agentliyin məlumatına görə, reytinqin təsdiqlənməsi CQD-nin Azərbaycan hökumətinin tam zəmanəti ilə buraxılan və tədavülü 2026-cı ildə başa çatacaq 2 milyard dollar dəyərində olan avrobondları Azərbaycanın istiqraz sahiblərinə verilmiş zəmanətləri tam və vaxtında yerinə yetirmək öhdəliyini əks etdirir.

“Fitch” vurğulayır ki, artıq bütün layihələrin istismara verilməsi ilə əlaqədar 2024-cü ildə CQD-nin pul vəsaitlərinə ümumi tələbat “Şahdəniz”, Cənubi Qafqaz boru kəməri, TANAP və TAP layihələrindən daxilolmalar, eləcə də yığılmış vəsaitlər hesabına tam təmin ediləcək.

Yəni bunlar o deməkdir ki, Azərbaycan tərəfi 2013-cü ildə icrasına başladığı “Şahdəniz-2” və Cənub Qaz Dəhlizi üzrə 3 boru kəmərinin tikintisini həyata keçirmək üçün borc götürdüyü vəsaitləri hansısa problem olmadan qaytarır. Çünki bütün layihələr hazırda işlək vəziyyətdədir və onların fəaliyyətindən Azərbaycan tərəfi qazanc əldə edir.  

Azərbaycan-Türkiyə enerji əməkdaşlığı

Ötən həftə sonu Azərbaycana Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın başçılıq etdiyi nümayəndə heyətinin səfəri zamanı iki ölkə arasında enerji əməkdaşlığının mövcud vəziyyəti, gündəlikdə olan məsələlər və perspektiv layihələr müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazovla görüş zamanı Azərbaycandan Türkiyə və Avropaya təbii qazın nəqli, təchizatının stabilliyi və uzunmüddətli perspektiv üçün qaz əməkdaşlığı məsələlər nəzərdən keçirilib. Tərəflər həmçinin İğdır-Naxçıvan qaz kəmərinin inşası və bu il istismara verilməsindən irəli gələn məsələləri müzakirə ediblər.

Mənim diqqətimi çəkən bir maraqlı məqam isə bu görüşdə Türkiyə Cümhuriyyətinin ən böyük magistral qaz kəməri olan TANAP-ın genişləndirilməsi idi. 1850 km-lik boru kəmərinin hazırkı buraxıcılıq gücü ildə 16 milyard kubmetr qazı nəql etməkdir və onun gücünün 2 dəfəyədək artırılması planlaşdırılır. Amma genişləndirilmə işləri ilə bağlı məsələlər kompleks şəkildə həyata keçirilməlidir. Yəni hər üç kəmərdə bu işlər aparılmalıdır ki, Azərbaycan sonradan Avropa bazarına söz verdiyi 20 milyard kubmetrlik həcmi zamanında çıxara bilsin.

Üç türk dövlətinin qaz planı

Qonşu Türkiyə isə daha uzaq hədəflərə tuşlanmış layihələri gözdən keçirməyə başlayıb. Yanvarın 29-da Ankarada türkmən qazının Türkiyə vasitəsilə Avropaya nəqli ilə bağlı danışıqlar aparılıb.

Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, danışıqlarda “Türkmənqaz” və “Türkmenpetrol” dövlət şirkətlərinin nümayəndə heyətləri, bu ölkənin Ankaradakı səfiri Məkan İşanquliyev, həmçinin BOTAŞ-ın baş direktorunun müavini Mithat Aydının rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Burada bir maraqlı məqama diqqət yetirin. Yayılan məlumatda vurğulanır ki, danışıqlar 2022-ci ilin dekabrında Türkiyə, Türkmənistan və Azərbaycan prezidentlərinin Birinci Zirvə görüşü zamanı imzalanmış “Enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə dair Qarşılıqlı Anlaşma Protokolu” çərçivəsində baş tutub.

Rəsmi Ankaranın məqsədi ilk mərhələdə türkmən qazının Azərbaycan üzərindən Türkiyəyə nəqlinə nail olmaqdır, növbəti mərhələdə isə bu qazın Türkiyə vasitəsilə Avropa bazarlarına çıxarılması nəzərdə tutulur. Rəsmi Ankara bununla özünün qaz bazarının şaxələndirilməsi yönümündə yeni addım atdığını, həmçinin 2022-ci ilin oktyabrından gündəmə gələn Türkiyədə qaz qovşağı yaratmaq ideyasını gerçəkləşdirmək istəyini ortaya qoyur.

İstənilən halda 3 türk dövlətinin maraqları çərçivəsində reallaşmasına hesablanmış layihə alqışlanmalıdır. Rəsmi Bakı heç zaman türkmən qazının qabağında sipər olmayıb, əksinə Türkmənistanın enerji daşıyıcılarının dünya bazarlarına çıxışı üçün özünün imkanlarından yararlanmağı ortaya qoyub. Və bu sahədə aparılan əməkdaşlıq özünün də bəhrəsini verir.
2010-cu ilin iyul ayından Azərbaycanın əsas ixrac boru kəməri olan Balı-Tiflis-Ceyhan Türkmənistan neftinin böyük bazarlara nəqlində Xəzərin o tayındakı qonşumuz üçün açıqdır və ildən ilə də tranzit həcmlərin artımı müşahidə edilir. Türkmənistanın Draqon Oil, Petronas və Eni Türkmənistan kimi şirkətləri Xəzər dənizində hasil etdikləri neftin ticarətini faktiki olaraq BTC-nin köməyi ilə həyata keçirirlər.   

Qazın Xəzər üzərindən nəqlini çətinləşdirən məsələ onun kiçik məsafələrə gəmilərlə daşınmasının qeyri-rentabelliyindədir. Sualtı boru kəməri isə təkcə məsrəfli layihə deyil, indiki şəraitdə həm də Qərb-Şərq qarşıdurması zamanı siyasi riskləri kifayət qədər olan bir layihədir. Rəsmi Bakı bunun ilkin həllini artıq öz addımları ilə təsdiqləyib: yəni türkmən qazı Azərbaycan quru yolla da gələ bilər. Bu variantın daha böyük həcmlər üçün sınaqdan keçirilməsi də istisna deyil. Təbii ki, qarşılıqlı istək və lazımi mühit olan yerdə çox xəyalları reallığa çevirmək mümkündür.

Bizim.Media

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR