Saat:03:38
Haqqımızda

“Üç ildir ki, evimi söküb nə mənzil veriblər, nə də kompensasiya...” - Rəsmi açıqlama

2022-11-19 11:40:00

“Üç ildir ki, evimi söküb nə mənzil veriblər, nə də kompensasiya...” - Rəsmi açıqlama

“Sabunçu rayonu Rəsulzadə küçəsi 2 ünvanında köhnə ikimərtəbəli binanın ikinci mərtəbəsində evimiz var idi. Üç il əvvəl binamız “Premium Yaşam” şirkəti tərəfindən söküldü, iki ildən sonra yerində yeni bina tikib təhvil verdilər. Amma bizə nə binadan ev verildi, nə də kompensasiya verildi ki, gedib özümüzə ev alaq”.

Bu şikayətlə “Qafqazinfo”ya həmin binanın 52 saylı mənzilində yaşayan Xalidə Allahverdiyeva müraciət edib. 

Onun sözlərinə görə, sözügedən mənzili bacısı ilə birlikdə alıb və hər ikisinin ümumilikdə 8 nəfərlik ailə üzvü orada yaşayıb. O, həmçinin indiyə qədər evinin sökülməsi haqqında müqaviləyə imza atmadığını, mənzilinin öz razılığı olmadan söküldüyünü iddia edir: “İndiyə kimi 1 manat da olsun kirayə pulu almamışam, illərdir qohumlarımın evində yaşayıram. 110 kv metrlik mənzilim var idi. Sabunçu Rayon İcra Hakimiyyətindən gəldilər, komissiya təşkil elədilər, 110 kv evimi 88 kv metr hesabladılar. Dedim yaxşı, 88 kv metrdirsə, onda ona düşən əraziyə uyğun ev verin. Lakin onu da vermədilər. Dedilər ki, sizə 43 kv metr düşür. Mənim şikayətlərimdən sonra mənə 75 kv metrlə razılaşmağı təklif etdilər. Bildirdim ki, yerdə qalan əraziyə görə də pul ödənişi olunsun. Necə olur ki, bizdən aşağıdakı mərtəbədəki qonşuya 110 kv metr hesablanır, ona iki mənzil verilir, amma mənə 43 kv metr verilir? Evimin sökülməsindən üç il keçir, hələ də haqqım olanı ala bilməmişəm”.

X. Allahverdiyeva İcra Hakimiyyətindən dövlət qurumlarına şikayət eydiyinə görə onunla prinsip aparıldığını deyir.

Problemlə bağlı “Premium Yaşam” MTK ilə əlaqə saxladıq. Şirkətdən vətəndaş X. Allahverdiyevanı tanımadıqlarını, mənzili sökülən bütün sakinlərin evlə təmin olunduğunu bildirdilər: “Sakinlər əvvəlcə Sabunçu Rayon İcra Hakimiyyəti ilə müqavilə bağlayırdılar. Sonra ev ayrılırdı, bundan sonra onlar bizə yönləndirilirdilər. Kim ki İcra Hakimiyyəti ilə müqavilə bağlayıb, onların hamısı evlə təmin olunub. Xalidə Allahverdiyevanı isə biz tanımırıq”.

Şikayətçinin razılığı olmadan evinin sökülməsi məsələsinə gəlincə isə, inşaat şirkətindən bildirilib ki, söküntü sakinlərin razılığı ilə aparılıb: “Orada nə qədər sakin var idi, hamısı evlə təmin olunub. Sakinlər söküntü ilə bağlı icra hakimiyyətinə müraciət ediblər. Sonra bizə müraciət olunub və biz də bina inşa edib onlara təhvil vermişik. Ümumilikdə 61 sakin mənzillə təmin olunub”.

Şikayətlə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə də müraciət ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, X.Allahverdiyevaya məxsus 52 saylı mənzilin sahəsi onun israrlı təkidi ilə Bakı Şəhər İcra Hakimiyyətinin və Sabunçu RİH əməkdaşları tərəfindən bir neçə mütəxəssisin iştirakı ilə dəfələrlə ölçülüb və həmin mənzilin ümumi sahəsinin 29 kv.m olduğu müəyyən edilib: “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş RX seriyalı, 16.05.20213-cü il tarixli çıxarışda da həmin mənzilin sahəsi 29 kv metr olduğundan onun əvəzinə müvafiq olaraq 30 min manat məbləğində kompensasiya təklif olunub. Lakin Xalidə Allahverdiyeva həm birdəfəlik maddi yardımdan, həm də ki, öz yaşadığı mənzil sahəsindən 50% artıq təklif olunan - sahəsi 43kv.m, ikiotaqlı, tam təmirli mənzili götürməkdən imtina edib. Vətəndaş sakinlərin ümumi istifadəsində olan dəhliz sahəsinin və pilləkən qəfəsəsinin ona məxsus olduğunu iddia edərək o sahəyə görə də kompensasiya tələb edir. Daha böyük sahə üçün kompensasiya tələb edən vətəndaş qeyd olunan ünvanda yaşadığı gündən köçənə kimi mənzilin yerləşdiyi binanın saxlanması üçün xidmət haqqını 29 kv.m sahəyə görə ödəyib. Hətta onun əlavə kompensasiya tələb etmək üçün əsas gətirəcəyi qeyri-qanuni əlavə tikilisi belə olmayıb”.

İcra Hakimiyyətindən, həmçinin bildirilib ki, baş verə biləcək hər hansı bədbəxt hadisənin qarşısının alınması məqsədilə qeyd olunan qəzalı binanın sakinləri oradan köçürüləndən sonra bina sökülüb: “Vətəndaş Xalidə Allahverdiyeva isə ailə üzvləri ilə birlikdə mənzilini sökərək avadanlıqlarını və tikinti materiallarını özləri ilə aparıb. Əlavə olaraq, onun A.Əsədədullayev küçəsi döngə 1, ev 26 ünvanında sahəsi 70 kv.m olan fərdi yaşayış evi də var və bütün ailə üzvləri ilə birlikdə orada yaşayır. Ona təklif olunan sahəsi 43 kv.m olan mənzil digər bir vətəndaşa verildiyindən ona MTK tərəfindən daha böyük ölçüdə sahəsi 46 kv.m (öz yaşadığı mənzil sahəsindən 58% artıq) olan mənzil təklif olunsa da o, bu təklifdən də imtina edib. Buna görə də MTK tərəfindən saxlanılan həmin mənzil satılıb. X.Allahverdiyeva Rayon İcra Hakimiyyətində dəfələrlə qəbul olunub, ona hər bir vətəndaşa mənzilin qanuni sahəsinə uyğun Maliyyə Nazirliyi tərəfindən vəsait ayrıldığı ətaflı formada izah edilib və müvafiq məlumatlar verilib”.

Qeyd edək ki, Prezidentin tapşırığına əsasən, Rəsulzadə küçəsindəki sözügedən bina da daxil olmaqla Sabunçu rayonu ərazisində yerləşən 7 qəzalı bina sökülüb. Sakinlərin təhlükəsiziliyinin təmin edilməsi, təhlükəsiz əraziyə köçürülməsi üçün maliyyə vəsaiti ayrılıb.

Gülnar Əliyeva

 



 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR