Türkmən qazının Avropaya yolu açılır - mühüm gəlişmə

2021-11-30 10:51:00

Türkmən qazının Avropaya yolu açılır - mühüm gəlişmə

Üçtərəfli sazişin regional və beynəlxalq əhəmiyyəti böyükdür; əməliyyat İran üçün xilas kəməri rolunu oynayır, onun reallaşmasında Tehran hamıdan daha çox maraqlıdır.

İslam Əməkdaşlıq Təşkilatının Aşqabadda keçirilən toplantısı zamanı Türkmənistan, İran və Azərbaycan arasında qaz alqı-satqısı və nəqlinə dair müqavilə imzalanıb. “İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş” bilavasitə Azərbaycan və İran prezidentlərinin iştirakı ilə imzalanıb.

Sazişin imzalanmasından sonra İran mediasına müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev sənədin “çox böyük əhəmiyyəti” olduğunu deyib: “Bu, tarixi sənəddir. Bir daha İran-Azərbaycan əlaqələrinin nə qədər dərin olmasından xəbər verir. Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. Bu, üçtərəfli əməkdaşlıq üçün çox gözəl zəmindir və bizim niyyətimizi göstərir. İmzalanmış bu sənədin iqtisadi və enerji təhlükəsizliyi baxımından da çox böyük önəmi var”.

İran prezidenti Seyid İbrahim Rəisi də imzalanan sənədi yüksək qiymətləndirib: “Bu gün Azərbaycan, İran və Türkmənistan arasında imzalanan qaz sazişi ölkələrimizin əlaqələrinin, iki və üç ölkə arasındakı münasibətlərin inkişafına xidmət edəcək. Bu sahədə ciddi və çoxsaylı addımların atılması zəruridir və iki ölkənin iradəsi sayəsində ölkələrimiz arasındakı əlaqələr, o cümlədən iqtisadiyyat, ticarət, tranzit, mədəni sahələrdə əməkdaşlıq iki ölkə arasındakı əlaqələrin genişlənməsinə yönəlməlidir”.

Bakı ilə Tehran bir arada: Ermənistan bu dəfə də istəyinə çata bilmədi -  TƏHLİL

İran mediasının yazdığına görə, Azərbaycan, İran və Türkmənistan arasında imzalanan qaz mübadiləsinə dair üçtərəfli müqavilə (SWAP) dekabrın 1-dən qüvvəyə minəcək, lakin müqavilə üzrə qazın nəqlinə 2021-ci il dekabrın 25-dən başlanacaq. Azərbaycan İran vasitəsilə Türkmənistandan gündə 5-6 milyon kubmetr, ildə 1,5-2 milyard kubmetr qaz alacaq. Bu sövdələşmədən əldə ediləcək qazanc sayəsində İran öz qazını ölkənin beş bölgəsinə yönəldə biləcək.

SWAP sxemi o deməkdir ki, Türkmənistan qazının Azərbaycana tədarükü üçün Aşqabad öz yanacağını İrana, İran isə öz növbəsində Azərbaycana tədarük edəcək. Üçüncü ölkələr vasitəsilə belə ixrac sxemləri karbohidrogenlərin birbaşa ötürülməsi üçün hazır infrastruktur olmadıqda istifadə olunur.

Uzun illər boyu türkmən qazının yeganə çıxış yolu Rusiya üzərindən olub. Lakin Moskvanın getdikcə daha çox güzəşt istəməsi fonunda Türkmənistan alternativlər tapmaq üçün hərəkətə keçib. Çox axtarmaq da lazım gəlməyib - qonşu Çin və İranla tezliklə anlaşmalar əldə olunub. 2009-cu ildə Çin Türkmənistanın ən böyük qaz yataqlarından biri olan “Qalkınış”ın işlənməsi, qazın Çinə çatdırılması infrastrukturunun yaradılması üçün 4 milyard dollar kredit ayırıb. 2011-ci ildə eyni məqsədlə daha 4 milyard dollar da verilib. Borcu Aşqabad qazla ödəyirdi. 2021-ci ilin iyununda Türkmənistan Çindən aldığı bütün borcları bağladığını elan etdi. Çinin türkmən qazını neçəyə aldığı heç vaxt açıqlanmayıb. Yalnız 2020-ci ilin aprelində Çin statistika orqanının açıqladığı məlumatda qazın min kubmetrinin 227 dollara alındığı aydın olub. Bu ilin yanvarındakı qiymət isə daha aşağı - 187 dollar təşkil edib.

Turkmenistan's gas hurdles: no end in sight | Enpg

Çin rəsmi statistikasına əsasən 2021-ci ilin yanvar-oktyabr aylarında Türkmənistan ölkənin əsas boru qaz tədarükçüsü olub - 60 milyard kubmetr. Pekin Aşqabaddan qaz tədarükünü daha da artırmaq niyyətindədir. Belə ki, bir neçə həftə əvvəl məlum olub ki, Çinin "CNPC Chuanging Drilling Engineering Company Ltd" şirkəti “Qalkınış” yatağında yeni quyuların qazılması üçün elan edilmiş beynəlxalq tenderin qalibi olub. 30 aylıq layihəyə görə Türkmənistan şirkətin xidmət haqqını 3 il müddətində ona 17 milyard kubmetr qaz verməklə ödəyəcək.

Azərbaycanın Türkmənistandan İran üzərindən qaz alması Tehranla Aşqabad arasında uzun illərdir mövcud olan borc probleminin həllinə də təkan verəcək. Belə ki, ölkənin cənubunda böyük qaz ehtiyatlarına malik İran əsasən də qış aylarında şimal vilayətlərinin qaz təminatını həll etmək üçün 1997-ci ildən etibarən Türkmənistandan qaz idxal edir.

İran Türkmənistandan aldığı qazın pulunu ödəyə bilmədiyinə görə tərəflər 2017-ci ildə Beynəlxalq Arbitraja müraciət etmişdilər. Özü də təşəbbüskar İran tərəfi olmuşdu -  guya türkmən qazı çirkli olduğuna görə Tehran onun pulunu ödəmir. Türkmənistan İranın təşəbbüsünü dəstəkləyərək məhkəməyə üz tutdu. 2020-ci ildə Beynəlxalq Arbitraj İranın 2007-2013-cü illərdə aldığı qaza görə Türkmənistana 2 milyard dollar ödəməsinə dair qərar qəbul etdi. İran sanksiyalara görə pul köçürmələri həyata keçirə bilmədiyini əsas gətirərək hələ borcunu qaytarmayıb. Türkmənistan isə 2017-ci ildən İrana qaz tədarükünü dayandırmışdı.

İran tərəfi Aşqabada olan borcunu qaytarmaq niyyətindədir. Bu barədə İranın neft naziri Cavad Ovci oktyabr ayında Tehranda Türkmənistanın xarici işlər naziri ilə görüşdən sonra  jurnalistlərin suallarını cavablandırarkən məlumat verib. Onun sözlərinə görə, bu barədə İran prezidenti İbrahim Rəisi hökumətə və Mərkəzi Banka tapşırıq verib: “Tərəfimizdən irəli sürülən səmərəli təkliflərin sayəsində bu problemin həll olunacağına əminik”. Nazir həmçinin qeyd edib ki, Türkmənistanın İrana qaz nəqlini bərpa etməsi ölkələr arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində ilk addım olardı.

Təəssüf ki, Azərbaycan tərəfdən imzalanan sazişlə bağlı hər hansı açıqlama verilmir. Bu baxımdan, Türkmənistandan alınacaq qazın hansı məqsədlə istifadə olunacağı bilinmir: daxili istehlaka yönəldiləcək, yoxsa Avropaya ixrac olunacaq.

Azərbaycana Türkmənistandan nə qədər svop qazı tədarük ediləcək? - Məzmun  əsaslı sosial şəbəkə

Xatırladaq ki, Azərbaycan İran üzərindən svop yolu ilə Türkmənistandan əvvəl də qaz alırdı. 2016-cı ilin oktyabrında Azərbaycan, İran və Türkmənistan Azərbaycanın İrandan svop (swap) əməliyyatı çərçivəsində Türkmənistan qazını alacağı barədə razılığa gəlmişdilər. Bu müqavilənin sayəsində 2017-ci ildə SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) İrandan 1 milyard 761 milyon kubmetr, 2018-ci ilin üç rübündə isə 0,7 milyard kubmetrdən çox qaz idxal edib. Lakin 2018-ci ildən ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara görə həmin ilin oktyabrından bu əməliyyatlar dayandırılıb.

2018-ci ildə SOCAR rəsmiləri verdikləri açıqlamada Türkmənistandan alınan qazı Gürcüstana ixrac edərək gəlir əldə etdiklərini bildirmişdi. Bu isə o deməkdir ki, Aşqabaddan qaz kifayət qədər ucuz qiymətə alınır. Böyük qaz bazarlarına birbaşa çıxışı olmayan Türkmənistan öz məhsulunu nisbətən ucuz satmağa məcburdur. Bu baxımdan, Azərbaycanın qazı Aşqabaddan alıb öz daxili tələbatının ödənməsinə sərf etməsi və Avropaya daha çox məhsul tədarük etməsi kifayət qədər real görünür. Eyni zamanda bağlanan sazişlər Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya çıxışı prosesinin başlanğıcı da sayıla bilər. Nəzərə alsaq ki, ötən həftə ilk dəfə olaraq Azərbaycan qazını Avropaya çatdıran TAP kəmərinin genişləndirilməsi məsələsi müzakirə olunub, onda artacaq nəql həcmlərinin türkmən qazı ilə təmin olunacağı ehtimalının yüksək olduğunu da söyləyə bilərik.

İranla Azərbaycan arasında uzun illik svop əməliyyatı təcrübəsi var. Belə ki, hazırda Naxçıvan Muxtar Respublikasının qazla təminatı İranla svop əməliyyatları əsasında həyata keçirilir. Bu əməliyyata 2006-cı ildən başlanıb. SOCAR Astaradan qazı İran ərazisinə ötürür, İran Culfasından isə Naxçıvana qaz verilir. Muxtar respublikanın illik qaz istehlakı 260-300 milyon kubmetr ətrafındadır.

Azərbaycan İranla svop razılaşması olmasına baxmayaraq, Naxçıvanın digər mənbədən - Türkiyədən qazla təmin olunması istiqamətində bir sıra addımlar atıb. 2020-ci ilin dekabrında Azərbaycan və Türkiyənin energetika nazirlikləri arasında Naxçıvana təbii qazın tədarükünə dair anlaşma imzalanıb. Enerji məsələləri üzrə ekspert, “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, indiyədək İran tərəfi Naxçıvanın qaz təchizatında hansısa axsamaya yol verməyib: “Lakin İranın bu əməliyyat üçün müəyyənləşdirdiyi haqq çox yüksəkdir. Astaradan ötürülən hər min kubmetr qaza görə Naxçıvana 15 faiz az qaz verilir. Halbuki dünyada belə əməliyyatlar üzrə faiz dərəcəsi 5-dən yüksək deyil. Azərbaycan bir neçə dəfə tranzit şərtlərinin yumşaldılması ilə bağlı müraciətlər etsə də rəsmi Tehran razılaşmayıb. Bu baxımdan hesab edirəm rəsmi Bakının atdığı addım Naxçıvanın enerji təhlükəsizliyinin şaxələndirilməsi yönümündə ciddi addımdır və Tehrana ondan daim asılı olmamaq yönümündə bir mesajdır”.

Azərbaycan, İran və Türkmənistan arasında qazın svop tədarükü barədə  razılaşma imzalanıb - FOTO

İranın Türkmənistan qazını hansı şərtlərlə nəql edəcəyi açıqlanmır. Lakin nəzərə almaq lazımdır ki, Tehran özü Aşqabada borcludur, üstəlik, ölkənin şimal əyalətləri ciddi qaz çatışmazlığı yaşayır. Bu baxımdan, əməliyyat İran üçün xilas kəməri rolunu oynayır və onun reallaşmasında Tehran hamıdan daha çox maraqlıdır.

Çox maraqlıdır ki, Ermənistanda Azərbaycan, Türkmənistan  və İran arasında qaz nəqlinə dair müqavilə ciddi rezonansa səbəb olub. Erməni politoloqlar bu müqaviləni Türkiyənin Türkmənistan qazını Avropaya çatdırmaq yolunda ilk addımı kimi dəyərləndirirlər. Onların fikrincə, bu, Ankaranın Rusiyaya qarşı demarşıdır. Ermənistan mətbuatı bu iddialarla bağlı "İnterfaks"ın Rusiya Xarici İşlər Nazirliyinə yönləndirdiyi suala verilən cavabı tirajlamaqdadır. Nazirliyin MDB ölkələri ilə iş departamentinin rəhbəri Aleksandr Sternik bəyan edib ki, Rusiyanın Türkmənistan və Türkiyə ilə enerji və tranzit-ixrac sahəsində əməkdaşlığı şəffaf və səmərəli xarakter daşıyır: “Son vaxtlar ABŞ və onunla həmrəy olan tərəflərin səyi ilə enerji məsələsinin siyasiləşdirilməsi istiqamətində səylər hiss olunmaqdadır. Avropanın enerji təhlükəsizliyinə  Rusiyadan gələn hansısa təhlükə ilə bağlı boş söhbətlər səsləndirilir, Rusiyanın Avropa enerji bazarındakı rolunu azaldacaq hansısa ”layihələr" irəli sürülür. Yaşayarıq, görərik: bu ideyaların müəllifləri öz alternativlərinin bizim məhsulumuzdan üstün olduğunu nə qədər sübut edə biləcəklər".