Saat:10:14
Haqqımızda

Türkiyənin supergüc şifrəsi: Ərdoğanın sirri açılır, Bay Kamal "siyasi intihar"a yaxınlaşır

2023-05-27 21:37:00

Türkiyənin supergüc şifrəsi: Ərdoğanın sirri açılır, Bay Kamal

Prezident Rəcəb Tayyib Ərdoğan ikinci tur ərəfəsində yalnız müxalifətin vahid namizədi Kamal Kılıcdaroğlunu deyil, hətta Türkiyənin Qərbdəki qəddar rəqiblərini də məğlub etmək üzrədir... Bəzi Avropa Birliyi ölkələrində prezident Ərdoğanın liderlik etdiyi Türkiyə ilə yaxın keçmişdə strateji münasibətlərin qurulmasından imtinanın böyük səhv olduğu artıq etiraf edilməyə başlayıb...

Türkiyənin gələcək taleyini müəyyən edəcək prezident seçkilərinin ikinci turu yaxınlaşdıqca həyəcan da artır. Növbəti beş il ərzində Türkiyəni idarə etməyə iddialı olan hər iki siyasətçi demək olar ki, son seçki manevrlərini edirlər. Və tərəddüd edən seçicilərin səslərini öz aktivlərinə əlavə edə biləcəklərinə ümid bəsləyirlər.

Müxalifətin - "altılı masa"nın prezidentliyə vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğlunun da öz ilk tur təbliğatında və vədlərində müəyyən dəyişikliklər etməyə çalışması ilə diqqəti çəkir. Ona görə də, onun toplayacağı səslərin sayında böyük ehtimalla "altılı masa"nın üzərində deyil, altında olan partiyanın - HDP-nin mövqeyi müəyyən təsirə malik ola bilər. Və bu, hazırda müxalif namizədi narahat etməli olan əsas məqam kimi ön plana çıxmağa başlayıb.

Məsələ ondadır ki, HDP terrorçu PKK-nin siyasi qanadı kimi diqqəti çəkir. Bu siyasi qüvvə fəaliyyət təlimatlarını əsasən PKK-nın düşərgələrindən verilən mesajlar üzərindən alır. K.Kılıcdaroğlu seçicilərin millətçi təbəqələrinin səslərini almaq üçün "Zəfər" Partiyası ilə "siyasi bazarlığa" başlayıb, bozburd simvolu göstərdikdən sonra HDP ilə problemlərin yaranacağı gözlənilirdi. Ancaq PKK-dan "Bay Kamalı dəstəkləyin" mesajı gəldikdən sonra HDP ilk turdakı mövqeyinin dəyişmədiyini bəyan etdi.

442469.jpg (85 KB)Buna paralel olaraq, HDP müxalif namizədə onun bağlı qapılar arxasında verdiyi vədləri yerinə yetirməli olacağını xatırlatmağı da qətiyyən unutmadı. Yəni, dolayısı ilə HDP K.Kılıcdaroğluna seçki dəstəyini siyasi şantaj eyhamı ilə yüklədi. Bu baxımdan, HDP-nin siyasi dəstəyi əslində, hazırda müxalif namizədin seçki təbliğatında "qara dəlik" effekti yaradır. Və bu ziddiyyətli məqamların səsvermənin nəticələrinə necə təsir göstərəcəyi böyük maraq doğurur.

CHP liderinin prezidentlik xəyalları qarşısında daha bir əngəl seçkilərin ilk turundan sonra zəlzələ bölgəsindən olan seçkilərlə olan qalmaqallar hesab edilir. Çünki CHP-dən olan bəzi bələdiyyə başqanları və işadamları zəlzələ bölgəsindən alınan səslərin azlığından narazı qalmışdılar. Ona görə də, açıq şəkildə zəlzələdən zərər çəkənlərə yardımları dayandırdıqlarını bildirmişdilər. Üstəlik, sosial şəbəkələrdə həmin bölgədən olan seçiciləri ittiham və təhqir etmişdilər. Və bu səbəbdən də, Kamal Kılıçdaroğlunun ilk turda həmin bölgədən aldığı səslərin bu dəfə azalacağı gözlənilir.

Ümumiyyətlə, ikinci tur ərəfəsində müxalif namizədin buraxdığı səhvlərin sırası kifayət qədər genişdir. Ardıcıl olaraq, mövqeyini dəyişdirməsi, bir-biri ilə kəskin ziddiyyət təşkil edən və qeyri-real görünən vədlər verməsi müxalif namizədə etimadı zəiflədən əsas faktor sayılır. Hətta "altılı masa"da da çatların yarandığı, bu siyasi blokun seçkilərdən dərhal sonra dağılacağı bildirilir. Və bu baxımdan, məğlub olacağı təqdirdə, CHP lideri Kamal Kılıçdaroğlu üçün ikinci turun "siyasi intihar" seçkisinə çevrilə biləcəyi istisna edilmir.

Prezident Rəcəb Tayyib Ərdoğan isə ikinci tur ərəfəsində öz siyasi, iqtisadi və sosial vədlərini sabit saxlayıb. Onun seçici səslərində azalma deyil, daha çox artış gözlənilir. Üstəlik, ilk turda təxminən 5 faiz səs toplayan prezidentliyə namizəd Sinan Oğanı da öz tərəfinə çəkməyə nail olub. Və Sinan Oğana bunun müqabilində elə bir prinsipial xarakterli vəd verilmədiyi də bildirilir. Halbuki, Sinan Oğanın dəstəyi prezident Rəcəb Tayyib Ərdoğandan daha çox müxtəlif namizəd üçün həlledici xarakter daşıyırdı.

565c770aa8213eeefb211395ef6f9c1e.jpg (241 KB)

Bütün bunları nəzərə aldıqda, prezident Rəcəb Tayyib Ərdoğanın seçki qələbəsi üçün şərtlərin daha da gücləndiyi qətiyyən şübhə doğurmur. Türkiyə prezidenti öz qalmaqallı rəqabi qarşısında böyük üstünlüyünü qoruyub, saxlamaqdadır. Sosial-iqtisadi problemlərin mövcudluğuna baxmayaraq, prezident Rəcəb Tayyib Ərdoğan seçicilərin müxtəlif namizədin vəziyyəti düzəldə biləcəyinə əmin olmamasından faydalanmaq şansına sahibdir.

Prezident Rəcəb Tayyib Ərdoğanın tərəfdarları isə onun Türkiyəni beynəlxalq məkanda güclü hərbi-siyasi iradə mərkəzinə çevirə biləcəyinə qətiyyən şübhə etmirlər. Yəni, mövcud prezident Türkiyə seçiciləri qarşısında öz mövqeyini daha da möhkəmləndirməyə nail olub. Dəhşətli zəlzələdən sonra onun məğlubiyyəti barədə iddialar güclənsə də, o, çevik və qətiyyətli addımlarla fövqəladə problemləri belə, qısa müddətdə həll edə biləcəyini sübuta yetirdi.

Təbii ki, bu səbəbdən prezident Rəcəb Tayyib Ərdoğanın ikinci turu ərəfəsində seçkilərin əsas favoriti olması o qədər də təəccüblü deyil. Belə ki, adətən, milli böhranlar zamanı insanlar güclü lider ətrafında birləşməyə üstünlük verirlər. İndiki şəraitdə isə prezident Rəcəb Tayyib Ərdoğan öz zəif xarakterli siyasi rəqibini bu məsələdə açıq-aşkar üstələyir. Və son rəy sorğularına görə, onun ikinci turda öz rəqibini böyük fərqlə məğlub edəcəyi gözlənilir.

f5421420-397c-4206-8a5c-bb81e8b5bbaa.jpg (100 KB)Təbii ki, Türkiyə seçicilərinin beynəlxalq geopolitik proseslərə təsiri də qaçılmazdır. K.Kılıcdaroğlunun məğlubiyyəti ABŞ və Qərbi yenidən rəsmi Ankara üzərində öz nəzarət gücünü bərpa etmək şansından məhrum buraxacaq. Hətta seçkilərin ikinci turu ərəfəsində Qərb siyasi dairələrinin artıq indidən məyusluq keçirildiyi də müşahidə olunur. Çünki prezident Rəcəb Tayyib Ərdoğanın növbəti qələbəsinin ABŞ, Avropa Birliyi, Rusiya və Yaxın Şərq üçün taleyüklü təsirləri elə indidən təxmin edilməyə və mümkün nəticələri hesablanmağa başlayıb. Prezident Rəcəb Tayyib Ərdoğanın Qərbi əngəlləyib, Şərqi gücləndirən geopolitik manevrlərinin davam edəcəyi qətiyyən şübhə doğurmur.

Maraqlıdır ki, Avropa Birliyinin bəzi ölkələri prezident Rəcəb Tayyib Ərdoğanla münasibətlərin qurulmasında müəyyən səhvlərə yol verildiyi etiraf edilməyə başlayıb. Almaniya siyasi dairələri bu ölkənin keçmiş rəhbərliyini rəsmi Ankara ilə vaxtında strateji münasibətlər qurulmadığına görə qınayır. Əsas qənaət ondan ibarətdir ki, Almaniya öz maraqları çərçivəsində rəsmi Ankara ilə yaxınlaşmaq əvəzinə Türkiyə kimi önəmli dövlətin dəstəyini başqa ölkələrə güzəştə gedib.

Göründüyü kimi, prezident Rəcəb Tayyib Ərdoğan ikinci tur ərəfəsində yalnız K.Kılıcdaroğlunu deyil, hətta Qərbdəki Türkiyənin qəddar rəqiblərini də məğlub etmək üzrədir. Türkiyənin geopolitik yüksəlişinin əsas şifrəsi onun seçki qələbəsidir. Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi zəfərinin sirri isə böyük ehtimalla Türkiyə vətəndaşlarının etimadında gizlənir. Müxalif namizədə gəldikdəsə, yenə də böyük ehtimalla ikinci turun nəticələri Kamal Kılıçdaroğlu üçün siyasi intihar effekti yarada bilər.\\Musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR