Türkiyənin gözlənilməz "Pəncə-Qıfıl" əməliyyatı – İraqın şimalına hücumun pərdəarxası

2022-04-18 13:26:00

Türkiyənin gözlənilməz

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında "Pəncə-Qıfıl" (Pençe Kilit) əməliyyatına başlayıb. Hazırlanan plan çərçivəsində həyata keçirilən əməliyyatda ilk olaraq Metina, Zap və Avaşin-Basyan bölgələrindəki PKK terror təşkilatına məxsus obyektlərə havadan və qurudan zərbələr endirilib. Türkiyə milli müdafiə naziri Hulusi Akar birinci mərhələdə qarşıya qoyulan hədəflərə nail olunduğunu açıqlayıb.

"Pəncə-Qıfıl" əməliyyatı Türkiyənin Şimali İraqda başlatdığı ilk belə əməliyyat deyil. Rəsmi Ankara PKK terorçuları ilə mübarizə fonunda 1984-cü ildən bu günə qədər Şimali İraqda 10-dan artıq hərbi əməliyyat keçirib. 2015-ci ildəki “Şəhid Yalçın”, “Xəndək”, 2018-ci ildəki “Qərarlılıq hərəkatı”, 2019-cu ildən bu günə qədər davam edən “Pəncə hərəkatı” bunlara misal ola bilər.

Türkiyənin Şimali İraqda başlatdığı "Pəncə-Qıfıl" əməliyyatı beynəlxalq hüquqa tam uyğundur. Belə ki, Türkiyə BMT nizamnaməsinin 51-ci maddəsini əsas tutaraq Şimali İraqda hərbi əməliyyatlara başlayıb. Nizamnamənin 51-ci maddəsində açıqca göstərilir ki, hər bir dövlət özünün ərazi bütövlüyünü müdafiə etmək üçün istənilən an hərbi yoldan istifadə edə bilər və hər bir dövlətin özünümüdafiə hüququ var. Misal üçün, 11 sentyabr hadisələrindən sonra "Əl-Qaidə" təşkilatını və "Taliban" rejmini Amerikaya hücumda təqsirləndirən rəsmi Vaşinqton məhz BMT nizamnaməsinin 51-ci maddəsini əsas götürərək, 2001-ci il oktyabrın 7-də Əfqanıstanda müharibəyə başladı. Bu nöqteyi-nəzərdən Türkiyənin Şimali İraqda başlatdığı "Pəncə-Qıfıl" əməliyyatı beynəlxalq hüquqla ziddiyyət təşkil etmir.

Türkiyə indiki məqamda "Pəncə-Qıfıl" əməliyyatına başlamağa məcbur idi. Çünki istər Ermənistan ilə Azərbaycan arasında baş verən 44 günlük müharibə və sonrakı proseslər, istərsə də hazırda davam edən Rusiya-Ukrayna müharibəsi Türkiyənin diqqətinin bu proseslərə yönəldiyi eyforiyasını yaratmışdı. Rəsmi Ankaranın diqqətinin başqa regionlara yayındığını düşünən qüvvələr, başda PKK olmaqla digər terror təşkilatlarını yenidən diriltmək, Türkiyə əleyhinə istifadə etmək istəyir.

PKK-nın əsas bazası hər zaman Şimali İraq olub. Türkiyə son olaraq "Pəncə əməliyyatı" ilə PKK-ya ağır zərbə vursa da, görünür terror təşkilatı yenidən özünə gəlməyə çalışır. Odur ki, Türkiyə PKK-nın yenidən güclənməsinin qarşısını almaq məqsədilə "Pəncə-Qıfıl" əməliyyatına başlayıb.

Rəsmi Ankara bu hərbi əməliyyatla terrorun nə Türkiyə, də nə də Türkiyəyə potensial təhlükə yaradacaq ölkələrdə yenidən təşkilatlanmasına icazə verməyəcəyi mesajını vermiş oldu. Bu həm də həmin terror təşkilatlarını maliyyələşdirən qüvvələrə ciddi mesajdır.

Turan Rzayev


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya