Saat:04:53
Haqqımızda

Türkiyədəki 26 min tələbənin ciddi problemi - quru sərhədləri açmaq vacibdir

2023-02-15 10:22:00

Türkiyədəki 26 min tələbənin ciddi problemi - quru sərhədləri açmaq vacibdir

Ekspertlər hesab edir ki, quru sərhədlər açılmalı, Azərbaycan Hava Yolları qiymətləri ciddi şəkildə aşağı salmalıdır.

Türkiyədə fevralın 6-da baş verən zəlzələlərdən sonra yerli universitetlər uzaqdan təhsilə keçirilir. Fevralın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, zəlzələlərə görə universitetlər tamamilə uzaqdan təhsilə keçəcək. O, yaya qədər tətil ediləcəyindən universitet yataqxanalarından zəlzələdən zərərçəkənlərin qalması üçün istifadə olunacağını vurğulayıb.

Türkiyə universitetlərində təhsil alan Azərbaycan vətəndaşları da var. Universitetlər distant təhsilə keçəcəyinə görə onların artıq xərc çəkməmək üçün ölkələrinə qayıtmaq zərurəti yaranır. Azərbaycana təyyarə biletlərinin isə baha olduğu ilə bağlı şikayətlər eşidilir. Bu səbəbdən sosial şəbəkələrdə Azərbaycan hökumətinə onların maddi yükünü azaltmaq üçün koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martından bağlı qalan quru sərhədlərin açılması ilə bağlı çağırışlar səsləndirilir.

Rəsmi məlumatlara görə, 2022-ci ildə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 26 min 700 nəfərdir. Zəlzələ baş verən bölgədə - Qəhrəmanmaraşda 100, Hatayda 27, Adıyamanda 4, Osmaniyədə 35, Diyarbəkirdə 26, Elazığda 212, Urfada 14, Zonquldaqda 1, Qaziantəpdə 86, Adanada 169, Kilisdə 2, Malatyada isə Azərbaycandan gedən 136 tələbə təhsil alır. Onlardan bir neçəsinin taleyi hələlik məlum deyil. Fevralın 10-da Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, avtobuslar vasitəsilə 209 tələbə Türkiyədən Azərbaycana gətirilib və təxliyə prosesi davam etməkdədir.

Ayxan Hacızadə XİN mətbuat xidmətinin rəhbəri təyin edilib - 20.10.2022,  Sputnik Azərbaycan

 Ayxan Hacızadə

XİN-in sözçüsü Ayxan Hacızadə də yerli mediaya açıqlamasında təyyarələrlə təxliyə barədə qərarın olmadığını bildirib: “Avtobuslarla təxliyə daha rahat və sürətlidir. Hava nəqliyyat vasitələri bəzən gözləməli olur. Təyyarələrdə müəyyən çətinlik yaşana bilir, çünki təyyarələrin əksəriyyəti yük təyyarəsidir. Həmçinin yaranmış vəziyyətə görə bütün hava limanları sərnişin təyyarələrini qəbul etmir, axın çoxdur”.

Türkiyədə təhsil alan tələbələrdən biri Rüstəm İsmayılbəyli AzadlıqRadiosu-na deyib ki, distant təhsillə bağlı qərar qəbul olunanda artıq birinci semestr bitmişdi və ara tətili idi: “Ona görə də əksər azərbaycanlı tələbələr artıq ölkəyə dönüblər. Onların əksəriyyəti də özləri ilə bütün əşyalarını götürməyiblər. İndi də o əşyaları gedib gətirmək lazımdır. Təyyarə ilə bunu etmək çox artıq xərcdir”.

O qeyd edib ki, Türkiyədə oxuyan bütün azərbaycanlı tələbələr ölkəyə dönməyə çalışsalar, təyyarə biletinin baha olması ilə yanaşı, bilet çatışmazlığı da yarana bilər: “Təyyarə ilə dönüşlə əlaqədar həm iqtisadi, həm logistik baxımdan problemlər var. Ona görə də ən azı indiki dövrdə quru sərhədlərin açılması çox effektiv olardı. Amma açığı bunu gözləmirəm”.

Fayl:Elman Nəsirov.jpg — Vikipediya

 Elman Nəsirov

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov da “Turan”a bildirib ki, Türkiyədə 20 mindən artıq azərbaycanlı tələbə təhsil alır və onların bundan sonra təhsilini hansı şəkildə davam etdirməsi məsələsi gündəmə gəlib: “Sosial şəbəkələrdə də daha çox həmin tələbələrin quru yolla Azərbaycana gətirilməsi ilə bağlı addımların atılması kimi məsələlər müzakirə edilir”. Onun sözlərinə görə, həmin məsələlər dövlətin müvafiq qurumlarında diqqətlə araşdırılmaqdadır: “Hesab edirəm ki, ümumi ictimai rəyi nəzərə ala biləcək addımların atılması mümkündür”.

Qeyd edək ki, üç ilə yaxındır ki, quru sərhədlər bağlıdır. Artıq dünyanın, demək olar ki, bütün ölkələrində quru sərhədlər açılıb və sərbəst gediş-gəliş təmin olunub. Təkliflər var ki, Gürcüstanla quru sərhədini açmaq olar ki, tələbələr Türkiyədən Gürcüstan üzərindən ölkələrinə qayıda bilsinlər.

Ceyhun Məmmədov (deputat) — Vikipediya

Ceyhun Məmmədov

Mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, tələbələr üçün həm daxili, həm də xarici nəqliyyatda güzəştlərin tətbiq edilməsinə ehtiyac var: “Bu məsələni parlamentdə, mətbuatda bir neçə dəfə qaldırmışam. Ümumən hesab edirəm ki, quru sərhədlərin açılması bu gün  gündəlikdə deyil və bunun da müxtəlif, o cümlədən obyektiv səbəbləri var. Zamanla dövlət bu məsələyə baxacaq.  Lakin məsələ ondan ibarətdir ki, bütün dünya ölkələrində olduğu kimi bizim ölkəmizdə də bu istiqamətdə müəyyən addımlar atmalı, bir sistem hazırlamalıyıq. Belə ki, əksər ölkələrdə tələbələr üçün nəqliyyatda güzəştlər var, bu güzəştlər həm ölkədaxili, həm də xarici səfərlər üçün nəzərdə tutulur.

Məlum olduğu kimi, bugünlərdə ölkəmizdə nəqliyyat qiyməti artırıldı, xarici səfərlərlə də bağlı qiymətlər yüksəkdir. Əslində dövlətimiz  dövlət səviyyəsində tələblərə dəstək göstərməyə çalışır. Amma hesab edirəm ki, tələbələr üçün həm daxili, həm də sırf təhsillə bağlı xarici səfərlər üçün müəyyən güzəştlərin olması məqsədəuyğundur və buna ehtiyac var. 

Zəlzələdən əvvəl Türkiyə universitetlərində tətil olduğu üçün əksər azərbaycanlı tələbələr vətənə dönmüşdülər. Hazırda Türkiyə onlayn təhsilə keçib və həmin tələbələr əşyalarını götürmək üçün geri qayıtmalıdırlar, amma gediş-gəliş qiymətləri ilə bağlı müəyyən çətinliklər var. Bir tələbə üçün təyyarə biletlərinin qiyməti kifayət qədər böyük məbləğdir. Beləliklə, bu, təhsillə bağlı məsələ olduğu üçün ona fərqli yanaşmağımız, tələbələr üçün müəyyən güzəştlərin tətbiq olunması yaxşı olardı".

Distant təhsilə keçmək həll deyil, şagirdlərin tətilə ehtiyacı var

Kamran Əsədov 

Təhsil eksperti Kamran Əsədov dedi ki, Türkiyə hökuməti bu addımı məcburiyyətdən atıb: “Türkiyə tərəfindən  atılan addım  aydındır ki, vacibdir. Türkiyədə yataqxanalarda yataq yerlərinin sayı 850 min civarındadır və zəlzələlərdən əziyyət çəkənlərin  hamısının yataqxanalara yerləşdirilməsi mümkün deyil. Hesab edirəm ki, bundansa orada digər ictimai iaşə obyektlərinin, o cümlədən hotellərin istifadəyə verilməsi yaxşı olardı, çünki hotellər daha çoxdur. Belə ki, Türkiyədə  hotel tutumu 1 milyon 800 min yerdir.

Və bir məsələni xüsusi qeyd etmək istərdim ki, bu gün Türkiyədə 26 minə yaxın azərbaycanlı tələbə təhsil alır. Zəlzələ zonasında olan tələbələrdən bir neçəsi haqda hələ məlumat yoxdur. Göstəriş verilməlidir ki, azərbaycanlı tələbələrin vətənə gəlməsi ilə bağlı  bilet qiymətlərində endirim edilsin. Çünki həm Türkiyədə onlayn təhsilə keçid edildi, həm də onların həyati təhlükəsi davam edir. Digər tərəfdən, təəssüflər olsun ki, Azərbaycan tərəfindən tələbələrin köçürülməsi ilə bağlı qaydalar hələ müəyyənləşməyib. Biz  həmin tələbələrin Azərbaycan universitetlərinə köçürülməsinə və burada təhsil almasına şərait yaratmalıyıq.  Həmçinin pandemiya dövrü artıq başa çatıb, düşünürəm ki, sərhədlər tam olaraq açılmalıdır və bununla da tələbələrin ucuz şəkildə gediş-gəlişinə şərait yaratmış olarıq. Türkiyə hökuməti, Türk Hava Yolları zəlzələ baş vermiş ərazidə ciddi şəkildə qiymətlərdə endirim etdi. Hesab edirəm ki, Azərbaycan Hava Yolları da bu istiqamətdə mütləq şəkildə addım atmalı, qiymətləri ciddi şəkildə aşağı salmalıdır".

Musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.306399