Türkiyədə seçkilər zəlzələ səbəbindən TƏXİRƏ SALINA BİLƏR
.jpg)
Elman Vəliyev: "Seçkilər ikinci tura qalarsa, o zaman ya Kamal Kılıçdaroğlu, ya da Məhərrəm İncə ilə Rəcəb Tayyib Ərdoğan arasında rəqabət olacaq"
Elxan Şükürlü: "Seçkilərin 1 il sonraya ertələnməsi Ərdoğana zəlzələnin vurduğu ziyanı aradan qaldırmaq və faciədən yararlanaraq, onu yıxmağa çalışan rəqiblərini seytnota salmaq üçün kifayət qədər geniş zaman qazandırmış olacaq"
Vüqar Bayramov: "Qardaş dövlət bu sınaqdan da zəifləmədən çıxacaq"
Aqşin Kərimov: "CHP sədri Kamal Kılıçdaroğluna ana müxalifətin lideri statusunda qalıb fəaliyyət göstərmək daha sərfəlidir, o bilir ki, dövlətin başına keçsə, siyasi iradə nümayiş etdirə bilməyəcək"
Tural Turan: "Əgər namizəd böhranı yaranarsa, o zaman Türkiyədə bütün gözlər iki simaya - Fuad Oktay və Hakan Fidana çevriləcək"
Yanvarın 18-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisindəki (TBMM) qrup toplantısında çıxışı zamanı növbəti prezident və parlament seçkilərinin iyunun 18-də deyil, mayın 14-də keçiriləcəyini bəyan etmişdi. Lakin fevralın 6-da Türkiyənin 10 şəhərində 7.7 bal gücündə baş vermiş dəhşətli zəlzələdən sonra qardaş ölkədə seçkilərin tarixinin yenidən dəyişdiriləcəyinə dair müxtəlif səpkili fikirlər səsləndirilir.
Belə ki, bununla bağlı axar.az-da yer alan informasiyaya görə, Türkiyənin İYİ Partiyasının sədri Maral Akşənər seçkilərin 14 mayda keçiriləcəyini düşünmədiyini, iyunun 18-ə qalacağını bildirib. Jurnalistin "Türkiyə Böyük Millət Məclisi seçkilərin keçirilməsini 1 il təxirə sala bilərmi" sualını cavablandıran Akşənər TBMM-dən belə bir qərarın çıxacağını ehtimal etmədiyini də əlavə edib: "Biz siyasətçilər seçkilərin keçirilməsi üçün üzərimizə düşəni etmək məcburiyyətindəyik".
"Hesab edirəm ki, Rəcəb Tayyib Ərdoğan seçkilərdə üstünlük əldə etmək üçün indiyə kimi etdiyi manipulyasiyanın 3 qatını etməlidir"
Qeyd edək ki, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən siyasi ekspert Elman Vəliyev də bu qənaətdədir ki, Türkiyədə prezident seçkiləri iyun ayına kimi ertələnə bilər: "Dövlətin seçkini vaxtından sonraya saxlaması müharibə şəraitində olur. Seçkilərin ərtələnməsi, geri çəkilməsi işinə Türkiyə Böyük Millət Məclisi baxır. Bu fəlakət "Cümhur İttifaqı"na böyük zərbə oldu. Amma zərər çəkən ərazilər CHP/HDP bölgəsi (istisnalar da var) olduğu üçün elə çox səs itkisi olmayacaq. Lakin ümumi baxımdan sayımda bir xeyli fərq yaradacaq. Önəmli məsələ Rəcəb Tayyib Ərdoğana rəqib olan şəxsdir. Fevralın 13-ü "Altılı masa" namizədini açıqlayacaqdı. Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu meydana atacağını zənn edirəm. Daha doğrusu, özü buna can atır, amma bu, digər üzvlərin heç də ürəyincə deyil. Geridə qalır Məmləkət Partiyasının lideri Məhərrəm İncə, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan. Fatehin Ərbakanın heç şansı yoxdur. İmamoğlu da yaxşı gətirmişdi, özünü "mağdur" kimi qələmə vermişdi və müsbət nəticəsi də olmuşdu. Amma bu fəlakət ona da sərf etmədi. Lakin yenə də şansı var".
Siyasi ekspertin fikrincə, seçkilər ikinci tura qalarsa, o zaman ya Kamal Kılıçdaroğlu, ya da Məhərrəm İncə ilə Rəcəb Tayyib Ərdoğan arasında rəqabət olacaq: "CHP rəhbəri olduğu üçün Kamal Kılıçdaroğlu Məhərrəm İncəyə nisbətən bir addım öndədir. Amma ağlı olan Kamal Kılıçdaroğluna deyil, Məhərrəm İncəyə səs verər. Hesab edirəm ki, Rəcəb Tayyib Ərdoğan seçkilərdə üstünlük əldə etmək üçün indiyə kimi etdiyi manipulyasiyanın 3 qatını etməlidir".
"Arxasında xarici güclərin durduğu müxalifət zəlzələnin vurduğu zərəri bütövlükdə Ərdoğan komandasının ayağına yazmaqla, ictimai etirazları körükləyəcək, onun hakimiyyətdən getməsi üçün hər şeyə əl atacaq"
Qardaş Türkiyədə yaşanan ağır faciədən Rəcəb Tayyib Ərdoğanın əleyhdarlarının, xüsusən də Qərbin Türkiyə və Azərbaycandakı şəbəkəsinin dərhal yararlanmaq cəhdlərinin açıq-aşkar ortada olduğunu vurğulayan politoloq Elxan Şükürlü isə qeyd edib ki, faciənin dəhşətlərini yaşamış insanların emosional ovqatına siyasi məzmun verərək, onun Ərdoğana qarşı kütləvi qəzəb və nifrətə çevrilməsi üçün hər şey edilir: "Məqsəd də odur ki, Türkiyədəki 14 may seçkilərinə qədər Ərdoğan ciddi siyasi nüfuz və səs itkisinə məruz qalsın, yenidən prezident seçilməsin. Hazırda Ukrayna üzərində Rusiya ilə taqətdənsalma savaşı aparan Qərb üçün Türkiyədəki 14 may seçkiləri fövqəladə dərəcədə əhəmiyyət daşıyır. Onlar hesab edirlər ki, Ərdoğan yenidən prezident seçilməzsə və onu Qərbin müdafiə etdiyi şəxs əvəzləyərsə, bu, 2016-cı ildən etibarən daha açıq şəkildə müşahidə olunan Rusiya-Türkiyə əməkdaşlığına da son verə, beləliklə, Rusiyaya qarşı Qara dəniz hövzəsi - Cənubi Qafqaz - Mərkəzi Asiya xətti boyunca yeni bir cəbhə açıla bilər. Şübhəsiz ki, bunu Rusiya da bilir və indi Putin üçün Ərdoğanın hakimiyyətdə qorunub saxlanması öz hakimiyyətinin qorunub saxlanması qədər önəmlidir".
Politoloq hesab edir ki, 2024-cü ildə Rusiya, Ukrayna və ABŞ-da gözlənilən prezident seçkilərinin taleyi daha çox elə Türkiyədəki may seçkilərində yazılacaq: "Bu baxımdan, qarşıdakı 3 ayda Türkiyəyə qarşı Qərbin basqılarının xeyli artacağı, hətta bunun ölkə daxilində davamlı kütləvi iğtişaşlara, toqquşma və etirazlara çevrilməsi üçün cəhdlərə çevriləcəyi proqnozlaşdırılsa da, eyni zamanda ant-Qərb bloku, xüsusən də Çin və Rusiya tərəfindən Ərdoğan hakimiyyətinin sonadək dəstəklənəcəyini də gözləyə bilərik. Son 20 ildəki fəaliyyətiylə Ərdoğan hamıya sübut edib ki, o, xaraktercə təhlükə qarşısında özünü itirməyən, toparlanan, səfərbər olunan və kritik situasiyalarda daha çevik, effektli davranan, böhranı imkana çevirməyi bacaran liderdir. İnşallah, o, qardaş Türkiyənin bu faciəsindən yararlanmaq istəyənləri növbəti dəfə məyus edərək, ölkəsinə uzanan yad əlləri kəsəcək, bütün finəkarlıqların qarşısını alacaq və öz xalqını arxasında yenidən toparlamaqla, onu yeni hədəflərə götürməyi bacaracaq".
Türkiyədə 14 maya planlaşdırılan prezident seçkilərinin təxirə salınması çağırışlarının və təşəbbüslərinin getdikcə artdığını vurğulayan Elxan Şükürlü bildirib ki, əgər seçkilərin təxirə salınması qaçılmaz olarsa, o zaman Ərdoğan hökuməti üçün ən yaxşı variant seçkilərin gələn ilə keçirilməsidir: "Çünki 2024-cü ildə həm Rusiyada, həm ABŞ-da, həm də Rusiya və ABŞ-dakı seçkilərin taleyini müəyyənləşdirəcək Ukraynada prezident seçkiləri olmalıdır. Bu isə o deməkdir ki, qarşıdakı seçkilərdən yararlanaraq, Türkiyəni qarışdırmağa və öz cinahına çəkməyə çalışan güclərin əsas diqqəti öz daxillərinə yönələcək. Əgər Türkiyə Böyük Millət Məclisi ölkəyə bir müharibədən daha çox ziyan vurmuş zəlzələni əsas götürərək, seçkiləri iyuna deyil, 1 il sonraya ertələyərsə, bu, Ərdoğana da zəlzələnin vurduğu ziyanı aradan qaldırmaq və faciədən yararlanaraq, onu yıxmağa çalışan rəqiblərini seytnota salmaq üçün kifayət qədər geniş zaman qazandırmış olacaq. Əks halda, arxasında xarici güclərin durduğu müxalifət zəlzələnin vurduğu zərəri bütövlükdə Ərdoğan komandasının ayağına yazmaqla, ictimai etirazları körükləyəcək, onun hakimiyyətdən getməsi üçün hər şeyə əl atacaq. Bu isə Türkiyəni, eləcə də onun rəhbərliyi ilə qurulan Türk Dövlətləri Təşkilatlarında birləşmiş ölkələri uzun illər geriyə atacaq, türk-müsəlman coğrafiyasını yeni geopolitik toqquşma meydanlarına çevirəcək".
"Türkiyə iqtisadiyyatının zəifləməməsi, güclənməsi həmçinin Türk dövlətlərinin inkişafı üçün də stimuldur"
Məsələnin iqtisadi tərəfinə toxunan İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov isə qeyd edib ki, zəlzələ Türkiyə iqtisadi artım tempini 2 faiz bənd azalda bilər: "Qardaş Türkiyədə dəhşətli zəlzələnin baş verməsindən 1 həftə keçdi. Artıq zəlzələnin iqtisadi nəticələrinin aradan qaldırılması ilə bağlı müzakirələr aparılır. Aydındır ki, 13.4 milyon vətəndaşın yaşadığı bölgədə minlərlə binalar, o cümlədən evlər, sosial obyektlər, hospitallar və digər infrastrukturun yenidən bərpası ciddi maliyyə resursları tələb edir. İlkin qiymətləndirmələrə görə, zəlzələ Türkiyə iqtisadi artım tempini 2 faiz bənd azalda bilər".
Millət vəkilinin sözlərinə görə, 1999-cu ildə Türkiyədə baş verən zəlzələnin miqyası və nəticələri ilə müqayisə göstərir ki, qardaş dövlət bu sınaqdan da zəifləmədən çıxacaq: "Belə ki, 1999-cu il zəlzələsi Türkiyə iqtisadiyyatının 35 faizinin formalaşdığı ərazilərdə baş vermişdi. Son zəlzələ qardaş ölkə iqtisadiyyatının 10 faizinin cəmləşdiyi coğrafiyadadır. Əgər 1999-cu il zəlzələsi daha çox sənayeləşmiş zonada isə bu dəfə nisbətən az sənayeləşmiş ərazini əhatə edir. Nəhayət, Türkiyə 1999-cu ilə nisbətən daha güclü iqtisadiyyata malikdir. Əgər 1999-cu ildə Türkiyədə ÜDM-in həcmi 256 milyard dollar idisə, indi bu rəqəm 819 milyard dollardır. Türkiyənin güclü olması Türk dünyasının daha güclü olması anlamına gəlir. Bu baxımdan, Türkiyə iqtisadiyyatının zəifləməməsi, güclənməsi həmçinin Türk dövlətlərinin inkişafı üçün də stimuldur".
"CHP lideri anlayır ki, onun özü və ətrafı Atatürk ideallarının qırmızı xətlərini çoxdan keçib, həmçinin bilir ki, Türkiyə dövlətindəki dərin qatlar onun kimi zəif fiquru hakimiyyətdə saxlamazlar"
"Türkiyədəki prezident seçkilərinin vaxtı təxirə salınacaqmı" sualını cavablandıran siyasi şərhçi Aqşin Kərimov isə qeyd edib ki, Türkiyə Ana Yasasının 78-ci maddəsinə əsasən seçkilər müharibə zamanı təxirə salına bilər. Onun sözlərinə görə, bunun üçün Türkiyə parlamenti qərar çıxarmalıdır və qanunverici orqana səlahiyyət verilir ki, seçkinin tarixini bir il geriyə çəksin: "Türkiyədə isə müharibə yoxdur, deməli nə fövqəladə vəziyyət, nə də ki, zəlzələnin dağıntılarına istinad edib seçkini təxirə salmaq olar. Lakin bu, birtərəfli baxışdır. Çünki iqtidar seçkilərin tarixini geriyə çəkmək üçün başqa bir hüquqi manevr tapa bilər. Belə ki, Türkiyə Konstitusiya Məhkəməsinin qərarına əsasən, ölkədə müharibə və ya buna bənzər zərurətlər səbəbilə seçkilərin keçirilməsi əməli olaraq mümkünsüzdür. Bəzi ekspertlər, Türkiyə Konstitusiya Məhkəməsinin bu qərarını Ana Yasaya zidd hesab edir. Ancaq seçkilərin gecikdirilməsi gündəmə gəlsə, AKP bu qərardan bərk yapışa bilər. Mənzə, ən gözəl izahı İYİ Partiyasının sədri Maral Akşənər verib: Seçkilər 18 iyundan o tərəfə saxlanıla bilməz. Hesab edirəm ki, iqtidar zəlzələ nəticələrinin aradan qaldırıb zərərçəkənlərə tam kompensasiya ödəmədikcə, seçkilərin keçirilməsini istəmir".
Siyasi şərhçinin qənaətincə, AKP ictimai əhval-ruhiyyənin öz xeyrinə əsaslı dəyişməsi üçün vaxta ehtiyac duyur: "Bunun üçün iki yolu var. Belə ki, ya uzağı 18 iyuna qədər bütün problemləri həll etməlidir, ya da daha gec müddətə keçirilməsi üçün başqa variantlar axtarmalıdır. Müxalifət, əsasən də CHP isə seçkilərin keçirilməsinə tərəfdar kimi görünür". Buna baxmayaraq, CHP sədri Kamal Kılıçdaroğlunun prezident olmaq istəmədiyini iddia edən Aqşin Kərimovun fikrincə, Kılıçdaroğluna ana müxalifətin lideri statusunda qalıb fəaliyyət göstərmək daha sərfəlidir: "Çünki Kılıçdaroğlu bilir ki, dövlətin başına keçsə, siyasi iradə nümayiş etdirə bilməyəcək. CHP lideri anlayır ki, onun özü və ətrafı Atatürk ideallarının qırmızı xətlərini çoxdan keçib. Kılıçdaroğlu bilir ki, Türkiyə dövlətindəki dərin qatlar onun kimi zəif fiquru hakimiyyətdə saxlamazlar. Elə isə Kılıçdaroğlu niyə prezidentliyə namizəd olmaq istəyir? Cavab çox sadədir. Elə ana müxalifətdə qalmaq üçün. Bu dəqiqə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçki ilə bağlı iki arzu tutub. Birincisi, Klıçdaroğlu namizəd olsun. İkincisi isə HDP namizəd çıxarsın və "Altılı masa"nın səs sayına təsir göstərsin".
"Ən son variantda "böhran sandığı"dan çıxa biləcək isim elə Hakan Fidan ola bilər, çünki Fuad Oktay hazırkı prezidentin köməkçisi funksiyasını yerinə yetirdiyi halda, Hakan Fidan bu vaxta qədər bütün partiyalara bərabər məsafədə dayanmağı bacarıb"
Siyasi şərhçi Tural Turan isə hesab edir ki, əgər Türkiyədə seçkilər nəzərdə tutulan vaxtda keçiriləcəksə, hazırkı hakimiyyətin şansları bir xeyli azalacaq: "Çünki baş vermiş zəlzələdə zərərçəkənlərlə yanaşı, qardaş ölkənin aydınları, ictimai fikri formalaşdıran düşüncə fenomenləri də Ərdoğan və onun komandasından narazılıqlarını dilə gətirirlər. Onların təbii fəlakətə qədərki mərhələ ilə bağlı bir sıra əsaslandırılmış arqumentləri indi sosial şəbəkələrin Türkiyə seqmentinin əsas müzakirə mövzularındandır. Ən əsası, hazırda Türkiyədə arqumentli narazı kütlənin öndərləri "ölü müxalifət" yox, dünyaca ünlü alimlər, araşdırmaçılar və bu sektorun sayılıb-seçilən mütəxəssisləridir. Bir sözlə, Rəcəb Tayyib Ərdoğan hakimiyyətini qarşıdakı iki ayda məşəqqətli 65 gün gözləyir".
Siyasi şərhçi əlavə edib ki, indiki halda Türkiyəni idarə edəcək və mövcud böhrandan çıxara biləcək iki sağlam füqur var: "Birincisi, hazırkı vitse-prezident Fuad Oktay, ikincisi isə indiki Milli İstihbarat başqanı Hakan Fidandır. Hakimiyyət və müxalifət "seçki düyünü"nü çözə bilməsələr, qütblər müvəqqəti keçid hökuməti üçün bu füqurların üzərində dayanacaqlar. Hər iki qütb bu ad-soyadlara bərabər məsafədədir. Fuad Oktay iqtisadçı və elm adamı kimi qardaş ölkədə böyük nüfuza sahibdir. Hakan Fidan isə ictimai fikirdə Fuad Oktaydan da nüfuzludur. Dövlətin dərin qatlarının təmsilçisidir. Mənə görə, ən son variantda "böhran sandığı"dan çıxa biləcək isim elə Hakan Fidan ola bilər. Çünki Fuad Oktay hazırkı prezidentin köməkçisi funksiyasını yerinə yetirdiyi halda, Hakan Fidan bu vaxta qədər bütün partiyalara bərabər məsafədə dayanmağı bacarıb. Düşünürəm ki, Türkiyədə HDP istisna olmaqla, Fakan Fidanın namizədliyini bütün partiyalar dəstəkləyər. Təbii ki, bu iki ad-soyad seçki prosesinin ən son kartlarıdır. Əgər marafon "Herakl düyü"nünə ilişərsə, namizəd böhranı yaranarsa, o zaman zənnimcə, Türkiyədə bütün gözlər bu iki simaya çevriləcək".
Vazeh BƏHRAMOĞLU
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya