"Türkiyədə seçkilər ən pis halda ikinci tura qala bilər" - SAMİR HÜMBƏTOV

"Burada da "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğan daha şanslı görünür"
"Türkiyədə 14 may 2023-cü ildə keçiriləcək prezident və parlament seçkilərində 2-ci namizəd də məlum oldu. Türkiyənin hazırkı prezidenti və AKP-nin başqanı, eləcə də "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğanın rəqibi Cümhuriyyət Xalq Partiyasının sədri (CHP) və "Millət İttifaqı"nın (altılı və ya beşli masanın) namizədi Kamal Kılıçdaroğlu olacaq. Meral Akşener məsələdi isə hələki tam olaraq dəqiq bilinmir. Gözləntilər ondan ibarətdir ki, seçkilərdə digər bir namizədin olacağı da qətiləşmək üzrədir. Bu isə Məmləkət Partiyasının rəhbəri Məhərrəm İncədir". Hurriyyet.az xəbər verir ki, bunu "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları" Mərkəzinin sədri, politoloq Samir Hümbətov bildirib.
Politoloq qeyd edib ki, digər bir namizədin olacağı ehtimalı da artmaqdadır ki, bu da Sinan Oğandır: "Sinan Oğan millət vəkili olaraq fəaliyyət göstərdiyi dönəmlərdə daha aktiv siyasətə qatılsa da, son zamanlar mediadan uzaqlaşdığı hiss edilməkdədir. Sinan Oğan Türk Millətçilərinin müstəqil prezidentliyə namizədi kimi seçkiyə getdiyini elan edir. Görünən odur ki, səslərin parçalanması artacaq. Əgər Meral Akşener "altılı masa"ya geri dönəcəksə də, artıq şansların böyük hissəsi itirilib kimi görünməyə başlanıb. Eyni zamanda, Kamal Kılıçdaroğlunun kimiliyi də son zamanlar cəmiyyət və mediada sorğulanmaqdadır. Kılıçdaroğlunun atasının kürd, anasının erməni olması ilə bağlı yayılan məlumatların mediada və cəmiyyətdə manşet edilməsi işin bir başqa istiqamətini göstərmiş olur. Yəni, görünən odur ki, "Türk Dərin Dövlət'i üçün bu seçkidə prioritet namizəd Ərdoğandır. Hər vəziyyətdə Türkiyədə gərgin seçkinin olacağı açıq şəkildə görünməkdədir".
Mövcud iqtidarın son 20 ildə Türkiyənin həm daxili, həm də xarici siyasətini yenidən formalaşdırdığını vurğulayan Samir Hümbətov hesab edir ki, Türkiyə daxilində terrorun, xüsusilə də PKK terrorunun minumuma endirilməsi, regiona yeni açılım siyasətinin gətirilməsi, Cənubi Qafqaz, Mərkəzi Asiya, Balkan yarımadası, Yaxın Şərq və Şimali Afrikada, Şərqi Aralıq dənizində möhkəmlənmə, Türk Dövlətlər Təşkilatını qurması, Türkiyənin özünəməxsus müdafiə sənayesini qurması, inkişaf etdirməsi və digər məsələlər Qərb dövlətləri, xüsusilə də ABŞ ilə müzakirə ediləmədən atılan addımlar olduğuna görə Ərdoğan hökuməti onlar üçün arzuolunmaz kimi qəbul edilməyə başlanıldı: "Ona görə ki, Qərb dövlətləri mövcud iqtidarın hakimiyyətdən getməsi üçün bütün mümkün imkanlardan istifadə etməyə çalışır. Mövcud hökumətdən fərqli olaraq Kamal Kılıçdaroğlunun rəhbərlik etdiyi blok Türkiyənin daxilində və xaricindəki mövcud mövqeyini dəyişməyə çalışır görüntüsü də verməkdədir. Yəni, belə məqamda demək olar ki, Türkiyədə iqtidar dəyişərsə, siyasət də dəyişər anlayışı ortaya çıxa bilər. Əlbəttə ki, bu seçki həm də "Türk Dərin Dövlət"i ilə Qərb dövlətləri arasında gedəcək ciddi rəqabəti də göstərmiş olacaq".
Politoloqun fikrincə, Məhərrəm İncənin 2018-ci ildə "Millət İttifaqı"nın və CHP-nin vahid namizədi olmasına baxmayaraq, 2 il öncə CHP-dən ayrılaraq Məmləkət Partiyasını qurması, bu seçkilərə qatılmaq qərarı verməsi CHP-nin səslərini ciddi şəkildə parçalaya bilər: "Ona görə ki, Məhərrəm İncə Kamal Kılıçdaroğlundan və digər "altılı masa" nümayəndələrindən daha xarizmatik siyasətçidir və demək olar ki, CHP tərəfdarlarının ona ciddi simpatiyası var. Bu da səslərin parçalanması deməkdir. 6-7 Fevral 2023-cü ildə Türkiyənin on vilayətində baş vermiş dəhşətli fəlakətə səbəb olmuş zəlzələ nəticə etibarı ilə seçkiyə təsir edəcək amillər kimi dəyərləndirilməyə çalışılsa da, onun o qədər də ciddi təsir edəcəyini düşünmək doğru olmaz. Çünki baş vermiş zəlzələ təbii fəlakətdir və bir yox, bir neçə bölgəni əhatə edib. Ona görə də belə məqamda istənilən iqtidar belə təbii hallara görə günahkar görülə bilməz. Nəhayət, Türkiyədə mövcud hökumət daha çox islamçı və millətçi ideologiya üzərinə qurulub. Yəni, hökumət həm dindar, həm də millətçi kəsimdən dəstək almağı bacarır. Bu isə o deməkdir ki, mövcud hökumət cəmiyyətin böyük hissəsinə nüfuz etməyi bacarır. Əlbəttə seçkilərdə böyük möcüzələr gözləməyə dəyməz. Güman ki, 50% üzərində nəticələr ola bilər. Ən pis halda isə ikinci tura qala bilər ki, burada da mövcud hökumət daha şanslı görünür".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya