Türkiyədə inşa ediləcək qaz qovşağı "Şimal axını-1" və "Şimal axını-2"-ni KOMPENSASİYA EDƏ BİLƏR?

2022-11-16 17:21:00

Türkiyədə inşa ediləcək qaz qovşağı

Natiq Cəfərli: "Həcm olaraq indiki infrastruktura görə bu mümkün deyil, heç olmasa "Şimal axını-1"-in həcmini tam kompensasiya etmək üçün əlavə boru kəmərlərinin çəkilməsinə ehtiyac var"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov G-20 sammitindəki çıxışı zamanı Türkiyədə inşa ediləcək qaz qovşağının "şimal axınları" üzrə tranzitin itmiş həcmlərini kompensasiya edəcəyini bildirib.

Hurriyyet.az xəbər verir ki, Lavrov həmçinin, Rusiyanın enerji təhlükəsizliyini möhkəmləndirmək üçün zəruri addımlar atdığını, sıxılmış təbii qaz istehalını artırdığını, transsərhəd boru kəməri layihələrini inkişaf etdirdiyini də vurğulayıb. Ölkəsinin Türkiyədə qaz qovşağının yaradılması üzərində işlədiyini deyən xarici işlər naziri əlavə edib ki, bu qovşaq sayəsində əvvəllər "şimal axınları" ilə verilən qaz nəqli həcmini kompensasiya etmək mümkün olacaq. Onu da qeyd edək ki, Lavrov bundan əvvəlki açıqlamalarında neft hasilatının həcminin 2021-ci il göstəricilərindən yüksək olduğunu xəbər vermişdi. Görünən odur ki, Rusiya neft ixracını artırmağı və onun coğrafiyasını genişləndirməyi planlaşdırır. 

Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli Hurriyyet.az-a bildirdi ki, mövcud infrastrukuru nəzərə alsaq, "Şimal axını-1" və "Şimal axını-2" layihələrini tamamilə kompensasiya etmək mümkün deyil: "Hazırda Türkiyənin "Türk axını" vasitəsiylə Rusiyadan aldığı qazın həcmi 30 milyard kubmetrə qədərdir. Ona görə də həcm olaraq indiki infrastruktura görə bunun "Şimal axını-1" və "Şimal axını-2" layihələrini tamamilə kompensasiya etməsi mümkün deyil. Çünki "Şimal axını-1" və "Şimal axını-2" hər biri 55 milyard kubmetr olmaqla, ümumilikdə 110 milyard kubmetr qazın Avropaya çatdırılmasını nəzərdə tuturdu. Buna yaxın həcmlər əldə etmək, heç olmasa "Şimal axını-1"-in həcmini tam kompensasiya etmək üçün əlavə boru kəmərlərinin çəkilməsinə ehtiyac var".

İqtisadçı ekspertin sözlərinə görə, Türkiyənin qaz xabına çevrilməsi qardaş ölkə üçün iqtisadi cəhətdən xeyirli olmaqla yanaşı, həm də onun geosiyasi əhəmiyyətini artırır: "Bu, eyni zamanda Azərbaycan üçün də xeyirlidir. Çünki Azərbaycan da Türkiyə üzərindən Avropaya qaz çatdıran ölkələrdən biridir. Odur ki, qardaş ölkədə yeni bir xabın yaradılması Azərbaycanın qazını bazar qiymətləri ilə dünya ölkələrinə çatdırmaq imkanlarını genişləndirir. Hətta düşünürəm ki, belə bir xabın reallaşdırılması getdikcə sürətlənərsə və konkret layhələr üzrə işlər başlayarsa, o zaman çox güman Azərbaycanın Türkiyə ilə birgə bu xabın təşkilində iştirakı da mümkündür. Çünki "SOCAR Türkiyə"nin həm bu sahədə təcrübəsi, həm də investisiya imkanları var. Yəni, Azərbaycanla Türkiyə bu məsələdə bir-birinə mane olan yox, bir-birini tamamlayan ölkələrdir. Odur ki, qardaş ölkənin qzz xabına çevrilməsi Azərbaycanın da maraqlarına cavab verir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.163434