Saat:10:01
Haqqımızda

Türkiyədə 2028-ci il seçkiləri: Əkrəm İmamoğlu, yoxsa Səlcuk Bayrakdar?

2024-04-12 12:18:26

Türkiyədə 2028-ci il seçkiləri: Əkrəm İmamoğlu, yoxsa Səlcuk Bayrakdar?

"Növbəti prezident seçkilərində Əkrəm İmamoğlunun qalib gəlmə şansı xeyli artıb. Amma hakim partiyanın namizədi Səlcuk Bayrakdar olarsa, şanslar bərabər olacaq".

Hurriyyet.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Onun fikrincə, Türkiyədə keçirilən son bələdiyyə seçkilərində İstanbulda yenidən qalib gələn Əkrəm İmamoğlunun reytinqi xeyli yüksəlib:

"Növbəti prezident seçkisində onun qalib gəlmək şansı xeyli artıb. Əkrəm İmamoğlunun populyarlığı yüksələn xətlə gedir. Təkcə İstanbulda deyil, Türkiyənin digər bölgələrində də onun nüfuzu çox yüksəkdir. Bu da ondan xəbər verir ki, gələcək prezident seçkilərində ən şanslı namizədlərdən biri İmamoğlu olacaq". 

Həmsöhbətimiz deyib ki, Türkiyədəki növbəti prezident seçkisinn aqibəti müəyyən mənada həm də AKP-nin prosesə hansı namizədlə qatılacağından asılıdır:

"Bununla belə, gələcək seçkilərlə bağlı birmənalı ehtimallar irəli sürmək də çətindir. Çünki hakim partiyanın hansı namizədi irəli sürəcəyini və onun ölkə daxilində nə dəcərədə nüfuzlu şəxs olacağını da hələlik bilmirik. Bəzi ehtimallara görə, hakim partiya Səlcuk Bayrakdarın namizədliyini irəli sürə bilər. Belə olan halda İmamoğlunun şanslarının nə dərəcədə yüksək olacağı sual altına düşür. Düzdür, Bayrakdar siyasətçi deyil, amma onun da xalq arasında ciddi populyarlığı var. Digər tərəfdən, o namizəd olsa, hakim partiyanın və onunla koalisiyada olan siyasi qüvvələrin resursları da Bayrakdara dəstək olacaq. Belə olan təqdirdə bu iki namizədin şansları ən azından bərabərləşəcək. Bu səbəbdən növbəti prezident seçkiləri barədə danışmaq hələ tezdir. Çox güman ki, hakim partiya son bələdiyyə seçkisindən müəyyən nəticələr çıxaracaq".

Qeyd edək ki, martın 31-də Türkiyədə baş tutan bələdiyyə seçkiləri hakim AKP üçün uğurlu olmayıb. Müxalif CHP əsas şəhərlərdə qalib gəlib. Bu fonda CHP-nin əsas namizədinin İstanbul meri Əkrəm İmamoğlu olacağı gözlənilir. 

Qeyd edək ki, martın 8-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mövcud qanunvericilik nəzərə alınmaqla, martın 31-dəki bələdiyyə seçkilərinin onun üçün yekun seçki olacağını bildirib:

"Mövcud qanunvericilik nəzərə alınmaqla, martın 31-də keçiriləcək bələdiyyə seçkiləri mənim üçün yekun olacaq. Mənim üçün bu finaldır. Bu seçki mənim qanunla verilən səlahiyyətlər çərçivəsində sonuncu seçkimdir. Nəticədə işlər məndən sonra gələcək qardaşlarıma keçəcək".

Martın 10-da Türkiyə Ədliyyə Nazirliyinin keçmiş rəhbəri, millət vəkili Bəkir Bozdağ siyasi karyerasını başa çatdıracağını deməsinə rəğmən, Ərdoğanın daha bir müddətə namizədliyinin irəli sürülməsini istisna etməyib. Bozdağ qeyd edib ki, Türkiyə konstitusiyasına görə, bir şəxs ardıcıl olaraq maksimum iki müddət ölkə prezidenti postunu tuta bilər. Eyni zamanda, əsas qanunda göstərilir ki, növbədənkənar seçkilər keçiriləcəyi təqdirdə eyni prezidentin üçüncü müddətə namizəd olması mümkündür:

"Əgər konstitusiyaya uyğun olaraq Türkiyə parlamenti prezidentin ikinci müddətində növbədənkənar seçkilərə qərar verərsə, prezidentimiz Ərdoğanın konstitusion olaraq namizəd olmaq hüququ olacaq".

Onu da qeyd edək ki, 2023-cü ildə Ərdoğan prezident seçkilərinin ikinci turunda qalib gəlib. O, 52.18 faiz, rəqibi Kamal Kılıçdaroğlu isə 47.82 faiz səs toplayıb. Nəticədə Ərdoğan ölkəni 5 il idarə etmək hüququ əldə edib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.201754