Türkiyə ordusu son 40 ildə ilk dəfə bu əraziyə girdi

2022-04-23 09:10:00

Türkiyə ordusu son 40 ildə ilk dəfə bu əraziyə girdi

“Pəncə-Qıfıl” hərəkatında öldürülən terrorçuların sayı əməliyyat bölgəsinin relyefi ilə əlaqədardır. Müqayisə üçün deyim ki, Afrində keçirilən əməliyyatda relyef düz olduğu üçün terrorçuların məhv edilməsi daha asan olurdu. Lakin hazırki əməliyyatın mərkəzi Zap bölgəsidir və ərazi sıldırım qayalarla, hündür dağlarla əhatə olunub.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Ruslan Bəşirli 30 terrorçunun məhv edilməsi (hazırda məhv edilən terrorçu sayı 45-ə çatıb - red.) və bəlli ərazilərin nəzarətə götürülməsi ilə “Pəncə-Qıfıl” əməliyyatının birinci mərhələsinin başa çatması haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, Türkiyə terrorizmlə 40 illik mübarizə tarixində ilk dəfə buraya girib və terrorçular gizləndikləri mağaralarda tək-tək məhv edilir:

“Sözügedən ərazidə dağlarda may ayında belə qar olur. Terrorçular isə mağaralarda, çətin çıxılan yerlərdə yaşayırlar. Zapda əsas strateji nöqtələrdən biri olan Mehmetçik təpəsi dünən terrorçulardan təmizlənərək nəzarətə götürüldü. Burada əsas məqsəd bölgədəki terrorçuların məhv edilməsi, sonra oranın nəzarətə götürülməsidir. Əks halda terror aktları yenə davam edəcək. Zapdan əvvəl Hakkarinin qarşısındakı ərazi terrorçulardan təmizlənib. Əgər diqqət yetirsək, görərik ki, həmin ərazidə çoxlu sayda silah və sursat ələ keçirilib. Zap eyni zamanda İraq-Suriya arasındakı terror dəhlizinin üzərində yerləşir. Fikrimcə, orada əməliyyatlar daha uzun müddət davam edəcək və son nəticədə həm də Suriyadakı terrorçuların yolu kəsiləcək, onlar da zəifləyəcəklər. Bu əməliyyat Qəndilin kilididir. İndiki mərhələdən sonra Qəndilin ələ keçirilməsi daha da asanlaşacaq”.

Ruslan Bəşirli İraq rəsmi dairələrinin “Pəncə-Qıfıl” əməliyyatına qarşı çıxması məsələsini də şərh edib:

“Əməliyyat keçirilməzdən əvvəl İraq dövləti dəfələrlə Türkiyəyə sözügedən bölgədə əməliyyatların keçirilməsi ilə bağlı müraciətlər edib. Çünki İraqın həmin ərazidə antiterror əməliyyatına gücü çatmır. Məsələ burasındadır ki, son dövrlərdə İraq parlamentində İran təmayüllü qrupların sayı artıb. Əməliyyatdan qabaq ona ilk qarşı çıxan Həşdi-Şabi olub. Həşdi-Şabi İrandan çox güclü dəstək alır və İraqda hökumət dairələrinə təsir gücü var. Həşdi-Şabinin hədələrinə qarşı Türkiyə qətiyyətli cavab verdi və “Pəncə-Qıfıl” hərəkatından öncə onların mövqelərinə zərbələr endirildi. Şimali İraqda Bərzani hökuməti ilə əldə edilən razılığa görə, oradan çıxarılan neft və qaz Türkiyədən keçməklə Avropa bazarına çıxarılmalıdır. Lakin Həşdi-Şabi PKK ilə əməkdaşlıq edərək həmin layihələrin həyata keçirilməsini əngəlləmək istəyir. Çünki onlar birləşərək oradan çıxan neft və qazı İrana ucuz qiymətə satırlar. İndiki məqamda Türkiyənin ərazini terrordan təmizləməsi İrana da sərf etmir. Ancaq rəsmi Tehranın atdığı addımlar yanlışdır. Vaxtilə PKK Suriya ərazisində yaradılmışdı. Suriyanın keçmiş prezidenti Hafiz Əsəd də 30 il boyunca PKK-ya güclü dəstək verdi. İndi isə PKK, PYD/YPG fərqli adlar altında ABŞ-la birlikdə Suriyanın böyük bir ərazisinə nəzarət edir. İran PKK-nın gələcəkdə oranı da parçalamaq planının bir hissəsi olacağını unutmamalı və belə addımlardan çəkinməlidir”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya