Saat:14:25
Haqqımızda

"Türkiyə müxalifətinin proqram sənədində Rusiya ilə münasibətlərdə soyuqluq yarada biləcək məqamlar var" - ŞAHİN CƏFƏRLİ

2023-01-31 11:51:00

"Putin Ərdoğanın seçki kampaniyasına dəstək məqsədilə BOTAŞ-ın 20 milyard dollarlıq qaz borcunu təxirə salıb, bu isə hökumətə imkan verib ki, əhali üçün qazın qiymətini artırmasın və sənaye müəssisələrinə verilən qazın qiymətini aşağı salsın"

""Millət İttifaqı"nın proqram sənədində Rusiya ilə münasibətlərdə soyuqluq yarada biləcək məqamlar var. Məsələn, Akkuyu Atom Elektrik Stansiyası layihəsinin mövcud durumunun, müqavilənin detallarının, müqavilədən kənar ruslara verilmiş bəzi hüquqların və ya götürülmüş öhdəliklərin araşdırılacağı bildirilir". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli qeyd edib.

Siyasi şərhçinin sözlərinə görə, Türkiyə müxalifəti Akkuyu AES layihəsinin ölkə maraqlarına zidd olduğunu düşünür, hətta bu müqaviləni kapitulyasiyaya bənzədənlər də var: ""Müqavilədən kənar verilmiş hüquqlar" deyiləndə yəqin ki, AES ərazisində Rusiyanın radar stansiyası qurması nəzərdə tutulur. Bu məsələyə "Akkuyu Nuklear AŞ"nin İdarə Heyətinin Türkiyədən olan yeganə üzvü, AKP qurucularından olan Cüneyd Zapsu da etiraz edərək Mersində - Aralıq dənizi sahilində Rusiyanın radar sistemi qurmasının Türkiyənin milli təhlükəsizliyi baxımından problem yarada biləcəyini vurğulayıb. Müxalifətin Ümumi Siyasət üzrə Anlaşma Mətnində Türkiyənin təbii qaz idxalında bəzi ölkə və şirkətlərdən asılılığı probleminə də toxunulub. Qeyd olunur ki, asılılığı azaltmaq və qiymətləri aşağı salmaq üçün yeni mənbələrlə anlaşmalar imzalanacaq və yüksək qiymətlərin əks olunduğu mövcud müqavilələrə yenidən baxılacaq. Aydındır ki, burada da daha çox Rusiya dövləti və "Qazprom" nəzərdə tutulur".

Şahin Cəfərli bildirib ki, mövcud hökumət "yerlilik və millilik" hekayəsi anlatmağı sevsə də, əməldə buna uyğun hərəkət etmir: "Türkiyənin Rusiyadan enerji asılılığı var və bu ölkədən baha qiymətə qaz alır. Üstəlik, Akkuyu AES kifayət etmirmiş kimi, prezident Ərdoğan Sinopda həyata keçiriləcək AES layihəsini də Rusiyaya verəcəyini açıqlayıb. Putin də öz növbəsində, Ərdoğanın seçki kampaniyasına dəstək məqsədilə BOTAŞ-ın 20 milyard dollarlıq qaz borcunu təxirə salıb. Bu isə hökumətə imkan verib ki, əhali üçün qazın qiymətini artırmasın və sənaye müəssisələrinə verilən qazın qiymətini aşağı salsın. Müxalifətin daha bir vədi TBMM-də Korrupsiyanın Araşdırılması üzrə Komissiya yaradılması ilə bağlıdır. Bu komissiya AKP iqtidarı dövründəki korrupsiya hallarını araşdıracaq. Başqa bir vəd isə AKP dövründə ölkədən çıxarılmış böyük pulların geri gətirilməsidir. Amma bu iki problem o qədər mürəkkəb məsələdir ki, müxalifət parlament çoxluğunu ələ keçirərsə onun 5 illik kadensiyasının bu problemlərin araşdırılması və müsbət həlli üçün yetərli olacağına şübhəm var".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR