Saat:12:14
Haqqımızda

“Türkiyə ilə danışıqlar gözlədiyimizdən daha çox vaxt aparır” - İlham Əliyev

2022-11-28 10:26:00

“Türkiyə ilə danışıqlar gözlədiyimizdən daha çox vaxt aparır” - İlham Əliyev

“İndi vaxt itirmədən Trans-Balkan boru kəmərini cəlb etmək imkanı var, xüsusilə keçən ay Yunanıstan və Bolqarıstan arasında interkonnektorun açılışını nəzərə alaraq. Biz hazırıq. Bu boru kəmərinin tutumu 3 milyard kubmetrdir. Beləliklə, biz ola bilsin bir ay müddətində zəruri həcmləri təchiz etməyə hazırıq. Lakin bunun üçün bizim Türkiyə ilə tranzit razılaşmamız olmalıdır. Əfsuslar olsun ki, biz hələ o mərhələyə çatmamışıq. Danışıqlar davam edir. Danışıqlar gözlədiyimizdən daha çox vaxt aparır. Ümid edirik ki, biz bu razılığa gələcəyik. Çünki müəyyən səbəblər üzündən bu razılığa nail olmasaq, onda Türkiyəyə və Avropaya əlavə qazı təchiz etməklə bağlı bütün planlarımız təhlükə altına düşəcəkdir”.

Hurriyyet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O, bu məsələyə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı sabiq səfiri, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü Mətyu Brayzənin Türkiyə ərazisində qaz tranzitinə özəl şirkətlərin cəlb olunması üzrə bu ölkə ilə gedən intensiv müzakirələr barədə verdiyi sualı cavablandırarkən toxunub.

“Əlbəttə ki, biz əməkdaşlığın geniş perspektivlərini nəzərdən keçirərək bu məsələ ilə məşğuluq. Hesab edirəm ki, artıq fəaliyyət göstərən bu nəqliyyat marşrutları Xəzər regionunun bütün ölkələrinin daha da inteqrasiya olunmasına imkan verəcək. Bizim Türkmənistanla əməkdaşlığımızın çox yaxşı tarixi var. Bu gün biz Türkmənistandan daxil olan yüklərə vacib tranzit imkanı yaradırıq. Hətta biz Ələt Dəniz-Ticarət Limanında Türkmənistandan olan yüklər üçün xüsusi yer ayırmışıq. Biz türkmən qazı ilə bağlı svop əməliyyatlarına başlamışıq. Bunun səbəbi odur ki, indi sənayemizdə artım müşahidə olunur və əlavə qaz həcmlərinə böyük tələbat var. Sənaye artır, əhalimiz artır. Biz indi Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə fəal şəkildə məşğuluq və buna görə təbii qaza tələbat, əlbəttə ki, artacaq. Nə edilməlidir? Əlbəttə ki, biz mövcud yataqlardan və növbəti ildən etibarən istifadəyə veriləcək yeni yataqlardan qaz hasilatını artırmağı planlaşdıran əcnəbi neft şirkətləri ilə əməkdaşlığımızı davam etdirəcəyik. Xüsusilə böyük qaz kondensatı yatağı olan “Abşeron”da gələn ildən etibarən hasilata başlanılacaq. Hasilatın birinci fazası 1,5 milyard kubmetr olacaq və əlbəttə ki, hasilatın bir neçə dəfə artırılması üçün potensial var.

Eyni zamanda, biz tamamilə yeni olan mövcud boru kəməri sistemini genişləndirməliyik. İki ildən az müddət bundan əvvəl biz Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəmərini tamamladıq. Lakin artıq bu gün biz həcmin iki dəfə - 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılmasına tələbatı görürük. Bunun üçün əlbəttə ki, bütün pay sahiblərinin konsolidasiya olunmuş mövqeyi və sərmayəsi lazım olacaq. Azərbaycan TAP-da yalnız 20 faiz paya sahibdir. Buna görə biz ümid edirik ki, tərəfdaşlarla həmin məqama çatacağıq. Həmçinin TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə genişlənməsi. Çünki demək olar ki, TANAP-ın bütün tutumu cəlb olunub. Əlbəttə ki, bütün bunlara əlavə sərmayə lazım olacaq. Bunun üçün bizə əlbəttə ki, türkiyəli həmkarlarımızla tranzitlə bağlı razılaşmalarımız olmalıdır. Bu olmadan Avropa istehlakçılarının və həmçinin türkiyəli istehlakçıların artmaqda olan ehtiyaclarını ödəmək mümkün olmayacaq.

İndi vaxt itirmədən Trans-Balkan boru kəmərini cəlb etmək imkanı var, xüsusilə keçən ay Yunanıstan və Bolqarıstan arasında interkonnektorun açılışını nəzərə alaraq. Biz hazırıq. Bu boru kəmərinin tutumu 3 milyard kubmetrdir. Beləliklə, biz ola bilsin bir ay müddətində zəruri həcmləri təchiz etməyə hazırıq. Lakin bunun üçün bizim Türkiyə ilə tranzit razılaşmamız olmalıdır. Əfsuslar olsun ki, biz hələ o mərhələyə çatmamışıq. Danışıqlar davam edir. Danışıqlar gözlədiyimizdən daha çox vaxt aparır. Ümid edirik ki, biz bu razılığa gələcəyik. Çünki müəyyən səbəblər üzündən bu razılığa nail olmasaq, onda Türkiyəyə və Avropaya əlavə qazı təchiz etməklə bağlı bütün planlarımız təhlükə altına düşəcəkdir.

Bilirsiniz ki, bu ilin iyul ayında biz Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalamışıq və bunun üçün potensial mövcuddur. Çünki birincisi, bizim gələcək illərdə istismara verməyi planlaşdırdığımız yeni qaz yataqları var. Mən “Abşeron”u qeyd etdim. “Ümid” və “Babək” yataqlarını qeyd edə bilərəm. “Asiman”ı, “Şəfəq”i və bir çox başqalarını qeyd edə bilərəm. İkincisi, bizim enerji şirkətimiz olan SOCAR-da ciddi islahatlar aparılıb. Yeni korporativ rəhbərlik, şəffaflıq və səmərəlilik bizə əlavə qaz tutumlarına qənaət etməyə imkan verəcək. Həmçinin bərpaolunan enerji mənbələri ilə bağlı artıq beynəlxalq investorlarla başladığımız layihələr. İki layihə artıq həyata keçirilir. Yəqin ki, gələn ilin sonunadək 470 meqavat külək və günəş enerjisi mövcud olacaq. Üstəlik, Cəbrayıldakı 230 meqavat gücündə günəş elektrik stansiyası buna əlavə həcm verəcək. Bu bizə əlavə qaza qənaət etmək imkanı verəcək. Başqa sözlə, biz iyul ayında Avropa Komissiyası ilə imzaladığımız Anlaşma Memorandumunu tam icra edə biləcəyik. Lakin bunun üçün biz türk dostlarımızla razılaşmalarımızı yekunlaşdırmalıyıq. Ümid edirəm ki, bu, tezliklə baş tutacaq”, - prezident bildirib.

yeniavaz.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR