Saat:17:09
Haqqımızda

Türkiyə Finlandiya və İsveçin NATO-YA ÜZVLÜYÜNƏ RAZILIQ VERƏCƏK?

2022-05-17 11:15:00

Türkiyə Finlandiya və İsveçin NATO-YA ÜZVLÜYÜNƏ RAZILIQ VERƏCƏK?

Məhəmməd Əsədullazadə: "Bu, Ankaranın Qərblə danışıqlarından asılıdır, lakin onu da bildirməliyəm ki, Türkiyənin bu məsələdə Rusiyanın yanında olması onun strateji maraqlarına cavab vermir"

"Ukraynaya qarşı edilən hücum Rusiya ilə qonşu olan digər Avropa ölkələrinin Qərb koalisiyasına qoşulmasını şərtləndirib"

Turan Rzayev: "Bir çoxları adıçəkilən ölkələrin NATO-ya daxil olmasına müsbət baxmadığına görə Türkiyəni təndiq etsə də, hesab edirəm ki, Ankaranın mövqeyi başadüşüləndir"

"Ankara Finlandiya və İsveçin alyansa daxil olması qarşılığında Türkiyənin F-35 proqramına qaytarılması, ölkədəki miqrantlara görə Qərbdən iqtisadi yardımların artırılması və lirənin süni şəkildə dəyərdən salmasının qarşısının alınması kimi tələbləri irəli sürə bilər"

İsveç və Finlandiya hökumətləri NATO-ya üzvlüklə bağlı rəsmi qərar qəbul edib. Lakin Şimali Atlantika Blokunda əsas söz sahiblərindən biri olan Türkiyə Cümhuriyyəti adıçəkilən ölkələrin NATO-ya daxil olmasına müsbət baxmır. Belə bir açıqlama ilə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Skandinaviya ölkələri terror təşkilatlarının yuvasına çevrilib: "PKK-sı, DHKP-C-si İsveçdə, Niderlandda yuva salıb. Hətta oraların parlamentlərində də təmsil olunurlar. Bu baxımdan onların alyansa qoşulmasına müsbət yanaşmağımız mümkün deyil".

Finlandiya prezidenti Sauli Niinisto isə öz növbəsində, ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla müzakirəyə hazır olduğunu bəyan edib. Niinisto bildirib ki, Ərdoğanın bu məsələyə dair açıqladığı problemləri müzakirə etmək niyyətindədir. İsveçə gəlincə, bu ölkə NATO-ya üzvlük müraciətini müzakirə etmək üçün tezliklə Ankaraya nümayəndə heyəti göndərəcək.

Bu arada, isveçli ekspert Yan Hallenberq hesab edir ki, ABŞ-ın rəhbərlik etdiyi NATO İsveç və Finlandiyanın alyansa üzv olmasını istəyirsə, o zaman Türkiyəyə güzəştə getməlidir: "Çox güman ki, Finlandiya və İsveçin ittifaqa qoşulmasına Türkiyə razılıq verəcək, lakin Ərdoğanın "hə" deməsi üçün NATO ona güzəştə getməlidir". NATO-nun baş katibi Yens Stoltenberq də bu qənaətdədir ki, Türkiyə Finlandiya və İsveçin müraciətinə mane olmayacaq. Belə ki, "Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünü əngəlləmək niyyətində olmadığını açıq şəkildə bildirdi" deyən Stoltenberq əlavə edib ki, İsveç və Finlandiya alyansa qoşulmazdan əvvəl bu ölkələrin təhlükəsizliyini təmin etmək üçün Baltikyanı ölkələrdə hərbi mövcudluq artırılacaq. Təxminən, eyni məzmunla çıxış edən Pentaqon rəsmisi Con Kirbi də bəyan edib ki, ABŞ İsveç və Finlandiyaya NATO-ya daxil olmamışdan əvvəl hücuma məruz qalacağı təqdirdə onlara hərbi dəstək verəcək: "Müraciətləri və NATO-ya üzvlük prosesi zamanı onların hər hansı yardıma ehtiyacı olarsa, hər iki ölkə ilə münasibətlərimizin səviyyəsi onlara əlavə dəstək göstərməyə imkan verəcək. Vaşinqton Rusiya nümayəndələrinin bəyanatlarından narahatdır, çünki öz ölkələrinin taleyini yalnız İsveç və Finlandiya xalqları özləri müəyyən etməlidirlər".

Təbii ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı qərarı Kremldə ciddi narahatlıq yaradıb və artıq Rusiya yetkililəri bu barədə sərt açıqlamalarla çıxış edirlər. Mələsən, Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Bondarev bildirib ki, Finlandiya NATO-ya daxil olub, ərazisində zərbə qrupları yerləşdirilərsə, Moskva ümumi sərhəddə qoşunları gücləndirəcək.

"Finlandiya və İsveçin NATO-ya üzv olması Qərbin Rusiya üzərində strateji qələbəsi olacaq"

Beləliklə, mövzuyla bağlı fikirlərini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Finlandiya və İsveçin NATO-ya üzv olması beynəlxalq nizamın formalaşması istiqamətində Qərbin Rusiya üzərində strateji qələbəsi olacaq: "Rusiyanın təhdidlərinə baxmayaraq, hər iki ölkə öz təhlükəsizliyini NATO-ya həvalə edir. Bu, yəni İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı qərar qəbul etməsi Rusiyanın Şimali Atlantika Bloku qarşısında zəifləməsidir. Qeyd edim ki, Finlandiya və Rusiya arasında müqaviləyə görə, Finlandiya Rusiyaya qarşı bloklara qoşulmamalıdır. Göründüyü kimi, artıq Rusiya Finlandiya üçün təhlükəli bir dövlət statusuna malik olub". Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, Ukraynaya qarşı edilən hücum Rusiya ilə qonşu olan digər Avropa ölkələrinin Qərb koalisiyasına qoşulmasını şərtləndirib.

"Putin 1999-cu ildə Rusiyanı necə təhvil almışdısa, ondan da pis halda təhvil verib gedəcək"

Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyünə veto qoymaq hüququna gəlincə, politoloq qeyd edib ki, bu, Ankaranın Qərblə danışıqlarından asılı olacaq: "Onu da bildirməliyəm ki, Türkiyənin bu məsələdə Rusiyanın yanında olması Ankaranın strateji maraqlarına cavab vermir. Rusiyanın Finlandiya və İsveçə qarşı müharibə ehtimalı isə aşağı səviyyədədir. Rusiya üçün şimalda yeni cəbhə açmaq resursları baxımından mümkün deyil. Düşünürəm ki, Ukrayna bataqlığında batan Rusiyanın bu vəziyyətdən çıxması uzun müddət mümkün olmayacaq. Odur ki, fikrimcə, Rusiya prezidenti Vladimir Putin 1999-cu ildə Rusiyanı necə təhvil almışdısa, ondan da pis halda təhvil verib gedəcək. Azərbaycana gəlincə, biz Rusiya ilə qonşuyuq, lakin həm də artıq NATO ölkəsi olan Türkiyə ilə rəsmi müttəfiqik".

"Əgər Finlandiyanın NATO-ya üzvlüyünə yaşıl işıq yandırılsa, o zaman Avropanın təhlükəsizlik xəritəsi köklü şəkildə dəyişəcək"

Finlandiya və İsveçin NATO-ya üzv ola bilməsi üçün Türkiyə də daxil olmaqla, bütün NATO üzvlərinin razılığının tələb olunduğunu vurğulayan siyasi şərhçi Turan Rzayev isə bildirib ki, əgər bu təsdiq verilsə və Finlandiyanın üzvlüyünə yaşıl işıq yandırılsa, o zaman Avropanın təhlükəsizlik xəritəsi köklü şəkildə dəyişəcək. Ankaranın məsələyə dair mövqeyinə gəlincə, siyasi şərhçi deyib ki, bir çoxları adıçəkilən ölkələrin NATO-ya daxil olmasına müsbət baxmadığına görə Türkiyəni təndiq etsə də, o, qardaş ölkəni tamamilə doğru və haqlı sayır: "Xüsusilə də Ərdoğanın "Skandinaviya ölkələri terror təşkilatlarının yuvasına çevrilib" ifadəsi Ankaranın əsas arqumentidir. Türkiyə illərdir adıçəkilən terror təşkilatları ilə həm ölkə daxilində, həm də xaricində mübarizə aparır. Bununla belə Skandinaviya ölkələri başda olmaqla, bir çox Avropa ölkəsi PKK, PYD, YPG kimi terror təşkilatını himayə edir. İsveç və Norveç kral ailəsi səviyyəsində bu terror təşkilatını dəstəkləyir. Finlandiyaya gəldikdə isə rəsmi Helsinki İsveç, Norveç qədər terror təşkilatlarını dəsətkləməsə də siyasi sığınacaq verir və sərbəst şəkildə ölkədə yaşaması üçün şərait yaradır. Hesab edirəm ki, bu və digər səbəblərə görə Ankaranın mövqeyi başadüşüləndir".

"Finlandiya və İsveçin ittifaqa qoşulmasına Türkiyə razılıq verəcək, lakin Ərdoğanın "hə" deməsi üçün NATO ona güzəştə getməlidir"

Türkiyənin indiki məqamda Finlandiya və İsveçin müraciətinə mane olmayacağını iddia edən Turan Razayev əlavə edib ki, Ankaranın belə bir niyyətinin olmadığını NATO-nun baş katibi Yens Stoltenberq də təsdiqləyib: "Stoltenberq qeyd edib ki, İsveç və Finlandiya alyansa qoşulmazdan əvvəl bu ölkələrin təhlükəsizliyini təmin etmək üçün Baltikyanı ölkələrdə hərbi mövcudluq artırılacaq. Onun bu sözündən belə bir nəticəyə gəlmək olar ki, Finlandiya və İsveçin ittifaqa qoşulmasına Türkiyə razılıq verəcək, lakin Ərdoğanın "hə" deməsi üçün NATO ona güzəştə getməlidir. Artıq bu istiqamətdə danışıqların başladığını da demək olar. Misal üçün İsveç NATO-ya üzvlük müraciətini müzakirə etmək üçün tezliklə Ankaraya nümayəndə heyəti göndərəcəyini elan edib. Məlumata görə, nümayəndə heyəti Türkiyənin Finlandiya və İsveçin NATO-ya qəbuluna qarşı olması ətrafında müzakirələr aparacaq. İsveçin NATO-ya üzvlük müraciətini müzakirə etmək üçün Ankaraya nümayəndə heyəti göndərməsi də təsadüfi deyil. Məsələ ondadır ki, ABŞ dövlət katibi Entoni Blinken ötəngünkü açıqlamasında qeyd edib ki, danışıqlar davam edir, Türkiyə, Finlandiya və İsveç arasında fikir ayrılıqları var, amma üzvlük prosesilə bağlı əminəm ki, razılığa gələcəyik. Aydın məsələdir ki, Türkiyə, Finlandiya və İsveç arasındakı əsas fikir ayrılığı PYD, YPG, PKK ilə bağlıdır. Türkiyənin bu məsələdə geri addım atması inandırıcı olmasa da İsveçin Türkiyəyə hansı təkliflər irəli sürəcəyi də maraqlıdır". Siyasi şərhçinin qənaətincə, rəsmi Ankara Finlandiya və İsveçin alyansa daxil olması qarşılığında Türkiyənin F-35 proqramına qaytarılması, ölkədəki miqrantlara görə Qərbdən iqtisadi yardımların artırılması və lirənin süni şəkildə dəyərdən salmasının qarşısının alınması kimi tələbləri irəli sürə bilər.

Vazeh BƏHRAMOĞLU

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR