Türk toplumuna nifrət və xəyanət ermənilərin QANINA, BEYİNLƏRİNƏ İŞLƏYİB

2023-02-28 11:00:00

Türk toplumuna nifrət və xəyanət ermənilərin QANINA, BEYİNLƏRİNƏ İŞLƏYİB

Ötən əsrin 90-cı illərində Xocalı ilə yanaşı, Bağanis Ayrım, Kərkicahan, Meşəli, Qaradağlı, Başgüneytəpə, Ağdaban, Ballıqaya və Başlıbeldə mülki azərbaycanlıların kütləvi qırğınlara məruz qalması bunu bir daha təsdiqləyir

Tarixi və siyasi prosesləri təhlil edərək, normal məntiq yütürməyi bacaran hər kəs təsdiqləyər ki, xainlik, ikiüzlülük, riyakarlıq, əxlaqsızlıq və sadalamadığımız daha bir çox eybəcərliklər ermənilərin qanına, ruhuna, geninə işlədiyindən onlardan hər cür alçaqlığı gözləməyə dəyər. Elə yaxın keçmişə nəzər salsanız, görərsiniz ki, ermənilər onlara uzadılan yardım əlini öpüb alınlarına qoymaq əvəzinə imkan düşən kimi həmin əlin sahibinə xəyanət ediblər. Və bu gün də etməkdədirlər.

Ermənistanın rəsmi dairələri, eləcə də erməni diasporu uzun illərdir Azərbaycana qarşı terror müharibəsi aparır

Bu gün artıq hər kəsə bəllidir ki, Ermənistanın rəsmi dairələri və bu ölkənin vətəndaşları, eləcə də erməni diasporu açıq-aşkar şəkildə terroru dəstəkləyir, hətta mütəmadi olaraq terrorçulara maliyyə yardımı edir. Elə buna görədir ki, erməni terror təşkilatları uzun illərdir Azərbaycana qarşı terror müharibəsi aparır. Belə ki, Ermənistan hökuməti, eyni zamanda erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçuları 1980-ci illərdən başlayaraq, ölkəmizə qarşı açıq-aşkar savaş elan ediblər. 1990-cı ildə Yevlax-Laçın yolunun 105-ci km-də "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobusun partladılması, 1991-ci ildə "Molodyoj Azerbaycana" qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtomobilə edilən hücum, Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarının partladılması, 20 noyabr 1991-ci il tarixdə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" vertolyotunun atəşə tutulması nəticəsində vertolyot heyəti və sərnişinlərin həlak olması, 1992-ci ildə Türkmənistandan "Krasnovodsk-Bakı" marşurutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror aktı, "Ağdam-Şuşa" marşrutu ilə uçan "Mİ-8" mülki vertolyotun Şuşa şəhəri yaxınlığında vurulması, 1993-cü ildə Bakı Dəmir Yolu Vağzalında sərnişin qatarının vaqonunun partladılması, 1994-cü ildə Bakı Metropolitenin "20 Yanvar" stansiyasında törədilmiş partlayış, həmçinin uzun illər Qarabağda edilən vəhşiliklər bir daha onu sübuta yetirir ki, Ermənistan hökuməti dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil edib, nəticədə minlərlə günahsız insan həlak olub. Bundan başqa, ötən əsrin 90-cı illərində Xocalı soyqırımı kimi dəhşətli cinayətlə yanaşı, Bağanis Ayrım, Kərkicahan, Meşəli, Qaradağlı, Başgüneytəpə, Ağdaban, Ballıqaya və Başlıbeldə mülki azərbaycanlıların kütləvi qırğınlara məruz qalması da onu təsdiqləyir ki, türk toplumuna nifrət və xəyanət artıq onların bir millət kimi qanına, beyinlərinə işləyib.

Xocalı soyqırımı, həmçinin, Bağanis Ayrım, Kərkicahan, Meşəli, Qaradağlı, Başgüneytəpə, Ağdaban, Ballıqaya və Başlıbeldə törədilən qırğınlar Azərbaycan xalqına qarşı tətbiq edilən və uzun illərdən bəri planlaşdırılan deportasiya siyasətinin məntiqi nəticəsi idi

Bildiyiniz kimi, bugünlərdə, daha dəqiq desək, fevralın 26-da bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 31-ci ildönümü qeyd olunub. Nəzərinizə çatdıraq ki, məhz Azərbaycan hökumətinin erməni şovinistlərinin soydaşlarımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyəti nəticəsində artıq bütün dünya bilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlanıb. Nəticədə şəhərdə yanğınlar baş verib və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünüb. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular. Bu qırğının nəticəsində 63-ü uşaq, 106-sı qadın və 70-i qoca olmaqla, ümumilikdə 613 nəfər həlak olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 130 uşaq valideynlərindən birini itirib, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.

Beləliklə, bu gün artıq öz təsdiqini tapıb ki, Xocalı soyqırımı, həmçinin, Bağanis Ayrım, Kərkicahan, Meşəli, Qaradağlı, Başgüneytəpə, Ağdaban, Ballıqaya və Başlıbeldə törədilən qırğınlar ermənilərin, onların havadarlarının Azərbaycan xalqına qarşı tətbiq edilən və uzun illərdən bəri planlaşdırılan deportasiya siyasətinin məntiqi nəticəsi idi.

Bağanis Ayrım faciəsi və qurbanları...

Məlumat üçün bildirək ki, 1990-cı il martın 24-də Qazax rayonunun Bağanis Ayrım kəndində ermənilər tərəfindən törədilmiş qırğın nəticəsində kənd sakinləri 1915-ci il təvəllüdlü Əsliyev Dədəkişi Bayram oğlu və onun ailə üzvləri - 1923-cü il təvəllüdlü Əsliyeva Pakizə Qulu qızı, 1959-cu il təvəllüdlü Əsgərova Havaxanım Dədəş qızı, 1963-cü il təvəllüdlü Adıgözəlova Alya Dədəş qızı, 1990-cı ilin fevral ayında anadan olmuş Adıgözəlov Hafiz Ramiz oğlu, onların həmkəndlisi, 1942-ci il təvəllüdlü Məhərrəmov Alməmməd Gülməmməd oğlu və xidməti vəzifəsini həyata keçirən 1965-ci il təvəllüdlü, polis əməkdaşı Məmmədov Məcid Oqtay oğlu odlu silahlarla qətlə yetirilib, Adıgözəlov Mülkədar İsrafil oğlu və polis əməkdaşı Əhmədov Zirəddin Musa oğlu isə yaralanıb. O cümlədən, ermənilərin hücumu zamanı yeddi nəfər kənd sakini ocağa atılaraq yandırılı. Əsliyevlər ailəsinin 5 üzvü işgəncələrlə qətlə yetirildikdən sonra üstlərinə benzin tökülərək yandırılıb. Alməmməd Məhərrəmov isə həyətindəki ot tayasına atılaraq diri-diri yandırılıb. Kənddə növbə çəkən milis əməkdaşı Məcid Əhmədov güllələnib, 2 nəfər isə odlu silahla yaralanıb. Qətlə yetirilənlərin ən yaşlısı Dədəş Əsliyev 75 yaşında, ən kiçiyi isə beşikdə olan 39 günlük Hafiz olub.

Kərkicahan sakinləri də erməni silahlıları tərəfindən işgəncə ilə öldürülüb

Azərbaycanın Xankəndi şəhərinin inzibati ərazi vahidində yerləşən Kərkicahan qəsəbəsi isə 1991-ci il dekabrın 28-də başlayan hücumdan 1 gün sonra erməni terrorçuları tərəfindən işğal edildi. Qeyd edək ki, Kərkicahan və ətraf ərazilər uğrunda gedən döyüşlərdə 34 nəfər şəhid olub, 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Şəhid olanlardan 3-ü qadın, 2-si azyaşlı uşaq olub. Həmin vaxt kəndin müdafiəsi yerli əhali, polis və yenicə yaranmış Azərbaycan Ordusunun bir qrup əsgəri tərəfindən təşkil olunmuşdu. Lakin erməni silahlılarının istifadəsində hərbi texnika və ağır silahlar olduğundan, geri çəkilməyə məcbur oldular. Ermənilər Kərkicahan camaatını qazsız, susuz, işıqsız qoymuşdular və digər ərazilərlə rabitə yox idi. Nəticədə Kərkicahan sakinlərinin bir çoxu erməni pusqusuna düşüb və işgəncə ilə öldürülüb.

Erməni vəhşiliyinin növbəti qurbanı - Xocalı rayonunun Meşəli kəndi

1991-ci il dekabrın 23-də isə erməni hərbi birləşmələri Xocalı rayonunun Meşəli kəndinə hücum ediblər. Bir neçə saat davam edən atışmadan sonra erməni quldurları kəndə girərək evlərə, tövlələrə, ot tayalarına od vurub, 8-i qadın, 3-ü uşaq olmaqla, 28 nəfəri qətlə yetirib, 14 nəfəri yaralayıblar. Meşəli kəndi həmin gün Şuşa və Xocalıdan köməyə gələn qüvvələr tərəfindən azad edilsə də, bir ay sonra yenidən erməni hərbi birləşmələri tərəfindən işğal edilib və son evədək yandırılıb. İlkin məlumata görə, ermənilər kənd sakinlərinin bir çoxunu, daha dəqiq desək, 12 nəfər qadını, uşaq, qocanı diri-diri yandırıblar.

Qaradağlı faciəsi erməni vəhşiliyinin bariz sübutudur

Qaradağlı qətliamını isə ikinci Xocalı adlandırırlar. Həm də bu, Xocalıya gedən yolun başlanğıcı idi. Belə ki, erməni hərbi birləşmələri 1992-ci il fevralın 14-də Xankəndidə yerləşən 366-cı motoatıcı alayının hərbi qüvvəsinin və texnikasının köməyi ilə Xocavəndin Qaradağlı kəndinə hücum etdi. Sakinlərin kəndi qəhrəmancasına müdafiə etməsinə baxmayaraq, fevralın 17-də qeyri-bərabər döyüşlərdə Qaradağlı kəndi ermənilər tərəfindən işğal olundu. Əsir götürülən 118 nəfərdən 101-i vəhşicəsinə qətlə yetirildi. Öldürülənlərdən 21 nəfəri ahil və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli idi. Onu da bildirək ki, kənd erməni silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra yandırılıb, mülki əhali qırğına məruz qalıb. Qətlə yetirilənlərdən 3 kənd sakininin üzərinə dizel yanacağı tökülərək yandırılıb, 2 nəfərin isə başı kəsilib.

(ardı var)

Valeh TÜRKSOY


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.152847