Saat:21:32
Haqqımızda

“Türk olduğumuz üçün bizə heç yerdə iş vermirlər”

2021-09-21 09:16:00

“Türk olduğumuz üçün bizə heç yerdə iş vermirlər”

Fazil Əliyev: “İndiki hakimiyyət Gürcüstan türklərini kölə kimi idarə etmək istəyir”

“Gürcüstanda yayılan “islam dini” yalnız türklərin əleyhinə fəaliyyət göstərir”

“Sovetlər dönəmində Gürcüstan türklərinin təhsil, elm, din, mədəniyyət, incəsənət sahəsində vəziyyəti indikindən 50 dəfə yaxşı idi”

Gürcüstanda oktyabr ayında ölkənin siyasi sistemi üçün mühüm çəkisi olan bələdiyyə orqanlarına seçkilər keçiriləcək. Seçkilərə hazırlıq fonunda bu ölkədəki soydaşlarımızın siyasi aktivliyi də artmaqdadır. Gürcüstandakı soydaşlarımızın əvvəlki və indiki hakimiyyət zamanındakı durumu, dəyişiklikləri, problemləri, perspektivləri barədə sabiq deputat, Gürcüstan prezidentliyinə keçmiş namizəd Fazil Əliyevlə söhbətləşdik.

(Əvvəli ötən sayımızda)

-Bildiyiniz kimi, son illərdə Gürcüstan hakimiyyəti qeyri-müəyyən mövqe nümayiş etdirərək hansısa şəxslərin ölkəyə daxil olmasını qadağan edir. İstər Azərbaycan vətəndaşları, istər başqa ölkələrin vətəndaşları olsun. Hətta bu şəxslərdən Gürcüstan əsilli, Borçalı kökənli olanları da var. Misal olaraq, “Borçalı” İctimai Birliyinin keçmiş sədri Kərəm Məmmədovu göstərə bilərik. Hansı ki, bildiyimizə görə, onun Gürcüstana qarşı hansısa fəaliyyəti yoxdur, əksinə hər zaman Gürcüstan-Azərbaycan dostluğunun tərəfdarı kimi çıxış edib. Buna rəğmən, Kərəm Məmmədovun və adını çəkmədiyimiz çox sayda insanın öz doğma yurduna getməsinə qadağa qoyulması nəylə bağlıdır?

- Bu gün də siyasi təqiblər var. Xeyli qanun pozuntuları da var. 2 oktyabrda Gürcüstanda keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərinə hələ müəyyən müddət qalmasına baxmayaraq, beynəlxalq təşkilatlar tərəfindən 3 mindən çox qanun pozuntuları qeydə alınıb. Xüsusən, məni bir siyasi partiya başçısı kimi Gürcüstanda olan türklərə münasibəti narahat edir. Keçmiş Başkeçid, indiki Dmanisi rayonunda əhalinin 75-80%-ni türklərin təşkil etməsinə baxmayaraq, nə rayon icra başçısı, nə də bələdiyyənin başçısı Gürcüstan türkü deyil. Eyni vəziyyət Bolnisidə də, Marneulidə də, Qardabanidə də var. Saqareco rayonuda, Laqodexidə, Kaspidə, Telavidə, demək olar Gürcüstanın türklər yaşayan bütün regionlarında bizim hüquqlarımız kobud şəkildə pozulur. İndiki hakimiyyət Gürcüstan türklərini kölə kimi idarə etmək istəyir. Biz qadın və uşaq ölümünə görə Gürcüstanda birinci yerdəyik. 1936-cı ildə repressiya olunmuş adamlarımızı geri qaytarmağa çalışırıq. Bu günə qədər də Gürcüstan hakimiyyəti reaksiya verməyib. İnşallah, biz türk adımızı qayataracağıq. Bundan başqa, Gürcüstanın elitası alimlərimiz, incəsənət xadimlərimiz, idmançılarımız müəyyən səbəblərdən ölkəyə buraxılmır. O cümlədən Kərəm Məmmədov və s. tanınmış görkəmli idmançılarımız belə Gürcüstana buraxılmırlar. Heç bir səbəb olmadan.

- Gürcüstanda azərbaycandilli əhalinin spesifik problemləri nələrdir? Hüquq, təhsil, sosial, mədəniyyət sahəsində soydaşlarımız nə kimi problemlərlə üzləşir?

- Təhsilimizin səviyyəsi çox katastrofik səviyyəyə - reanimasiya vəziyyətinə düşüb. Son 25-30 ildə məktəblərimizin sayı, şagirdlərimizin, müəllimlərimizin sayı 2 dəfə azalıb. Müəllim kontingenti hazırlanmadığından, artıq orta məktəblərdə kütləvi müəllim çatışmazlığı baş verir. Bu da ailələrin çoxunu Gürcüstanı tərk etmək məcburiyyətində qoyur. Bunun hamısı Gürcüstan hakimiyyətinin apardığı irqçilik siyasətinin nəticəsidir. Sovetlər dönəmində Gürcüstan türklərinin istər təhsil, elm, din, mədəniyyət, incəsənət sahəsində vəziyyəti indikindən 50 dəfə yaxşı idi. Gürcüstan hakimiyyətinin tez-tez dəyişməyinə baxmayaraq, türklərə münasibət dəyişmir. Dinimizi tamamailə qeyri-din adamlarının nəzarətinə veriblər. Millətimizə xidmət etməyən adamlar topluluğunun dinə nəzarət etməsi nəticəsində biz dindən xeyirdən çox böyük zərərlər görürük. Amma xristian kilsəsi bundan çox fərqlidir. Orada normal, Bibliya qanunları ilə çalışan xristian kilsəsi bütün fəaliyyətini yalnız və yalnız gürcü millətinin qorunmasına, inkişafına, demoqrafik vəziyyətinin güclənməsinə, elminin artmasına və s. sərf etməsinə baxmayaraq, Gürcüstanda yayılan “islam dini” yalnız türklərin əleyhinə fəaliyyət göstərir. Onların heç bir fəaliyyəti bizə dəstək deyil, əksinə bizim ictimai fəaliyyətimizə zərbə vurmaqdan ibarətdir.

Müəllim kontingenti kütləvi azaldığına görə, məktəblərin bağlanacağını qabaqcadan anons verə bilərik. Azərbaycan dilində olan-qalan elm fakultələri bağlanıb. Ona görə, bu gün Azərbaycanada bizim millətimizə mənsub bir nəfər də olsun elmlər doktoru, professor yoxdur. Ziyalılarımızın sayı kütləvi surətdə azalır. Səhiyyə sahəsində qadın və uşaq ölümlərinə görə Gürcüstan türkləri birinci yerdədir. Türklər yaşayan regionlarda səhiyyə siyasəti sıfır həddindədir. Buna baxmayaraq, gürcülər və digər millətlər yaşayan regionlarda adam başına səhiyyə və sosial məqsədli xərclənən pullar bizə sərf olunandan yüz dəfələrlə çoxdur.

Seçki sisteminə gəldikdə, açıq-açığına ayrı-seçkilik qoyulur. Təsəvvür edin ki, Marneulidə 500-ə yaxın erməni yaşamasına baxmayaraq, bələdiyyələrdə erməni millət vəkillərinin sayı türklərdən çoxdur. Hansı ki, Marneuli əhalisinin 95%-i türkdür. Gürcüstan mərkəzi hakimiyyət orqanlarında soydaşlarımıza iş verilməsindən söhbət gedə bilməz. Ora Gürcüstan türklərinin üzünə çoxdan bağlıdır. Gürcüstanda türklərə qarşı yeridilən siyasətdə irqçililk, diskriminasiya, soyqırım əlamətləri bariz görünür. Kənd, məntəqə adlarının sonradan dəyişdirilməsi, bizim türk olduğumuza görə iş verilməməsi səbəbindən 10 minlərlə gəncimiz işsiz qalır və məcburdurlar ki, gedib Tiflisdə fəhlə işləsinlər. Erməni həkimləri sosial şəbəkələrdə bizi açıq-açığına təhqir edirlər və deyirlər ki, Gürcüstan türkləri iylənirlər, qoxu verirlər, ona görə mən bu millətə nifrət edirəm, onları müalicə etməyəcəm. Bizim dövlət strukturlarına müraciət etməyimizə baxmayaraq, bu günə qədər də həmin həkim haqda heç bir qanuni ölçü götürülməyib. Hətta bizim gənclər bir dəfə təcili tibbi yardım maşınına müraciət etmişdilər. Gələn həkimlər gürcü idilər, bizim azərbaycanlılar onlara etiraz edəndə ki, nəyə görə bizi belə keyfiyyətsiz müalicə edirsiniz, onlar demişdilər ki, gedin öz vətəninizə, Bakıya, orada şikayət edərsiniz. Biz bunu hakimiyyətin nəzərinə çatdırdıqda heç bir reaksiya verilmədi. Yəni bu da Gürcüstan hakimiyyəti ilə həkimlərin eyni fikirdə olduğunu sübut etdi ki, bunlar bizi qonaq kimi qəbul edirlər, yerli əhali kimi qəbul etmirlər. Bu da Gürücstan hakimiyyətinin həyasızlığının son həddə çatdığını bir daha sübut edir.

Gürcüstanın baş naziri seçkilərdə yardım istəmək məqsədilə azərbaycanlılar yaşayan royonlara gəlməyə hazırlaşır. Mümkün olsa, bu sualları baş nazirə verin ki, nəyə görə Gürcüstanda azərbaycanlılar qadın və uşaq ölümünə görə birinci yerdədir? Nəyə görə onlar heç bir dövlət orqanlarında, Prezident Aparatında təmsil olunmur? Nəyə görə əhlainin 85-90%-ni təşkil etdiyimiz rayonlarda icra başçısı bizim millətdən deyil? Onlardan soruşun ki, nəyə görə qubernator postu vakansiyası azərbaycanlıya aid olmasına baxmayaraq, illərdir ki, boşdur? Niyə ora azərbaycanlı təyin etmirlər? Nəyə görə gürcü dilində universitet bitirən gənclərimiz gedib fəhlə kimi çalışırlar? Nəyə görə sayca bizdən qat-qat az olan ermənilərin 20-25 nümayəndəsi məhkəmə və prokurorluq sistemində çalışır və 20-25 nəfər kürd məhkəmə-prokurorluq sistemində çalışır, amma bir nəfər də olsun azərbaycanlı yoxdur.

Buradakı əhalimizin problemlərindən biri də odur ki, keçən il də, bu il də torpaq sahibləri olan fermerlərin 90%-indən çoxuna suvarma suyu verilmədi və əkinləri puç oldu. Xalq çox kasıb vəziyyətə düşdü. Çox adam bank qarşısında borclu vəziyyətə düşdü. Banka girov qoyduqları əmlaklarını itirməmək üçün xalq Avropaya iş dalınca axın etdi ki, heç olmasa bankların borclarını qaytara bilsinlər. Bu, bizə qarşı diskriminasiya və irqçiliklə bağlıdır. Gürcüstan hakimiyyətinə rəhbərlik edən Qaribaşvili tipli yalançılar Azərbaycanda da burada yaşayan azərbaycanlıların gürcü cəmiyyətinə hələ inteqrasiya olunmadığını, gürcü dilini bilmədiyi yalanlarını danışır. Baxmayaraq ki, Gürcüstanda gürcü dilini onların özündən belə yaxşı bilən gənclərimiz, ziyalılarımız var. Amma türk olduğumuz üçün bizi ya işdən çıxarırlar, ya da heç iş vermirlər. Demək olar ki, azərbaycanlı məktəblərin bizim millətdən olan müdirləri ya kütləvi şəkildə çıxarılır, ya da onların yerinə gürcü millətinin nümayəndələri təyin olunur. Baxmayaraq ki, Kvemo-Kartli (Borçalı) postu həmişə azərbaycanlıların tutduğu post olub, neçə illərdir həmin vakansiyaya azərbaycanlı təyin etmirlər. Bununla yanaşı Dmanisi, Bolnisi və digər bölgələrdə azərbaycanlıalr yuxarı vəzifələrdə təmsil olunmurlar. Yalnız və yalnız güc strukturları şantaj və kompromatlarla bizim gəncləri, ziyalıları verbovka etməklə şəxsi agenturasına çevirirlər, onları əzirlər, onların əliylə də millətimizə qarşı yaramaz hərəkətlər edirlər. Eləcə də kəndlərin adlarının dəyişdirilməsi Bolnisidə çox baş vermişdir. Soyadlarını dəyişdirmiş erməniləri bilərəkdən azərbaycanlıların kompakt yaşadığı kəndlərə təyin edirlər ki, onlar bizə qarşı irqçilik və diskriminasiya siyasəti həyata keçirsinlər. Bunun nəticəsidir ki, Bolnisi rayonunun 98% kəndlərinin adları dəyişdirilmişdir və bizə yad olan adlarla əvəzlənmişdir.

Gənclərimizin idmanla məşğul olmasına imkan vermirlər. Narkomaniyanı, heroin satışını bilərəkdən xüsusi göstərişlə azərbaycanlılar yaşayan regionlarda genişləndirirlər və xalqa imkan vermirlər ki, buna qarşı mübarizə aparsın. Hakimiyyət də buna göz yumur. Günü-gündən bunun miqdarını artırmaqla məşğuldur. Gənclərimizin arzuladığı qədər təhsillə, yaxud idmanla məşğul olması üçün heç bir şərait yaradılmır. Yaxud götürək soydaşlarımızın gürcü cəmiyyətinə inteqrasiya olunması məsələsinə çox ciddi problemlər yaradırlar. Demək olar ki, bizim Gürcüstan Konstitusiyasında, yaxud BMT-nin, AB-nin insan hüquqlarının, milli, dini haqq və hüquq konvensiyalarının bütün maddələri kobud şəkildə pozulur, nəinki diskriminasiya ilə irqçilik, hətta bizə qarşı açıq-açığına soyqırım əlamətləri mövcuddur. Buna baxmayaraq dünya birliyi, 300 milyonluq türk dünyası hələ də susmaqdadır. Biz öyrənmişik ki, vəziyyət Xocalı həddinə gəlib çıxsın, dünyaya səs salsınlar. Amma dünya bilməlidir ki, biz - Gürcüstanda yaşayan türklər mənəvi cəhətdən çoxdan Xocalının gününə salınmışıq. Yəni bizim heç bir hüququmuz yoxdur. Gürcüstanda əhalinin 20-25%-ni təşkil etdiyimizə, sayımıza görə bu ölkədə 2-ci millət olduğumuza baxmayaraq, nə icra, nə qanunverici orqanlarda təmsil olunmuruq. Ölkənin Prezident Aparatı, Nazirlər Kabineti, bütün dövlət strukturlarının hamısı 100% yalnız gürcülərdən və gürcü soyadı götürmüş ermənilərdən ibarətdir. Bir nəfər azərbaycanlı hansısa dövlət orqanlarında tapmaq qeyri-mümükündür. Eksponat kimi bir-iki nəfər türkçülüklə, azərbaycançılıqla əlaqəsi olmayan, kompramatlarla dolu olan adamları formal olaraq parlamentə deputat seçməklə görüntü yaradırlar ki, guya burada azərbaycanlı türklərə hörmət olunur. Mən sizi tam əmin edə bilərəm ki, Gürcüstan konstitusiyasının - xalq dövlətin mənbəyidir, din dövlətdən ayrıdır - kimi bir çox maddələri çox kobud surətdə pozulur. Bu yaxınlarda Gürcüstan dini məsələlər üzrə dövlət müşaviri Azərbaycana səfər edəndə xahiş etdi ki, bizə din haqda qanun qəbul etməyə köməklik göstərin. Yəni belə çıxır ki, Gürcüstanda bunların vasitəsilə təyin olunmuş axundlar, şeyxlər və s. hamısı qeyri-qanuni fəlaiyyət göstərirlər. Bu, həqiqətən də belədir. Baxmayaraq ki, Gürcüstanda xristian kilsəsi Bibliya qanunları ilə idarə olunur və dövlətə tabe deyil, dövlətdən müstəqil fəaliyyət göstərir, amma yalnız bizim dinimiz güc strukturları tərəfindən maliyyələşərək faktiki güc strukturlarının agenturası kimi fəaliyyət göstərirlər. Çünki onların şeyx adını, axund adını dövlət özü verir. Xalq isə onları demək olar ki, tanımır. Ona görə burada olan din xadimləri Gürcüstan türklərinə xidmət etmirlər. Onlar ya İranda, ya İraqda olan xüsusi xidmət orqanlarına xidmət edirlər.

Allahşükür Paşazadənin də vaxtilə bizim Gürcüstanda yaşayan türklərin dinini gətirib bazar vəziyyətinə salması nəticəsində dinimizi özü kimi yararsız insanların əlində qoymuşdur. Biz əlimizdən gələn qədər çalışırıq ki, dinimizi, təhsilimizi xilas edə bilək.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

***

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR