Türk dünyasına düşmən kəsilən, ölkəmizi parçalamağa çalışan FARS-MOLLA REJİMİNİN İFŞASI...

2022-11-15 11:04:00

Türk dünyasına düşmən kəsilən, ölkəmizi parçalamağa çalışan FARS-MOLLA REJİMİNİN İFŞASI...

Məhəmməd Əsədullazadə: "Azərbaycanın hərbi, siyasi və iqtisadi inkişafı İran rejimini, fars millətçilərini ciddi şəkildə narahat edir"

"İranın ölkəmizdə səfirliyi casus şəbəkəsinin idarə edilməsinin və silahlı terrorçu qrupların əsas mərkəzi olub"

Elxan Şahinoğlu: "İlham Əliyevin İranla və Güney Azərbaycandakı soydaşlarımızla bağlı son açıqlamaları Tehran rejimini silkələyib"

İlqar Altay: "Azərbaycanın İranla 30 illik münasibətlərdə yeni, inqilabi dönüş başlanır"

Osman Gündüz: "Güman etmək olar ki, İranın son zamanlar ölkəmizin əleyhinə təhdidlərinin artmasından, sərhəddə hərbi təlimlər keçməsindən sonra Azərbaycana qarşı işləyən casus şəbəkə də aktivləşib"

Bu gün artıq heç kimə sirr deyil ki, özünü İslam dövləti adlandıran İran, daha dəqiq desək, fars-molla rejimi nəyin bahasına olursa-olsun Azərbaycanı öz təsir dairəsinə almağa çalışır. Bunun onların çoxdankı arzusu olduğu da hamıya, ən azından prosesləri diqqətlə izləyən və molla rejiminin siyasətini düzgün təhlil etməyi bacaranlara bəllidir. Belə ki, daim türkə, Türk dünyasına düşmən gözü ilə baxan fars rejimi hər zaman ölkəmizi parçalamağa, Azərbaycan vətəndaşları arasında nifaq salmağa və bunu məhz İslam pərdəsi altında gerçəkləşdirməyə can atır. Son proseslər də bir daha sübuta yetirir ki, ağlı başında olan birisinin bunu inkar etməsi mümkün deyil.

İranın Azərbaycandakı casus şəbəkəsinin yaxalanan 5 üzvü görün, nələr edib...

Şükürlər olsun ki, bu gün Azərbaycanın milli təhlükəsizliyinə qarant olan qurumlar, hüquq-mühafizə orqanları lazımı anda zəruri addımlar atmaqdan çəkinmir, bu cür qüvvələrin ölkəmizdəki əlaltılarına qarşı daim layiqli cavab verir, onların mənfur əməllərini ifşa edib planlarını iflasa uğradırlar. Məsələn, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı son məlumatda deyilir ki, İran İslam Respublikası xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində DTX tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilib ki, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Zahir Fəxrəddin oğlu Əsgərov İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq müqabilində adıçəkilən ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilib. Belə ki, o, ötən dövr ərzində onların tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplayıb. Zahir Əsgərov sözügedən məlumatları mobil telefon vasitəsilə, eləcə də İranda həmin şəxslərlə görüşlər zamanı bilavasitə təqdim etməklə casusluq formasında dövlətə xəyanət edib.

Başqa bir araşdırma ilə müəyyən edilib ki, Elnur Akif oğlu Rəsulov 2018-ci ildə müalicə məqsədilə İranda olarkən orada özünü "Meyse" və "Doktor" adları altında təqdim edən bu ölkənin xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlıq barədə sövdələşib. Elnur Rəsulov əvvəlcə bilavasitə, daha sonra məxfi əməkdaşlığa cəlb etdiyi qohumu Rəsulov Arif Əmrah oğlu ilə birlikdə müxtəlif məbləğlərdə ödəniş qarşılığında verilən tapşırıqları icra edərək Bakı şəhəri Qaradağ rayonunda neft və qaz boru kəmərlərinin keçdiyi ərazilərin, hava limanlarında saxlanılan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə aid pilotsuz uçuş aparatlarının, tankların və müxtəlif hərbi avadanlıqların olduğu ərazinin, Bakı şəhərində "Texnofest" Aviasiya, Kosmik və Texnologiya festivalında nümayiş etdirilmiş texnikaların, Bakıda, həmçinin Salyan və Füzuli rayonlarında yerləşən strateji və hərbi obyektlərin, zenit-raket komplekslərinin, eləcə də digər radar-nəzarət qurğularının fotoşəkillərini və videoçəkilişlərini Vatsap ani mesajlaşma sistemi vasitəsilə xüsusi xidmət orqanının nümayəndəsinə göndərib.

Eyni zamanda müəyyənləşdirilmişdir ki, digər Azərbaycan Respublikası vətəndaşı Ağazadə Bəxtiyar Rafiq oğlu dini təhsil almaq üçün İran İslam Respublikasında olarkən orada həmin ölkənin xüsusi xidmət orqanının nümayəndələri ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa başlamış, onların tapşırığı ilə xarici dövlətlərin Azərbaycanda fəaliyyət göstərən nümayəndəlikləri, ölkədə baş verən ictimai-siyasi proseslər, hərbi hissələr, onların yerləşdiyi yerlər və təyinatları, o cümlədən komanda heyəti barədə əldə etdiyi məlumatları toplayaraq İran xüsusi xidmət orqanına verməklə dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr yaranıb. Həmçinin müəyyən edilmişdir ki, Cəfərzadə Mirhafiz Mirisaq oğlu İran xüsusi xidmət orqanlarının nəzarəti altında törətdiyi cinayət əməllərinə görə 2018-ci ildən barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilmiş, hazırda İranda gizlənən Məmmədov Orxan Kəmran oğlunun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə verdiyi tapşırıqların yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərərək hərbi təyinatlı obyektlərin yerləşdiyi əraziləri dəqiqləşdirməklə onların lokasiyasını və digər məlumatları Teleqram tətbiqi sistemi vasitəsilə sonuncuya göndərib.

Qeyd edək ki, məhz buna görə də Azərbaycan Respublikasının vətəndaşları Zahir Əsgərov, Elnur Rəsulov, Arif Rəsulov, Mirhafiz Cəfərzadə və Bəxtiyar Ağazadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub. Araşdırmalar zamanı İran xüsusi xidmət orqanının tapşırığı əsasında fəaliyyət göstərən, barələrində olan cinayət işləri üzrə məsuliyyətdən yayınaraq İranda gizlənən Tohid İbrahimbəyli, Orxan Məmmədov, Elşad Hacıyev və digərləri tərəfindən təsir dairəsində saxlanılan Azərbaycan vətəndaşlarının üzv kimi cəlb edildiyi "Müzakirələr", "Elanlar" və digər adlar altında Vatsap tətbiqində yaradılmış qapalı qruplar ifşa edilib. Məlum olmuşdur ki, bu qruplar vasitəsilə müasir beynəlxalq hüquqla tanınan insan hüquqlarına, Azərbaycan Respublikasının Konstitusiyasına zidd, Azərbaycanda dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyaların yayılması həyata keçirilib. Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

"Azərbaycan vətəndaşlarının İranda dini təhsil almaları qanunla qadağan olunmalıdır"

Beləliklə, bütün bunlar bir daha onu deməyə əsas verir ki, qarı düşməndən dost olmadığı kimi İrandan da Azərbaycana mehriban qonşu, din qardaşı olan deyil. Mövzuya təxminən, bu konteksdən yanaşan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə "Hürriyyət"ə açıqlamasında bildirib ki, İranın Azərbaycana yönəlik siyasətinin təməlində düşmənçilik faktoru var və bu, heç də yeni deyil: "Düşünürəm ki, İranın ölkəmizə qarşı sərgilədiyi siyasət bundan sonra da davam edəcək. İran uzun illərdən bəri tarixi Azərbaycan torpaqlarının böyük bir hissəsini işğalda saxlayır, 40 milyondan artıq soydaşımızın bütün təməl hüquqlarını pozur. Onu da qeyd edim ki, Azərbaycan Respublikasının hərbi, siyasi və iqtisadi inkişafı İran rejimini, fars millətçilərini ciddi şəkildə narahat edir və bu, onlar üçün qorxulu yuxudur. Buna görə də fars rekimi din, məzhəb adı altında ölkəmizdə terrorizm fəaliyyətini davam etdirəcək. Məhz bu səbəbdən də Azərbaycan vətəndaşlarının İranda dini təhsil almaları qanunla qadağan olunmalıdır. Həmçinin, Cənubi Azərbaycan bizim üçün strateji xətt olmalı, oradakı soydaşlarımıza yüksək səviyyədə dəstəyi davam etdirməliyik. Bununla yanaşı, Mahmud Çöhrəqanlı başda olmaqla, xaricdə yaşamağa məcbur olan güneyli soydaşlarımız Bakıya dəvət edilməlidir. Zəngəzur dəhlizi bizim üçün nə qədər önəmlidirsə, Cənubi Azərbaycan ondan daha önəmlidir".

"Aydın şəkildə görünür ki, İran Ermənistanın həyata keçirdiyi kimi, bütün istiqamətlərdə Azərbaycana qarşı düşmənçilik siyasəti aparır"

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin fikrincə, bundan sonra İran-Azərbaycan əlaqələri hamar olmayacaq: "Təbii ki, bu düşmənçiliyi İran ortaya qoydu. Rəsmi Tehranın Ermənistana dəstək verməsinə gəldikdə isə deyə bilərəm ki, İrəvan yaxın perspektivdə İrana arxa çevirəcək. Çünki Qərbin İrana qarşı sanksiyaları genişlənir. Odur ki, Qərb Ermənistandan İranla layihələrdən çəkinməyi tələb edəcək".

İranın uzun illərdir Qum şəhərində Azərbaycana qarşı casuslar yetişdirdiyini deyən Milli Cəbhə Partiyasının sədr müavininin qənaətincə, ölkəmizdə fars rejiminin casus şəbəkəsinin ifşası onu göstərir ki, İran Azərbaycana qarşı Ermənistanın həyata keçirdiyi düşmən siyasəti ilə eyni hərəkət edir: "İranın ölkəmizdə səfirliyi casus şəbəkəsinin idarə edilməsinin və silahlı terrorçu qrupların əsas mərkəzi olub. Aydın şəkildə görünür ki, İran bütün istiqamətlərdə Azərbaycana qarşı düşmənçilik siyasəti aparır. Fars rejiminin əsas məqsədi ölkəmizdə silahlı terror aktları həyata keçirməklə, siyasi hakimiyyəti devirmək olub. Qeyd edim ki, ölkəmizdə təkcə İranın deyil, Rusiyanın da agentura şəbəkəsinin olduğu bildirilir. Onların həbs edilməsi zamanı da gələcək. Çünki uzun illər Rusiya və İran ölkəmizdə casus şəbəkəsi qurub və onları kifayət qədər gücləndirib".

"Mitinq və küçə yürüşlərində həbs olunanlara ölüm cəzası təklif edən parlamentin Gülüstan müqaviləsi haqqında danışması gülüncdür, ümumiyyətlə, İran rejiminə qulluq edənlər inkarçıdırlar"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu qənaətdədir ki, Prezident İlham Əliyevin İranla və Güney Azərbaycandakı soydaşlarımızla bağlı son açıqlamaları Tehran rejimini silkələyib: "İran parlamentində rejimə bağlı bir qrup millət vəkili İlham Əliyevi və Azərbaycanı hədəf alan açıqlamalar veriblər. İçərilərində bəziləri köhnə nağılı təkrarlayıblar: "Gülüstan müqaviləsinə görə Azərbaycan İrandan ayrılıb". Mitinq və küçə yürüşlərində həbs olunanlara ölüm cəzası təklif edən parlamentin Gülüstan müqaviləsi haqqında danışması gülüncdür. Ümumiyyətlə, İran rejiminə qulluq edənlər inkarçıdırlar. İran Rusiyaya Ukraynanı bombalamaq üçün dronlar verir, yalandan deyirlər ki, "verməmişik", İran maşınları Qarabağa qanunsuz yüklər daşıyırdılar, deyirdilər ki, "belə bir şey olmayıb", imkanları olsa Urmiya gölünün qurumadığını da söyləyərlər".

"İranın Azərbaycan üzərindəki təsir və təhdid siyasəti dövrünə son verilir və tarixin zibilliyinə atılır"

ABŞ-ın İran təhdidinə qarşı Azərbaycanın yanında olduğunu deyən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas İlqar Altay isə qeyd edib ki, bugünlərdə Dövlət Departamenti sözçüsü Ned Prays da məhz bunu təsdiqləyib: "Belə ki, ABŞ Dövlət Departamenti sözçüsü "İran Azərbaycan kimi qonşu ölkələrə qarşı öz ritorikasını gücləndirir. Onlar son vaxtlar Bakını hədələyir. Azərbaycanı İran ərazisində hansısa terror aktı törətməkdə ittiham edən bəyanatlar da hazırlanıb", deyə bildirib. "Azərbaycanı İran həmlələrindən müdafiədə dəstəyə hazırsınızmı" sualına cavabında isə Ned Prays "Bu həftənin əvvəli azərbaycanlı həmkarlar ilə görüş imkanımız olub. İranın region üçün açıq təhlükə olduğunu bildirdik. Biz tərəfdaşlarımız yanında olmaq, onları dəstəkləməyə, nəticədə İranın regionda və bəlkə də regiondan kənarda yürütdüyü təcavüzkar siyasətə qarşı tədbirlər görməyə hazırıq və bu yönlü davam edəcəyik", deyə vurğulayıb. Odur ki, Avropa Birliyinin, Türk Birliyinin, qardaş Türkiyə və yaxın dost İsrailin də bu məsələdə tamamilə Azərbaycanın yanında olduğunu nəzərə alsaq, İranla 30 illik münasibətlərdə demək olar ki, yeni, inqilabi dönüş başlanır. Yəni, 90-cı illərin əvvəli, Rusiya-İran-Ermənistan üçlüyünün birləşərək Azərbaycanı tələyə salıb, işğala uğradıb zəif və sıxıntılı duruma saldığı çətin andan bəri, İranın Azərbaycan üzərindəki təsir və təhdid siyasəti dövrünə son verilir və tarixin zibilliyinə atılır". İlqar Altay hesab edir ki, bu gün Azərbaycanın hərbi gücü, dövlət möhkəmliyi və xalq birliyi, o cümlədən regional və beynəlxalq dəstəyi İrana qarşı durmağa bəs edir: "Üstəlik, Azərbaycanın, onun milli vətənpərvər xalqının İrandakı soydaşlarımızın azadlığı üçün dəstək gücü də kifayət qədərdir. İran molla rejimi bu neçə illər Azərbaycana və eynilə də nahəng Güneyli milli toplumumuza, Təbrizə qarşı etdiyi pisliklərin qarşılığını almalıdır".

"Bu əməliyyat İran və Azərbaycan arasındakı dövlətlərarası münasibətlərə ciddi təsir edə biləcək səviyyədə hadisədir"

Dövlət Təhlükəsizliyi Xidmətinin uğurlu əks-kəşfiyyat əməliyyatı həyata keçirdiyini vurğulayan "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirib ki, DTX-nın bir əməliyyatla İranın ölkəmizə qarşı casusluq edən 5 əməkdaşının ifşa olunması istiqamətindəki fəaliyyəti ciddi, sistemli və uzunmüddətli işin nəticəsi olaraq dəyərləndirilə bilər: "Fikrimcə, bu əməliyyat, hətta İran və Azərbaycan arasındakı dövlətlərarası münasibətlərə ciddi təsir edə biləcək səviyyədə hadisədir. Artıq görünən odur ki, qonşu İranın xüsusi xidməti açıq-aşkar Azərbaycan əleyhinə casus şəbəkəsi formalaşdırıb və özünün kəşfiyyat maraqlarını həyata keçirir. Bu tip hərəkətlər son zamanlar hətta sosial mediada açıq fəaliyyət göstərən bəzi iranpərəstlərin də çıxışlarından görsənir. Güman etmək olar ki, İranın son zamanlar ölkəmizin əleyhinə təhdidlərinin artmasından, sərhəddə hərbi təlimlər keçməsindən sonra Azərbaycana qarşı işləyən casus şəbəkə də aktivləşib".

Osman Gündüzün fikrincə, DTX-nın bununla bağlı açıqlamasında diqqət cəlb edən həm də bu agentura şəbəkəsinin topladığı məlumatları Telegram və WhatsApp kimi sosial media resurslarından istifadə etməklə ötürməsidir: "Maraqlıdır ki, bu agentura şəbəkəsi daha təhlükəsiz olan Signal-dan deyil, FETÖ şəbəkəsinin istifadə etdiyi ByLock tipli mesencerlərdən deyil, daha adi olan sosial resurslardan istifadə edib. Güman ki, artıq DTX Meta şirəkətinə və Telegram-ın ofislərinə cinayət məsuliyyətinə cəlb olunanlarla bağlı əlavə məlumatların verilməsi üçün müraciət edib. Bu qlobal resurslar beynəlxalq normalara görə cinayət işi başlananlarla bağlı əsaslandırılmış sorğular daxil olduqda məlumatları təqdim etməyə borcludur. Amma adətən bu tip qlobal şirkətlərdə ikili standartlar da olur. Odur ki, ofşorda yerləşən Telegram-ın casuslarla bağlı məlumatları Azərbaycan tərəfinə verəcəyi inandırıcı görsənməsə də, düşünürəm ki, Meta şirkətindən WhatsApp istifadəçisi olan casus şəbəkə üzvləri haqqında məlumatları əldə etmək olar".

Vazeh BƏHRAMOĞLU


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.156560