"Türk dünyası birləşir və güclənir" - VÜQAR BAYRAMOV

2022-12-14 13:30:00

"Türkmənistan strateji olaraq Azərbaycan və Türkiyə ilə əlaqələrin daha da gücləndirilməsində maraqlıdır"

"Türk dünyasının üç lideri bir araya gəlir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkmənbaşı şəhərinə səfərə gəliblər. Türkiyə, Azərbaycan və Türkmənistan prezidentlərinin birinci üçtərəfli zirvə görüşündə regional əməkdaşlıq məsələləri müzakirə ediləcək. Türk Dövlətləri Şurasının yaradılması, bu istiqamətdə aparılan müzakirələr praktiki olaraq təkcə Türkiyə-Azərbaycan deyil, eyni zamanda Orta Asiya türk dövlətləri ilə Azərbaycan və Türkiyə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasından xəbər verir. Bu kontekstdən bugünkü sammit Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli münasibətlərin dərinləşməsinə imkan verəcək". Hurriyyet.az xəbər verir ki, bu fikirlər İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramova məxsusdur.

Millət vəkili hesab edir ki, Türkmənistan strateji olaraq Azərbaycan və Türkiyə ilə əlaqələrin daha da gücləndirilməsində maraqlıdır: "Azərbaycanla Türkmənistan arasında anlaşma var, həmin anlaşmaya əsasən, Türkmənistan mavi yanacağı İran vasitəsilə mübadilə formasında Azərbaycana təqdim edir. Müqaviləyə görə, illik iki milyard kubmetrədək qazın mübadiləsi nəzərdə tutulur. Türkmənistan qazı Azərbaycan və Türkiyə vasitəsilə Avropa ölkəsinə ixrac edilə bilər. Ona görə də qaz nəqli, bütövlükdə Türkiyənin enerji ixracatında haba çevrilməsi indiki halda müzakirə edilən məsələdir".

CESD sədrinin fikrincə, bu sammit iqtisadi əlaqələri genişləndirməklə yanaşı, həm də enerji sahəsində yeni addımların atılmasına imkan yarada bilər: "Nəqliyyat, logistika və beynəlxalq yük daşımalar da tərəflərin diqqət mərkəzində olan məsələlərdəndir. 1.2 trilyon nominal, 4 trilyon 586 milyard dollar real ÜDM-ə malik olan Türk dünyası birləşir və güclənir. 21-ci əsr Türk əsridir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000499