Tural Abbaslıdan Siyavuş Novruzova reaksiya gəldi: İnəklərin öldüyünü illərdir ki, deyirik…
“Özünüməşğulluq proqramının həyata keçirilməsinin mexanizmində çox böyük nöqsanlar var”.
Bunu ötən gün Milli Məclisdə “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. Deputat qeyd edib ki, xəstə heyvanları insanlara verirlər: “Belə ki, qapıdan ancaq həyətə daxil olur. Bundan 3 gün sonra ölür. Onların bunu bir dəfə almaq şansı var, onu da belə edirlər. Mobil telefonu alanda ona bir illik zəmanət verilir. Kəndçiyə özünü təmin etmək üçün iki inək verirsinizsə, onu bir illik sığortalayın. Heç olmasa, 3 aylıq qidasını verin. Həmin şəxs bunu kefdən yox, ehtiyacdan alır”, deyə deputat bildirib.
Hurriyyet.az xəbər verir ki, Tribunainfo.az-a danışan AĞ Partiyanın başqanı Tural Abbaslı bildirib ki, Siyavuş Novruzovun dediklərini illərdir söyləyirlər: ” Çünki biz müxalifət partiyası olduğumuz üçün insanlar bizə daha rahat çata bilir. Bu problemləri dəfələrlə videogörüntülərlə, fotolarla bizə çatdırıblar. Onlar xahiş ediblər ki, bu məsələni işıqlandıraq və aidiyyəti qurumlara çatdıraq. Biz də dönəm-dönəm bu məsələləri qaldırmışıq. Bu günün özündə də efirlərin birində bu barədə danışmışam”.
Tural Abbaslı qeyd edib ki, insanlar inəkləri alırlar və bir müddət sonra inəklər ölür: ” Bizim özümüzün şəxsən tanıdığımız insanlar var. Dövlətdən bir inəyə ayrılan məbləğə baxaq, verilən inəyin real bazar qiymətinə baxsaq elə aradakı fərqi görəcəyik. Və bu, danılmaz faktdır. Bunu sübut etməyə də ehtiyac yoxdur. Çünki illərdir sübut olunub. İstənilən bir özünəməşğulluq vasitəsilə özünə heyvan alan regionumuzun hər hansı bir sakinindən soruşsanız onlar da bunu təsdiq edər”.
Partiya başqanının fikrincə, xoş haldır ki, iqtidar partiyasının nümayəndəsi də artıq bu məsələləri dilə gətirir: “Yəqin Naxçıvanda da kimlərsə Siyavuş müəllimə bu problemləri çatdırıblar. Gərək bu məsələ həllini tapsın. Burada məsələ kim düz dedi, kim səhv dedi deyil. Belə bir şikayət varsa, gərək bu məsələ ciddi şəkildə araşdırılsın. Kağız üzərində hər şey düzgündür, amma reallıqda insanlar arasında monitorinq eləsək görərik ki, özünüməşğulluqdan sonra neçə adam ehtiyacdan qurtulub, neçə adam yoxsulluq limitindən çıxıb. Məşğulluqla heyvan alan kəndli ailəsinin neçəsinin rifah vəziyyəti yaxşılaşıb. Məmurlar bizi eşitmirdi, indi hər halda iqtidar partiyasının nümayəndəsini, deputatı eşidərlər”.