Turab Rzayev: “Korrupsiya skandalı Zelenskini özünə, ailəsinə doğru yaxınlaşır”
“Əslində, Zelenski ABŞ-ın təkliflərini qəbul etmiş kimi görünür. Çünki ABŞ-a qarşı Zelenskinin sərt reaksiyası sonda Ukraynaya gələn maddi yardımın və silah yardımının kəsilməsi ilə nəticələnir və ABŞ tərəfindən çox ağır təzyiqlərə məruz qalır”.
Bu barədə Hurriyyet.az-a politoloq Turab Rzayev Ukrayna-Rusiya arasındakı mövcud durumu şərh edərkən deyib.
“Zelenskinin ətrafındakı korrupsioner məmurlar ifşa olunur, getdikcə bu halqa daralır, onun özünə doğru gəlir. Zelenskinin partiyasındakı deputat, ən yaxın ortağı, Prezident Administrasiyasının rəhbəri, baş qərargah rəisi-bütün bunlar hamısı korrupsiya skandalına qurban gediblər və düşünürəm ki, bu skandal getdikcə Zelenskini özünə, ailəsinə doğru yaxınlaşır”-politoloq əlavə edib.
T.Rzayev bildirib ki, ABŞ birmənalı şəkildə təkliflərinə “hə” cavabı verilməsini istəyir: “Amma Zelenski birbaşa “yox” deyə bilmədiyinə görə, fərqli nüansları müzakirəyə çıxarır və müzakirələr sonrası əlavə təkliflər verir ki, bu da sadəcə müzakirə prosesini uzadır. Bunlardan biri də iqtisadi zonalarla bağlıdır. ABŞ təklif edir ki, Donetskdə, Luqanskda yerdə qalan əraziləri Ukrayna tərəfi boşaltsın və Rusiyanın nəzarətinə keçsin, amma orada ordu yerləşdirilməsin. Zelenski bunu əhalinin diqqətinə çatdırmaq istəyir. Aydın məsələdir ki, Ukrayna əhalisi bunu qəbul etmək istəməyəcək. Belə olan halda, Zelenski dolayı yolla bu plana “yox” demiş olacaq. Digər tərəfdən, ABŞ maksimum Zelenskini sıxışdırmağa çalışır. Bu yaxınlarda həm Uitkoff, həm də Trampın kürəkəni Kuşner açıq şəkildə Zelenskidən bu planla bağlı yekun fikir deməyini istəmişdi. O isə bildirmişdi ki, hələ bu planı oxumayıb. Əlbəttə ki, bu, absurddur, onun bu planı oxumaq üçün imkanı olmadığını düşünmürəm, amma sadəcə olaraq cavab vermək üçün gecikdirir. Başqa bir tərədən görür ki, Avropa İttifaqı maksimum şəkildə Ukraynaya dəstək verir”.
““The Economist”, “ The Guardian” yazılarında açıq şəkildə bildirirlər ki, Rusiya kövrəlib, zəifləyib, artıq müharibəni davam etmək imkanı yoxdur. Ona görə də Ukraynanı zəif, ucuz şərtlərlə Rusiyaya qurban vermək olmaz. Ona görə, Ukraynaya dəstək olmaq lazımdır, nəinki ucuz şərtlərlə məcbur etmək”,-deyə politoloq nəzərə çatdırıb.
T.Rzayev diqqətə çatdırıb ki, faktiki olaraq burada Avropa dövlətləri də, Böyük Britaniya da ABŞ-ın planına qarşı çıxış edirlər və Zelenskini dətəkləyirlər: “Ona görə, düşünürəm ki, Zelenski maksimum şəkildə bu şərtləri uzadacaq və sonunda yeni bir plan hazırlayıb, ABŞ-a təqdim edəcəklər ki, bu da faktiki olaraq Tramp planının qəbul edilməməsi və bölgədə müharibənin davam etməsinə, sülhün, atəşkəsin əldə edilməməsinə səbəb olacaq”.
CAVİD
