Saat:11:58
Haqqımızda

TRANSYAĞ, YOXSA ZƏHƏR?! – Həsrət Rüstəmov yazır

2023-02-05 13:30:00

TRANSYAĞ, YOXSA ZƏHƏR?! – Həsrət Rüstəmov yazır

Ümumdünya Səhiyyə Təşkilatı həyacan təbili çalır...

Transyağlar - bu ifadəyə son vaxtlar kütləvi informasiya vasitələrində tez-tez rast gəlmək olur. Hər şeyə laqeyd olmağımızdanmı, yoxsa başımızın daha ciddi işlərə qarışmasındanmı, bəlkə də bu sözün ilk yarısını tutan xoşagəlməz məna tutumundanmı – hansısa səbəbdən bu olduqca vacib mövzuya o qədər də diqqət etmirik.

Vəziyyət isə belədir: Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu yaxınlarda sənaye yolu ilə əldə olunan transyağ turşularının qida kimi istifadəsini bütün dünyada tamamilə qadağan etməyə çağırdı. Həmin çağırışda daha sonra qeyd edilirdi ki, dünyada hər il yarım milyon insanın erkən ölümünə səbəb məhz süni yolla əldə olunan, əslində normalda duru halda olan bitki yağlarının hidrogenləşdirilməsi yolu ilə alınan və beləliklə də adi otaq temperaturunda bərk halda olan transyağların qida kimi istifadə olunmasıdır.

Bəs bu trans yağ – elmi adı ilə desək, süni transyağ turşuları ilə biz məişətdə necə və harada qarşılaşırıq? Bu məsələ isə müxtəlif dünya ölkələrində fərqlidir. Məsələn, artıq 2020-ci ilədək dünyanın 58 ölkəsində bu yağların istifadəsi ya tamamilə qadağan olunub, ya da ciddi şəkildə məhdudlaşdırılıb. Bunlara ABŞ, Kanada, Latviya, Sloveniya aiddir. Əksər Asiya ölkələri, Cənubi Amerika və təbii ki, Afrika ölkələrində isə hələ də bu zəhərli yağlar sərbəst şəkildə istifadə olunur.

“Amerikanın səsi” radiosunun ÜST-nın bu hesabatı ilə bağlı yaydığı məqalədə Azərbaycanın da adı bu qorxunc siyahıda bilavasitə qeyd edilib. (yazının linki WHO Calls for Removal of Trans Fat in 2023 (voanews.com)) Elə həmin yazıda qida və sağlamlıq ekspertlərinin fikrinə əsaslanaraq o da bildirilib ki, əgər bütün dünyada bu zəhərli yağlar qadağan edilsə və istifadəsi dayandırılsa 2040-cı ilədək 17 milyon insanın vaxtından əvvəl infarktdan, insultdan və xərşəngdən ölməsinin qarşısı alına bilər.  

Bəli, 17 milyon insan – hardasa bizim ölkə əhalisinin iki qatı qədər insan xilas edilməsini gözləyir. Bir qədər əvvəlki sualın cavabına gəldikdə isə, konkret olaraq biz bu zəhərli yağlarla belə demək mümkünsə, tamamilə iç-içə yaşamaqdayıq. Onlar hər yerdədir: kərə yağı, kərə ətirli yağ və s. adı altında ərzaq mağazaları vitrinlərində, bütün hazır satılan un məmulatlarında, şirniyyatlarda, peçenyelərdə, vaflilərdə, kartof çipsilərində və həmçinin yağda qızardılmış yeməklər bişirilən restoran və qida hazırlanan bütün hər yerdə.

Bəs, niyə bu süni trans yağlar belə geniş yayılıb? Əsasən ona görə ki, nisbətən ucuzdur və qida məhsullarının daha uzun müddət “təzə” qalmasını təmin edir. Başqa cür desək ərzaq məhsullarının “rəf müddəti”nin uzun olmasına, beləliklə də satışda problemlərin olmamasına səbəb olur. Problem isə, əlbəttə ki, bir müddət sonra insanların səhhətində özünü göstərsə də bu barədə heç kim danışmır. Məsələnin maraqlı tərəflərindən və bu yağların qida kimi istifadəsinin əleyhinə olan ən bəsit arqument isə məhz burada gizlənib. Uzun müddət xarab olmamaq o deməkdir ki, ərzağı xarab edəcək mikroskopik canlılar – bakteriyalar bu qidalara yaxın düşmürlər. Yəni Allahın onlara verdiyi qabiliyyət sayəsində bizdən fərqli olaraq xarici görünüşə aldanmırlar.

Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, heyvanın südündə və ətində rast gəlinən təbii trans yağ turşuları (məsələn kərə yağının tərkibində olan) və ya başqa cür desək doymuş yağlar  artıq elmi dairələrdə əvvəlki populyarlığına qayıdıb. Əksər tədqiqatlar təbii yağların orqanizm üçün mühüm əhəmiyyətini təsdiq edir. Süni trans yağlar isə kimyəvi tərkibinə görə heyvan mənşəli bu natural yağlardan tamamilə fərqlidir. Yəni insan yağa olan tələbatını heyvan mənşəli yağla təmin etməlidir, süni yolla - hidrogenləşdirilmiş bitki yağlarından isə var gücü ilə uzaq qaçmalıdır.

ÜST-ün çağırışı ilə əlaqədar əsas məsuliyyət isə ölkəmizdəki qanunverici və icra hakimiyyətinin üzərində düşür. Daha çox ləngimədən süni transyağların qadağan edilməsi və qida sənayesindən çıxarılması, beləliklə də xalqımızın bundan daha artıq zəhərlənməsinin qarşısının alınması üçün fəaliyyətə başlamalı, müvafiq qanun qəbul edərək icraya yönəldilməlidir.

Sonda vətəndaşlarımız üçün Amerika Ürək Assosiasiyasının (AHA) tövsiyyələrindən bir neçəsini xatırlatmağı özümə borc bilirəm:

Tərəvəz, meyvə, tam taxıllı qidalar, az yağlı qoyun və mal əti, balıq, quş əti, ləpələr (qoz, fındıq və s.) yeyin. Qırmızı ətə, hətta təbii olsa belə - şəkərli qidalara və içkilərə (bura mürəbbələr də aiddir) limit qoyun.  Yalnız natural yağlar istifadə edin – təbii kərə yağı və duru halda olan bitki yağları, əsasən də Zeytun yağı.

Hidrogenləşdirilmiş yağları isə mətbəxinizə buraxmayın, tərkibində bu cür yağ olan heç bir ərzaq istifadə etməyin və evdən kənarda dərin qızardılmış heç bir şey yeməyin! İlk növbədə uşaqlarınızı bu zəhərli yağlardan uzaq saxlayın!

Həsrət RÜSTƏMOV

             

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR