Saat:23:57
Haqqımızda

“Tramvayları xəstəxanaya çevirmişdik, qanlı tənzifləri yuyub yenidən istifadə edirdik”

2022-01-15 17:27:00

“Tramvayları xəstəxanaya çevirmişdik, qanlı tənzifləri yuyub yenidən istifadə edirdik”

Fatma Səttarova: “Ruhdan düşmək, ümidini itirmək məğlub olmaq demək idi və biz buna yol verə bilməzdik”

 Bu ay Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarovanın 100 yaşı tamam olur.

Moderator.az olaraq Fatma Səttarova ilə söhbətimizdə İkinci Dünya müharibəsinin çətin və ağrılı günlərinə səyahət etməklə yanaşı, 44 günlük Vətən müharibəsi və post-müharibə dönəminin mövcud reallıqlarını da  müzakirə etməyə çalışdıq:

 Doğma Xəzərin sahilindən uzaq cəbhələrə yola düşən 9 qız...

 -Fatma xanım, necə oldu ki, Böyük Vətən müharibəsində iştirak etməyə qərar verdiniz? Sizi cəbhəyə aparan nə oldu?

 -Müharibədən öncə Bakıda Tibb Texnikumuna daxil olmuş, 1940-cı ildə həmin texnikumu bitirmişdim. Bizim texnikumda hərbi kafedra olduğu üçün bizə sadəcə diplom deyil, həm də hərbi rütbə, eyni zamanda hərbi bilet vermişdilər. Orada qeyd olunmuşdu ki, əgər nə vaxtsa müharibə başlasa, o zaman müharibənin ən geci 2-ci günü toplanış məntəqəsində olaq. Buna görə də müharibə başlayanda mən də  digər məzunlar kimi toplanış yerinə getdim. Mənimlə yanaşı, daha 8 qız müharibədə iştirak etmək üçün müraciət etmişdi. Bizi qeydiyyata alıb zəruri əşyalarımızı toplamaq, yaxınlarımızla vidalaşmaq üçün 3 gün vaxt verdilər. Bildirdilər ki, 3 gündən sonra bura qayıdaq. Bizə verilən göstərişə uyğun olaraq 3 gün ərzində hazırlığımızı tamamlayıb doğmalarımızla vidalaşdıq. Təbii ki, o zaman qarşıda bizi necə böyük məhrumiyyətlərin gözlədiyini o qədər də aydın təsəvvür eləmirdik. Təsəvvür edin ki, mən 1941-ci ilin yanvar ayında ailə həyatı qurmuşdum və bundan beş ay sonra müharibə başladı. Biz 9 qız Bakıdan yola düşdük. O vaxt faşislət sürətli hücum əməliyyatı nəticəsində Moskva ətrafına qədər gəlib çıxmışdı. Orada həkimlərə, tibb bacılarına böyük ehtiyac var idi. Odur ki, bizi məhz ora göndərdilər.

 “Onlar imdad diləyən o baxışlarla “bizi xilas edin” deyirdi”

 -Moskvaətraflı döyşüşlərlə bağlı ilk təəssüratınız necə oldu?  

 -Orada gördüyümüz hər şey, aydındır ki, mənim üçün yeni və qorxunc idi. Çünki biz həmin vaxta kimi müharibə görməmişdik. Ancaq birdən-biri dünya müharibəsinin iştirakçısına çevrilmişdik.

Bizim işimiz döyüşlərdə yaralananlara ilkin tibbi yardım göstərmək, daha sonra onları hərbi qospital və xəstəxanalara yola salmaq idi. İlkin tibbi yardımın vaxtında və peşəkarlıqla göstərilməsi olduqca vacib idi. Çünki yaralıların bir çoxu məhz çoxlu qan itirdiyi üçün ölürdü. Ona görə də maksimum sürət və keyfiyyətlə işləməyə çalışırdıq.

Yaralılar həddindən artıq çox olduğu üçün gecə-gündüz işləməli olur, hər bir insanın həyatını qurtarmaq, xilas etmək uğrunda mübarizə aparırdıq.

Bilirsiz, həyat elə şirindir ki, heç kim – hətta yarası son dərəcə ölümcül olan, xilasının mümkün olmadığını anlayan insan belə bu reallıqla barışa bilmir. Son ana qədər xilas olmaq, həyatda qalmaq arzusu onları tərk etmir. Bu arzu onların sadəcə sözlərində deyil, gözlərində, baxışlarında da əks olunur. Yaşamaq arzusunda olan, amma ölümə doğru addımlayan insanların baxışları ilə qarşılaşmaq, onların imdad diləyən gözlərinə baxmaq əsl dəhşət idi. Bu baxışlar “bizi xilas edin”, “ölümü bizdən uzaq tutun” deyirdi. O gözləri, o baxışları unutmaq mümkün deyil...

 Moskva döyüşləri mən və digər tibb bacıları üçün böyük təcrübə məktəbi oldu. Bir müddətdən sonra bizi Stalinqrad, oradan isə Leninqrada yola saldılar. Biz Leninqradda heç vaxt görmədiyimiz dəhşətlərə şahid olduq.

“Faşistlər xəstəxanaların çoxunu dağıtdığı üçün tramvaylardan ilk tibbi yardım məntəqəsi kimi istifadə edirdik” 

-Leninqrad döyüşlərini Moskva və Stalinqrad döpyüşlərindən fərqləndirən nə idi? Niyə Leninqrad döyüşləri xatirənizdə daha ağır illər kimi qalıb?

-Hər şeydən öncə qeyd edim ki, Leninqrad faşist mühasirəsində mübarizə aparırdı. Bu, uzun müddət davam edən ağır, üzücü mühasirə idi. Almanlar mütəmadi şəkildə şəhəri bombalayır, müdafiəçilərin iradəsini qırmaq üçün hər cür üsul və vasitədən istifadə edirdi. Təsəvvür edin ki, 1941-ci ildə faşistlər 251 dəfə Leninqrada hava hücumu təşkil etmişdi. Mühasirədə ölüm-qalım mübarizəsi aparan şəhərə 100 mindən çox alovlandırıcı, 5 mindən çox yüksək partlayıcı qabiliyyətə malik aviasiya bombası atılmışdı ki, bu da böyük dağıntılara yol açmışdı. Nəticədə, sadəcə hərbi obyektlər deyil, sosial obyektlər, o cümlədən xəstəxanaların çoxu sıradan çıxmışdı. Buna görə də biz tramvaylardan ilk tibbi yardım məntəqəsi kimi istifadə edirdik. Dağıntılar səbəbi ilə sayı kəskin şəkildə azalan xəstəxanalara isə ağır və daha ağır olan xəstələri yola salırdıq. Təbii ki, mühasirə şərtlərində xəstəxana şəraitinə uyğunlaşdırılan tramvaylarda tibbi yardım göstərmək asan deyildi. Amma bizim başqa seçimimiz yox idi.

 “Tibbi ləvazimat olmadığı üçün qanlı tənzifləri yuyub qurudur və yenidən istifadə edirdik”

 -Yəqin tibbi ləvazimatlarla təchizat baxımından da çətinliklər az olmayıb...

-Əlbəttə. Sadəcə tibbi ləvazimat deyil, ərzaq, geyim və s. məhsullarla təchiz olunmaq baxımından da böyük problemlər var idi. Mühasirədə olan Leninqrad üçün yeganə əlaqə yolu Ladoqa gölü idi.  Lakin bu yol da təhlükəli idi və bu göllə hərəkət edən qayıqlar tez-tez faşistlərin hücumuna məruz qalırdı. Odur ki, bəlli bir müddətdən sonra tibbi ləvazimatlarla bağlı kəskin çatışmazlıqlar meydana çıxmağa başladı. Buna görə məcbur qalıb istifadə edilmiş tənziflərdən təkrar istifadə edir, hər şeyə maksimum qənaət etməyə çalışırdıq. Qanlı tənzifləri yuyub qurudur və yenidən istifadə edirdik. Bəzən insanlar evlərindən köhnə, istifadəyə yararsız pal-paltar gətirirdilər və biz həmin köhnə paltarlardan tənzif və ya digər məqsədlərlə istifadə edirdik. Çünki başqa cür tələbatı qarşılamaq mümkün deyildi. Yaralıların sayı həddindən artıq çox idi və intensiv hücumlar yaralı sayını azalmağa qoymurdu. Ona görə də hər şeyə maksimum qənaət etməyə çalışır və mühasirədən çıxacağımız günü gözləyirdik.

“Əlimizlə yola saldığımız yaralıların xilas olacaqları və ya öləcəklərini özümüz də bilmirdik”

-Bəs bunca məhrumiyyətə dözmək üçün gərəkli olan mənəvi gücü hardan tapırdınız?

-Biz hər gün, hər saat çoxlu məhrumiyyət görsək də ümidimizi, inamımızı itirmirdik. Bu, sadəcə hərbi-ideoloji müharibə deyildi. Bu, bizim üçün həm də psixoloji mübarizə idi. Bilirdik ki, əgər ümidimizi itirsək, psixoloji baxımdan zəiflik göstərsək, o zaman bu çətinliklərə fiziki baxımdan da davam gətirə bilməyəcəyik. Ona görə də birliyimizi qoruyur, bir-birimizlə həmrəylik sərgiləyir və böyük ruh yüksəkliyi ilə mübarizəmizi davam etdirirdik. Ancaq bəzən çox üzücü, sarsıdıcı hadisələr də baş verirdi. Bəzən elə olurdu ki, ağır yaralıları qayıqlara yerləşdirib Ladoqa gölü vasitəsi ilə “böyük torpağa” yola salırdıq. Ancaq faşistlər elə yoldaca həmin qayıqları bombalayır və yaralılar həlak olurdular. Ona görə də çox vaxt əlimizlə yola saldığımız yaralıların xilas olacaqları və ya öləcəklərini özümüz də bilmirdik. Ancaq mövcud reallıq bizdən mübarizəni davam etdirməyi tələb edirdi. Ruhdan düşmək, ümidini itirmək məğlub olmaq demək idi və biz buna yol verə bilməzdik.

Moderator.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR