Saat:13:32
Haqqımızda

TRAMPIN ELÇİSİNİN KREMLLƏ İŞBİRLİYİ İFŞA OLUNDU – 28 maddəlik “Tramp planı”nın Rusiyada hazırlandığı təsdiqləndi

2025-11-26 11:48:49

TRAMPIN ELÇİSİNİN KREMLLƏ İŞBİRLİYİ İFŞA OLUNDU – 28 maddəlik “Tramp planı”nın Rusiyada hazırlandığı təsdiqləndi

“Bloomberg” agentliyi ABŞ Prezidenti Donal Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov arasında telefon danışıqları ilə bağlı sensasiyalı məqalə dərc edib.

Nəşr yazıb ki, Stiven Uitkoff Yuri Uşakova Ukrayna üzrə “sülh planı” üzərində birgə işləməyi təklif edib.

Məlumata görə, danışıqlar 14 oktyabrda baş tutub və 5 dəqiqədən bir qədər çox davam edib. Uitkoff söhbət zamanı Rusiya tərəfinə Kreml rəhbəri Vladimir Putinlə Donald Tramp arasında telefon danışığının təşkilini tövsiyə edib. O, bunun Zelenskinin Ağ Evə gözlənilən səfərindən əvvəl baş tutmasının vacib olduğunu deyib.

“Bloomberg”in araşdırdığı transkriptə əsasən, Uitkoff rusiyalı həmkarına bildirib ki, Vladimir Putini “dərin hörmətlə” qarşılayır və Trampa da Rusiyanın “həmişə sülh sazişinə can atdığını” dediyini vurğulayıb.

“Zelenski cümə günü Ağ Evə gələcək. Mən də həmin görüşdə olacağam. Amma düşünürəm ki, əgər mümkündürsə, biz bu görüşdən əvvəl sizin rəhbərlə danışmalıyıq”, – deyə Uitkoff bildirib.

Uşakov Putinin Trampı yığmasının faydalı olub-olmayacağını soruşub. Uitkoff isə bunu təsdiqləyərək Putinə Qəzza üzrə əldə olunan razılaşmaya görə Trampı təbrik etməyi, ABŞ Prezidentinə “sülh adamı kimi hörmətini” vurğulamağı tövsiyə edib.

Həmin telefon danışığından iki gün sonra – 16 oktyabrda Tramp və Putin arasında telefon söhbəti baş tutub. Uitkoff söhbət zamanı Rusiya ilə Ukrayna arasında mümkün sülh razılaşmasının şərtlərindən də danışıb. Onun bu fikirləri daha sonra Tramp administrasiyasının hazırladığı 28 bəndlik sülh planında əksini tapıb.

“Deyim sizə, mən sülh razılaşması üçün nə lazım olduğunu bilirəm. Ümidlə danışaq, çünki düşünürəm ki, biz razılaşmaya gələcəyik. Prezident (Tramp) mənə razılaşma üçün geniş səlahiyyət verib”, – deyə Uitkoff Uşakova bildirib.

Telefon danışıqlarından sonra Uitkoff ABŞ-də Putinin xarici ölkələrlə əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevlə də görüşüb. Dmitriyev özü bildirib ki, 24–27 oktyabr tarixlərində Mayamidə olub.

“Bloomberg”in araşdırdığı digər bir səs yazısına əsasən, 29 oktyabrda Dmitriyev və Uşakov yenidən telefonla danışaraq Moskvanın sülh təkliflərində nə qədər “maksimum tələbkar” olmalı olduğunu müzakirə ediblər.

Uşakov ABŞ-nin mətni dəyişdirməsindən ehtiyat etdiyini deyib. Dmitriyev isə sənədi qeyri-rəsmi şəkildə ABŞ ilə bölüşməyi və Tramp administrasiyasının Rusiya təkliflərini tam olmasa da, “çox yaxın formada” qəbul edəcəyinə inandığını bildirib. O, Uşakova sənədi sonradan Uitkoffla müzakirə edə biləcəyini də deyib. “Bloomberg” yazır ki, Uitkoff–Uşakov danışığı noyabrın əvvəlində ortaya çıxan ABŞ-nin 28 bəndlik sülh planının mənbəyinin hansı ola biləcəyinə dair sualları artırır. Agentlik Rusiyanın ABŞ ilə hansı təklifləri paylaşdığını dəqiqləşdirə bilmədiyini bildirir.

Qeyd edək ki, ötən həftə Tramp administrasiyasının hazırladığı 28 maddəlik sülh planı barədə məlumat yayılmışdı. “Axios” nəşri həmin planın Kirill Dmitriyevlə Uitkoff arasında oktyabrın sonunda ABŞ-də müzakirə edildiyini yazmışdı.

ABŞ Prezidenti Donald Tramp, eləcə də Rusiya rəsmiləri qalmaqala münasibət bildiriblər. Jurnalistlər Trampdan həm dinləmənin özü, həm də Uşakov–Uitkoff dialoqunda bir tərəfin mövqeyinin “arbitrin təklifi kimi” təqdim olunmasına dair sual veriblər. Tramp bunun danışıqların adi praktikası olduğunu bildirib.

“Bu, normal haldır. O, (Uitkoff) həmin təklifləri əvvəlcə Ukraynaya “satmalı”, sonra isə Ukraynanın istəklərini Rusiyaya çatdırmalıdır. Razılaşma bağlamağı bacaran adam belə işləyir: “Baxın, onlar bunu istəyir, siz onları inandırmalısınız”. Mən bu danışığı eşitməmişəm, amma deyilənlər standart danışıqlar taktikasıdır. Ola bilər ki, eyni sözləri Ukraynaya da deyib. Hər tərəf nəyisə verməli, nəyisə almalıdır”, – deyə Tramp vurğulayıb.

ABŞ Administrasiyası da yayılan transkriptin orijinallığını təkzib etməyib, Uitkoffun “öz işini gördüyünü” bildirib.

Uşakov isə məlumatın haradan sızdığını bilmədiyini desə də, VGTRK müxbiri Pavel Zarubinlə söhbətində “Kimlərsə sızdırır, kimlərsə dinləyir, amma biz yox” deyərək faktiki olaraq transkriptin inkar edilmədiyini göstərib.

Kirill Dmitriyev isə öz danışığının transkriptini “saxta” adlandırıb və bildirib ki, “müharibə qızışdıran qüvvələr” sülh prosesini pozmağa çalışır.

Yayılan materiallar ABŞ-də siyasi müzakirələr yaradıb. Bir sıra Konqress üzvləri və analitiklər, əsasən Trampın opponentləri, Uitkoffun fəaliyyətindən narahat olduqlarını bildiriblər. Onların iddiasına görə, Uitkoff telefon danışığında Rusiyaya “ABŞ ilə necə davranmalı olduqlarını izah edən” şəxs kimi görünür.

Nə Uitkoff, nə də Ukrayna tərəfi yayılan transkriptlərlə bağlı hələlik hər hansı şərh verməyib.

AzPolitika.info