Trampa qarşı sui-qəsd cəhdi, yoxsa quraşdırılan səhnəcik?
.jpg)
Xəbər verildiyi kimi, iki gün əvvəl ABŞ-ın eks-prezidenti Donald Tramp Pensilvaniya ştatında keçirdiyi mitinq zamanı güllələndi. Prezidentliyə namizəd sağ qalsa da, təbii olaraq dünya KİV-ləri bu hadisənin pərdəarxasını “sökməyə çalışır”.
İlk öncə qeyd edək ki, Trampa qarşı hazırlanan sui-qəsd əslində onun lehinə işlədi. Belə ki, sui-qəsdin ardınca aparılan sorğu nəticələrinə görə hazırda o, ABŞ prezidentliyinə namizədlərin reytinqinə başçılıq edir. Sorğuya əsasən, Tramp - 66%; Bayden - 15%; Kamala Harris - 10% səslə yerləri bölüşürlər. Hadisə haqqında təəssüratlarını bölüşənlər arasında Trampı ideallaşdıranlar da oldu. Məsələn, məlum oldu ki, ABŞ-da Xristian universitetinin professoru Pastor Biggs mart ayında Trampa sui-qəsd cəhdini təfərrüatlı şəkildə proqnozlaşdırıbmış.
"Tramp tam boyu ilə ayağa qalxdı. Mən onun həyatına qəsd edildiyini gördüm. Güllə qulağının yanından uçdu. Başına o qədər yaxın idi ki, qulaq pərdəsini zədələdi. O, diz çöküb Rəbbə dua etdi. O, həmin an yenidən doğuldu, prezident seçkilərində qalib gələcək”, - deyə din xadimi olan professor Trampı vəsf edib.
“The Wall Street Journal” Trampa sui-qəsd cəhdini prezident Ronald Reyqana sui-qəsddən sonra ABŞ Məxfi Xidmətinin 40 ildə ən böyük uğursuzluğu adlandırıb. Reyqan 1981-ci ilin martında Con Hinkli tərəfindən güllələnib. Döş qəfəsini deşən güllə prezidentin ürəyindən bir yarım santimetr keçib və cərrahiyyə əməliyyatı zamanı onun ağciyərinə ilişib.
Amma sonuncu hadisənin təbii axarından irəli gələn sui-qəsd olmasına inam da çox deyil. "Bu, səhnələşdirilmiş bir hərəkətdir və qan real deyildi", deyə hadisəni şərh edən “New York Times” qəzetində tanınmış köşə yazarı Piter Beyker yazır. “Amma millətin birliyinə gəlincə, bu, tamamilə əlçatmaz bir məqsəddir. Amerika uzun müddətdir ki, dərin parçalanmış bir millətdir. Sanki iki fərqli reallıqda yaşayırlar və eyni zamanda bir-birlərinə ölümcül nifrət edirlər. Sui-qəsd cəhdi Amerikanı daha da parçaladı", deyə Beyker vurğulayır. Hadisədən bir neçə dəqiqə sonra sosial şəbəkələr hər cür sui-qəsd nəzəriyyələri ilə doldu. Əgər respublikaçılar sui-qəsdin arxasında demokratların dayandığını deyirlərsə, demokratik düşərgədən olan radikallar sui-qəsdi səhnələşdirilmiş tamaşa elan edirlər. Onlar, “Bu, əsl qan deyil, çəkilişlərdə istifadə olunan qırmızı geldir”, deyə ortaya iddia atırlar. "Və tamaşa özü isə Məxfi Xidmətlə ətraflı şəkildə əlaqələndirilib. Siz nə vaxt görmüsünüz ki, Məxfi Xidmət agentləri prezidentə imkan versinlər ki, o, digərlərinə - gözləyin- desin? Yaxşı, bu tamamən saxta deyilmi?”, deyə sosial şəbəkə istifadəçilərindən biri yazır. Maraqlıdır ki, Trampa güllə atan Tomas Metyu Kruks 2023-cü ildə “BlackRock” reklamında çəkilib. “BlackRock, Inc” qərargahı Nyu Yorkda yerləşən ABŞ beynəlxalq investisiya şirkətidir. Dünyanın ən
böyük investisiya şirkətlərindən biri və idarə olunan aktivlərə görə dünyada ən böyük şirkətdir. Bu şirkət ABŞ-ın üç ştatında (Alabama, Texas, Oklahoma) mağazalarda silah sahiblərinə sursat satan avtomatlar quraşdırıblar. Bundan başqa, “The New York Times” xəbər verir ki, Tomas Metyu Kruks “Bethel Park Skilled Tibb bacısı və Reabilitasiya Mərkəzi”ndə qidalanma üzrə mütəxəssis kimi çalışıb. Kruksun keçmiş sinif yoldaşları onda heç bir qəribəlik görmədiklərini bildiriblər. Kruksun 20 yaşı var idi və indiyədək istintaq onun terror təşkilatları və ya xarici ölkələrlə əlaqəsini aşkar etməyib.
Bütün baş verənlərə görə Trampın haqqı verilməlidir, çünki sui-qəsd epizodu onun görkəmli siyasi keyfiyyətlərini mükəmməl şəkildə vurğuladı. Güllə başının yaxınlığından - bir neçə santimetr məsafədən uçduqdan sonra, əslində, ölüm “qanadı ilə ona dəydi”, o, qələbə jesti ilə əlini qaldıraraq tərəfdarlarını döyüşə çağırdı. "Mən burada olmamalıydım, ölməliydim", deyə Tramp “New York Post”a açıqlama verib. O qeyd edib ki, Bayden telefon danışığı zamanı “çox mehriban” olub və onun sözlərinə görə, “Ədliyyə Departamentinə” ona qarşı iki işdən imtina etməyi əmr edəcək. Tramp sui-qəsd zamanı onu nəyin xilas etdiyini bildirib. Eks-prezidentin fikrincə, qanunsuz miqrantlarla bağlı plakatlardakı yazıları oxumaq üçün vaxtında başını sağa çevirməsəydi, ölmüş ola bilərdi. Bu epizodda Trampın başqa bir unikal keyfiyyəti - onun bəxtinin necə gətirdiyi tam nümayiş olundu. Bu sui-qəsdlə Tramp hər şeyə görə bağışlanır, onun haqqında iddia edilən sevgi macəralarından və vergi saxtakarlığından tutmuş seçkinin taleyini yenidən həll etmək cəhdinə qədər. Ancaq başını yana çevirməklə ölümdən qurtaran Tramp faciənin qarşısını almaqla yanaşı, potensial qurbanı zəfərə, heyranlıq obyektinə çevirdi.
Hətta İlon Mask da Trampa sui-qəsdin məsuliyyətini ABŞ Məxfi Xidmətinin daşıdığını bildirdi. O, bu barədə X sosial şəbəkəsində açıqladı. Tarmpa edilən sui-qəsdə verilən ən çevik və maraqlı reaksiyalardan biri Azərbaycan və Qazaxıstandan gəldi. Belə ki, Azərbaycan Prezidenti X-hesabında ABŞ-ın keçmiş dövlət başçısına silahlı hücumu pisləyərək dedi: “Prezident Trampa edilən hücumdan sarsıldıq və şoka düşdük. Biz bu siyasi zorakılıq aktını qətiyyətlə pisləyirik. Prezident Trampa tezliklə sağalmasını arzulayırıq”. Qazaxıstan prezidenti Tokayev də vurğuladı: “ABŞ-ın keçmiş prezidenti Donald Trampın həyatına sui-qəsdi qətiyyətlə pisləyir və ona tezliklə sağalmasını arzulayırıq”. Maraqlıdır ki, Prezident İlham Əliyevin verdiyi açıqlamada Trampa eks-prezident kimi yox, prezident kimi reaksiya verilir. Amma Tokayevin açıqlamasında Tramp “ABŞ-ın keçmiş prezidenti” adlandırılır. Sonda bildirək ki, sui-qəsdin audio ekspertizası Trampın üç növ silahdan vurulduğunu göstərib. Bu barədə CNN Milli Media Kriminalistika Ekspertizası Mərkəzinin audio analizinə əsasən bildirib. Xəbərdə açıqlanır ki, ilk 3 atəş A silahından, sonrakı 5 atəş B silahından, son "akustik nəbz" isə C silahından atılıb. Halbuki, FTB əvvəllər atəş açan şəxsin tək hərəkət etdiyini bildirmişdi. Göründüyü kimi, sui-qəsd hadisəsində kifayət qədər təzadlı, şübhəli məqamlar var. Hansı ki, rəsmi mənbələrin verdiyi açıqlamalar heç də reallığı əks etdirmir...
Ülviyyə ŞÜKÜROVA
