“Tramp hədə-qorxu gəlsə də, Ukraynanı razı salmaq çətin olacaq” - QULAMHÜSEYN ƏLİBƏYLİ
“Dünən nüfuzlu bir informasiya vasitəsində məlumat getdi ki, Trampın 28 bəndlik planı ilə əlaqədar Putinin nümayəndəsi ilə Uitkoffun əvvəldən danışıqları olub. Bu, göstərir ki, rus mətbəxində hazırlanmış təkliflərdir”.
Bu barədə Hurriyyet.az-a keçmiş deputat, siyasətçi Qulamhüseyn Əlibəyli deyib.
“Həmin təkliflər süni şəkildə ora daxil edilmişdi. Əslində, mən hesab edirəm ki, bu, Rusiyanın beynəlxalq təcriddən çıxarılması istiqamətində aparılan siyasətin tərkib hissəsidir. Tramp çalışır ki, bu vasitələrlə Rusiyanı beynəlxalq aləmə gətirsin və özü üçün bir ad qazansın. Yəni ki, “mən sülhpərvər bir prezidentəm”. Görürsünüz, o danışıqlarda da deyir ki, “Trampı tərifləmək lazımdır, sizin üçün təşəbbüslər irəli sürür”. Yəni Tramp çalışır ki, həyatının sonunda sülhpərvər adam obrazı yaransın və mümkün olsa, gələn il Nobel sülh mükafatı almış olsun. Amma faktiki olaraq, heç bir konflikti, münaqişəni normal nizamlamaq imkanına malik deyil, nə Qəzzadakı, nə Ukraynadakı, nə də Pakistan-Hindistan arasındakı konflikt nizamlanıb”,-deyə Siyasətçi əlavə edib.
Q.Əlibəyli qeyd edib ki, Trampın aktivinə bir dənə Azərbaycan-Ermənistan arasında bəyannamənin imzalanması yazıla bilər: “O da demək olar ki, danışıqlar başa çatmışdı, əsas şərtlər razılaşıdırılmışdı və həmin razılaşdırılmış şərtlər əsasında da müqavilənin şərtləri razılaşdırıldı. Hər halda, Trampın 8 avqust bəyannaməsinə qol çəkməsi müsbət hadisə kimi qiymətləndirlir. Çünki artıq Amerikanın bir növ təminatı kimi nəzərdən keçirilə bilər”.
“Tramp “sülh planı”nı 28-dən 22-yə endiribsə, yəni gözlə görünən bir sıra məsələlər vardı ki, onlar süni şəkildə ora salınmışdı. Rus dilinin ikinci dövlət dili elan olunması, Avropa İttifaqına daxil olmamaq və s. Bunlar artıq süni məsələlərdir. Hesab edirəm ki, bunlar gələcəkdə güzəşt vermək üçün nəzərdə tutulub. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Ukraynaya nə qədər hədə-qorxu gəlsələr də, Avropa Birliyi başqa bir mövqe tutub. Tramp hədə-qorxu gəlsə də, buna nail ola bilməyəcək, Ukraynanı razı salmaq onun üçün bir az çətin olacaq”,-deyə Siyasətçi vurğulayıb.
Q.Əlibəyli hesab edir ki, Ukraynanın daxilində də narazılıq yaratmaq cəhdləri ola bilər: “Mümkün olan bir məsələdir. Hesab edirəm ki, xüsusən, korrupsiya faktları ilə bağlı qalmaqal Ukraynanın daxilində qarışıqlıq yaratmaq məqsədilə irəli sürülür. Ola bilsin ki, orada korrupsiya da var. Amma hər halda, Ukrayna xalqı bu gün ruslara ərazi güzəştləri getməyə tam şəkildə razı deyil. Ona görə də, müharibə yəqin ki, müəyyən müddət davam edəcək. Əslində, perspektivdə müharibənin davam etməsi həm Avropa İttifaqına, həm də Amerika Birləşmiş Ştatlarına bir az sərfəli olan bir variant kimi görünür. Çünki onlar çalışırlar ki, bu iki xalq bir-birini əzsin, zəiflətsin və onlar öz bildiklərini etsinlər”.
CAVİD
