TRAMP “HAKİMİ-MÜTLƏQ” OLACAQ – Senat və Nümayəndələr Palatası da respublikaçılara keçdi
Noyabrın 5-də keçirilən seçki ABŞ Respublikaçılar Partiyası üçün təkcə Donald Trampın prezident seçilməsilə əlamətdar olmadı.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Respublikaçılar Partiyası həm ABŞ Senatında, həm də Nümayəndələr Palatasında həlledici üstünlük qazanıb. “NBC News”-un yaydığı məlumata görə, Trampın partiyası seçkinin nəticələri əsasında ABŞ Senatında üstünlük əldə edib. Hazırkı seçki nəticələrinə görə, Respublikaçılar Partiyası Senatdakı 100 yerdən 52-nə, Demokratlar Partiyası isə yalnız 44-nə nəzarət edir.
ABŞ Nümayəndələr Palatasında respublikaçılar 435 yerdən 207-sini, demokratlar isə yalnız 186-nı tuturlar.
Səsvermə prezident seçkiləri ilə eyni vaxtda keçirilib. Kampaniyanın sonunda Nümayəndələr Palatasının tərkibinin və Senatdakı yerlərin üçdə birinin tamamilə yenilənəcəyi gözlənilir. Beləliklə, Respublikaçılar Partiyası həm prezidentliyi, həm də Kapitoliyada hər iki palatada nəzarəti əldə edəcək. Bu isə Donald Trampa olduqca böyük hakimiyyət və imkanlar qazandıracaq. Bu, ABŞ tarixində son zamanlar heç də tez-tez rast gəlinən hadisə deyil. Prezidentin əksər həlledici qərarlarını Konqresdən asanlıqla keçirmək mümkün olacaq.