Saat:14:43
Haqqımızda

“Tramp direktivlərinə əməl etməyən rejimi devirməyə çalışır”- POLİTOLOQ

2025-12-11 13:28:59

“Tramp direktivlərinə əməl etməyən rejimi devirməyə çalışır”- POLİTOLOQ

“Venesuela dünyanın ən zəngin karbohidrogen yataqlarına malikdir. Dünyanın ən böyük neft yataqları da məhz Venesuelada yerləşir. Hələ Co Baydenin vaxtında da Venesuelaya müəyyən təzyiqlər var idi, onun prezidenti Maduro prezident kimi qəbul olunmurdu”.
Bu barədə Hurriyyet.az-a politoloq Əli Orucov ABŞ prezidenti Donald Trampın Venesuela lideri Nikolas Maduronu və Kolumbiya lideri Qustavo Petronu təhdid etməsi ilə bağlı mövqeyini ifadə edərkən deyib. 
“İndi Trampın yürütdüyü siyasət açıq-aydın istila xarakterlidir və ABŞ çalışır ki, Venesuelanın bu resurslarına tam sahiblənsin, nəzarəti ələ keçirsin və özünün maraqlarına uyğun şəkildə istifadəyə nail ola bilsin. Məqsəd bundan ibarətdir. Eyni zamanda Venesuela da Çin, Rusiya, Hindistan, Şimali Koreya, İran kimi, ABŞ-a düşmən hesab edilən dövlətlərlə sıx əməkdaşlıq edir. Belə bir əməkdaşlıq da təbii ki, ABŞ-ı qane etmir. Bu məsələ də təzyiqlərin əsas səbəblərindən biridir”,- deyə politoloq əlavə edib.
Ə.Orucov nəzərə çatdırıb ki, Trampın yürütdüyü siyasət ancaq “Amerika amerikalılar üçündür” tezisiylədir: “Kolumbiyadakı vəziyyət də bəhanədir. Ümumiyyətlə, onun nəzarətində olmayan, onun direktivlərinə əməl etməyən istənilən rejimlə o cür davranır, o cür müxtəlif bəhanələr gətirərək, onları devirməyə və yaxud ram etməyə çalışır”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “Maduronun sayılı günləri qalıb” bəyanatından sonra, bu gün bəyan edib ki, əgər Kolumbiya lideri Qustavo Petro narkoticarətinə qarşı lazımi tədbirlər görməsə, Vaşinqtonun bu sahədəki mübarizəsində “növbəti hədəfi” ola bilər.
CAVİD