Tramp Amerikanın 46-cı prezidentini "axmaq" adlandırdı
Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp böyük məbləğdə vəsait xərclədiyinə, o cümlədən, Ukraynaya ayırdığı pullara görə ABŞ-ın 46-cı Prezidenti Cozef Baydeni "axmaq" adlandırıb.
Florida ştatındakı Mar-a-Laqo mülkündə jurnalistlər qarşısında çıxış edən Tramp Ukraynadakı münaqişəni nəzərdə tutaraq deyib: "Daha bu müharibədə pul itirmirik. Bildiyiniz kimi, Bayden Kiyevə 350 milyard dollar verdi. Kim bilir, görən həmin pullara nə oldu?"
Tramp sözünə belə davam edib: "Biz Baydenin dövründəki kimi pul itirmirik. O, pulları axmaq kimi xərcləyirdi. Axmaq idi. Ölkəmizə etdikləri sadəcə, dəhşətdir. Nəğd pul və silah yardımı şəklində 350 milyard dollar verdi. Amma indi biz ən yaxşı hərbi texnikanı, təyyarələri, raketləri satırıq. NATO-ya satırıq. Biz NATO ölkələrinin müdafiə xərclərini ÜDM-in 2%-dən 5%-ə qədər artırmağa nail olmuşuq. İndiyə qədər heç kim buna inana bilmir. Onlar həmin pulları ayırıb silah üçün Amerikaya ödəyirlər. Biz NATO-ya silah satırıq. Qiymətini azaltmadan. Biz NATO-ya silah satırıq, NATO da həmin silahları götürüb yerbəyer edir, lakin böyük hissəsini Ukraynaya verir".
Tramp iyulun 14-də bəyan etmişdi ki, Vaşinqton bundan sonra da Ukraynaya silah və hərbi texnika verməyə davam etməyi qərara alıb - həmin tədarüklərin pulunu Avropanın ödəməsi şərti ilə. Bu prosesdə koordinator vəzifəsini NATO təşkilatı yerinə yetirir.
Hürr Tərcüman
