TRAGİKOMEDİYANIN BUYNUZU... – Eldəniz Quliyev yazır
Güzgüyə baxıb, adını özgəyə qoymaqdan asan nə var ki!..
Dərəbəyliyin, hərc-mərclik və monopoliyanın meydan suladığı bir məmləkətdə dövləti, müvafiq olaraq dövlətçiliyi hakimiyyətdən qorumaq lazımdı, - müxalifətdən yox. Bu qədər sadə!
Günahsız insanların şər-şəbədəylə həbs edilməsi, söz və ifadə, eləcə də digər fundamental insan azadlıqlarının sərt məhdudiyyətlərlə üzləşdiyi ölkədə dövlətə qarşı radikal müxalflik edən hakimiyyətdir, - müxalifət yox.
Bu qədər bəsit!
Vətənə ANA deyib, Ona ayağısürüşkən qadın kimi baxan, vara-dövlətə, sərvətə görə tamahının quluna çevrilmiş və yaxşı ya düz yaşamaq arasında dişi-dırnağı ilə yaxşıdan yapışmış... iribuzlu hakimiyyət məmurlarıdı, - cındırından cin hürkən müxalifət fəalları yox!
Bu qədər aydın!
Yeri gəlmişkən, ilk baxışda ritorik görünən bu vacib suala cavab verilməlidir: DÜZ yaşamaq, yaxud YAXŞI yaşamaq? Az qala Hamletin məşhur sualı qədər aktual olan bu dilemma çoxlarını düşündürür və düşündürməlidir də. Birinci - əzab-əziyyət, məhrumiyyətlər, ikinci isə,- əsasən, yaltaqlıq, şərəfsizlik və nadürüstlük tələb edir!..
Bu qədər aydın!
Azərbaycan həqiqətən analoqu olmayan məmləkətdi...
Burada bacaranlar iş görür, bacarmayanlar idarə edir, idarə edə bilməyənlər isə...hökmranlıq edir!
Təəssüf doğuran bu alabəzək sıralamanı yaradan zatlar hakimiyyət təmsiçiləridi, - müxalifət üzvləri yox!
Həzarat, bu, ikinin üstünə iki gələndə dörd elədiyi qədər aşkar və danılmaz fakt deyilmi?..
Şanlı hakimiyyət yetkililəri kimi, kimlərisə, (cəm halında isə, küllü demokratik düşərgəni), ittiham edərək göyə mismar vurmaq şakərindən əl çəkməməlidirmi?!
Məhz bu halda, xəyallarında cənnət yaratmaq istəyən xalqın ürcah olduğu cəhənnəmdən qurtulmaq şansı yaranar!..
P.S. Və bu deyilənlər, bunca sadə, bu qədər bəsit və bu boyda aydın olduğu üçün, həm yaman gülməlidi, həm də çox ağlamalı...
Çünki tragikomediya deyilən zadın buynuzu-filanı olmur!
Eldəniz QULİYEV