“Toyumda içki verməmişdim, amma qonaqların yarısı sərxoş idi”
“Araq içib barda yatsam, məmurları söysəm, ağıllı olacağam?”
“Dedilər ki, Fazil Mustafadan sonra növbə sənindir”
“Elza Seyidcahan siyasətə gəlmək istəyəndə, saçını-başını yoldular”
AĞ Partiyanın sədri Tural Abbaslı Modern.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:
- Tural bəy, necəsiniz? Daha doğrusu, bahalıqdan şikayətləndiyiniz bir dönəmdə necə dolanırsınız?
- Normal ölkələrdə elektorat və sosial baza baxımından cəmiyyətdə iqtidardan sonra ikinci partiyanın sədrinə belə sualın verilməsi əcaib səslənir. Nə gəlir, əslində mən yaxşı yaşayan insan qrupunda olmalıyam. Amma Azərbaycanda bu sual aktualdır. Çünki dövlət öz partiyalarını maliyyələşdirmir. Yalnız parlamentdə olan partiyalar maliyyələşdirilir. Onlara da çox simvolik rəqəmlər verilir. Ağ Partiyanın fəaliyyətində adlarını bildirmək istəməyən dostların yardımı böyük rol oynayır. Nə siyasi fəaliyyətimizdə külli miqdarda pullar xərcləyirik, nə də şəxsi həyatımız xüsusi komfortludur. Mənim 3-5 dostum, müavinimin dostları hesabına minimal, çox gülünc səviyyədə dəstəklərlə birtəhər partiya fəaliyyətini davam etdirməyə, həm də özümüz yaşamağa çalışırıq.
- Bəzən deyirlər ki, normal yaşamaq üçün deputat olmalısan. Növbəti seçkilərdə namizəd olmağı düşünürsünüzmü?
- Qarşıdan gələn parlament seçkilərində neçə deputat yeri olduğunu bilmirik. 125 deputat var. Onlardan 118-i fəaliyyət göstərir. Ehtimal var ki, bu say artırılacaq. Çünki əhali sayı 6-7 milyon olanda 125 deputat yeri vardı. İndi əhalinin sayı 10 milyondur. Yenə də 125 deputat yeri var. Deputatlar fiziki olaraq xalqın təmsilçiliyini çatdırmır. 40 minə bir deputat hesablanmışdı. İndi o rəqəm 60 min civarındadır. Deputatlarımızın təmbəlliyini də nəzərə alsaq, say mütləq artırılmalıdır. Gürcüstan, Türkiyə, hətta Ermənistandakı əhali sayı ilə deputat sayını müqayisə etsək görərik ki, 125 gülünc rəqəmdir. Bu sayın 151 olma ehtimalı var. Hakimiyyət həmişə çox ehtiyatla addım atır. Ola bilsin seçkilər proporsional, majoritar və ya qarşıq olsun. Biz bütün bunları bilməliyik. Bunları bilmədən filan qədər yerə iddialıyıq demək doğru olmaz. Hər bir partiya təbii ki, maksimum dairələrdə təmsil olunmaq istəyir. Ciddi partiyalar isə namizəd vermək xatirinə namizəd vermir. Namizədlərin təbliği, onların təqdimatı, piarı və fiziki cəhətdən çatdırılması, imzaların toplanması, seçkilərin müşahidə olunması məsələləri var. Biz dairələri maksimum təmin etməyə çalışacağıq. Ancaq kim olursa-olsun təki namizəd verək düşüncəsində deyilik. Sonuncu, 2020-ci il parlament seçkilərində partiya olaraq 12 namizədlə iştirak etmişdik.
Məsələn, siz fərdi olaraq deputatlığa namizəd ola bilərsiniz. Bu zaman sizdən iki kağız tələb olunar. Amma biz partiya olaraq sizin namizədliyinizi irəli sürsək, 10-12 kağız verməli olacağıq. Daha çox dairədən təmsil olunmağa çalışacağıq. Namizədliyə layiq, bu işi apara biləcək şəxsləri irəli sürəcəyik. Dəqiq rəqəm demək hələ tezdir. Elə dairə ola bilər ki, biz başqa partiya üzvünə, sədrinə güzəştə gedə bilərik. Kimsə bu və ya digər dairədən seçilibsə, ora layiqdirsə, mütləq ona rəqib çıxarmaq üçün namizəd verməyəcəyik. Onda biz deyəcəyik ki, filan dairədə filankəsi dəstəkləyirik. Bunlar seçki yaxınlaşdıqca müzakirə ediləcək məsələlərdir. O zaman daha dəqiq rəqəm demək mümkündür.
- Partiyanızın adının Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) adı ilə bənzərliyi zaman-zaman tənqid olunur. Sizi plagiatlıqda ittiham edənlər də var. Bu məsələyə münasibətiniz necədir?
- Bəzi universitet oxumuş, guya müəyyən səviyyəsi olan "taxtabaşlar" deyirlər ki, Tural Abbaslı bilmir ki, Türkiyədəki iqtidar partiyası AKP-nin açılışı Ədalət və İnkişaf Partiyası deməkdir. Bu da Ağ partiya qoyub “Ğ” nədir? Yəni belə bəsit, adamın cavab vermək istəmədiyi səviyyədə sual verirlər. Təbii ki, fikir verilsə, AK Partiyanın özünə çox zaman “Adalet və Kalkınma Partiyası” yox, AK Partiya deyirlər. Türk-İslam dünyasında Ağ sözünün təmizlik, mübarəklik simvolu var. Məsələn, Osmanlı sultanı Fateh Sultan Mehmetin müəlliminin adı Şəmsəddin idi. Ona Akşəmsəddin deyilirdi. AKP də özünü sətiraltı AK deyə təqdim edir. Burada AKP ilə ideoloji bağlılığımızın olduğunu da göstəririk. Türk-İslam dünyasının ideoloji xətti AK Partiyanın bugünkü ideoloji-siyasi xətti olmalıdır. Biz belə düşünürük. Ancaq sırf AKP-ni kopyalamaq kimi niyyətimiz yoxdur. Guya ki, biz partiyamızın adını Ağ Partiya qoyan kimi, Rəcəb Tayyib Ərdoğan zəng edib: “Tural müəllim, necəsiniz, gəlin, sizə kömək edək” demir. Bu qədər xəyalpərəst deyilik. Amma biz ideoloji xəttimizi göstəririk. AKP-də cəmləşmiş xüsusiyyətlərin yarısının bizdə də olduğu ağla gəlir. Biz də mühafizəkar, dinə və milli-mənəvi dəyərlərə sayğı ilə yanaşırıq. Bizə bu sualı verən "taxtabaşlara" sual veririk ki, 2005-ci ildə Azərbaycanda inqilabın rəngi kimi narıncı rəngi niyə seçmişdilər. Ukraynada inqilabın rəngi narıncı seçilmişdi. Bizimkilər də bu rəngi seçəndə hamının xətlərini biləcəyini düşündülər. Siz edəndə olur, biz edəndə olmur?
- Qəribə səslənsə də, sizin siyasi baxışlarınızı "Taliban"la eyniləşdirənlər də olur.
- Çaxır, araq içsəm, barlarda yatsam, içib dövlət rəsmilərini söysəm, sonra dəlixanaya çıxsam, ağıllı olacam? İki dəfə həbsə düşüb, çıxandan sonra Mübariz İbrahimovları, Milli Qəhrəmanlarımızı, adət-ənənələrimizi söysəm “cool” olacam? Əksinə, belə insanlara anormal baxmaq lazımdır. Yəni bunlar taftalogiyadır. Müsavat Gənclər Təşkilatının sədri olanda Füzuli özəyinin üzvü Seymur Baycan yazmışdı ki, bunlar “Taliban Gənclər Təşkilatı”dır. Eyni məntiqlə mən də içki içənlərə əyyaşlar birliyi, alkoqoliklər deməliyəm. Ancaq belə demirik. Mən namaz qıldığıma görə, "Taliban" oluramsa, sən də bir rumka araq içməklə əyyaş olursan. Təbii ki, elə deyil. Mən 23 ildir ki, siyasətdəyəm. Bizim Azərbaycanda qurmaq istədiyimiz, Ərdoğanın Türkiyədə qurduğu sistemdir. Biz o cür dövlət qurmaq istəyirik. Bizim üçün əldəqayırma saytlarda haqqımızda yalan yazılıb, vikipediyada da bunun qeyd olunması əhəmiyyətli deyil. Seçicilərimiz bizi tanıyır və bilir. Bu bizə kifayətdir.
- Bu yaxınlarda Milli Məclisin deputatı, eyni zamanda partiya sədri olan Fazil Mustafaya qarşı terror aktı törədildi. Məlum oldu ki, deputat dəfələrlə təhdidlərə məruz qalıb. Siz belə hallarla üzləşmisinizmi?
- Mənə açıq təhdid mesajları yazırlar. Fazil Mustafa güllələnən günü növbə sənindir yazanlar var idi. Bir çox hallarda mən İran rejimini tənqid etmişəm. Mənim üçün Azərbaycanın və onun üçrəngli bayrağının maraqları bütün dünyadakı dövlətlərdən öndədir. Təbii ki, Türkiyəni də Vətən kimi görürüəm, türk-islam dövlətlərini də qardaş dövlətlər hesab edirəm. Ancaq Azərbaycan birincidir. Biz qanuna təklif vermişdik ki, partiyaların ən azı rəhbərlərinin mühafizəsini dövlət təmin etsin. Həmin təklifin üstündən xətt çəkdilər. Dedilər ki, "O nə deməkdir, cənab nazirləri də dövlət qoruyacaq, mühafizə ilə gəzəcəklər, partiya sədrlərini də". Ancaq güllələnən partiya sədri oldu. Hansısa nazirə, məsələn Kəmaləddin Heydərova kiminsə güllə atdığını eşitmisiniz, yox. Onların mühafizəçilərinin sayına baxın. Mən hər gün 5 oliqarxın, 3-4 nazirin həyat və fəaliyyətini ortaya qoyuram. Onlar üçün bizim qiymətimiz nədir ki, 20-30 min kiməsə verəcəklər, məsələ həll olacaq. Belə məsələləri dövlət nəzərə alsın. Hər qrup üçün biz fərqliyik. Liberallar deyir ki, biz avtoritarıq, hakimiyyət isə "bunlar müxalifdir" deyir. Biz bizik. Öz fikirlərimizi deyirik. Kim nə istəyir düşünsün. Hələ də təhdid edən, təhqir edənlər var. Amma məsəl var, “elə ki, oldun dəyirmançı, çağır gəlsin, dən Koroğlu”. Söyülmək istəmirsənsə, təhdid olunmaq, sabah Fazil bəy kimi güllələnməmək üçün Azərbaycanda siyasətlə məşğul olmayacaqsan.
- Sizin hakimiyyətyönümlü, mötədil müxalifət olduğunuzu iddia edirlər. Bu haqda fikirlərinizi bilmək istərdik.
- Bu günə qədər Azərbaycanda iqtidar-müxalifət münasibətləri cəngəllik şəraitində olub. Azərbaycanda iqtidar-müxalifət dəyirmi masalarını Avropa İttifaqı təşkil edirdi. İqtidar və müxalifətin bir-birilə 3-cü qüvvələr vasitəsilə görüşməsi 21-ci əsrdə nə qədər doğrudur? Bir tərəfdə Əli Həsənov, digər yanda özünə müxalifət deyən, əslində Əli Həsənovun uzantıları olanlar cəmiyyətə elə mesajlar ötürürdü ki, sanki iqtidar və müxalifət bir-birinə snayper tuşlamalıdır. Stalinqradda faşistlərlə ruslar bir-birini necə güdürdüsə, biz də bir-birimizi elə güdməliyik. Bu, belə olmalı deyil. Müxalifət tənqid etməli, çıxış yolu göstərməli və hakimiyyətin üzərinə getməlidir. Biz də bunu edirik. Kimsə məndən sapan daşını götürüb, YAP-ın qərargahını daşlamağımı və ya "Kalaşnikov" götürüb hücuma keçəcəyimi gözləyirsə, bilsin ki, bu müxalifətçilik deyil. Onun adı başqadır. Onları kim etmək istəyirsə, özü bilər. Bizi dəstəkləyən elektoratdan razıyıq. Bizə kim mötədil deyirsə, getsin mötədil olmayana dəstək versin. Azərbaycan gəncliyindən danışanların nə oğlu, nə qızı, nə də yoldaşı Azərbaycanda deyil. Hamısını xaricə yollayıb, burada Azərbaycanın gələcəyi uğrunda vuruşur. Bu radikal mübarizədir?
- Sizin çıxışlarınızın səmimi olmadığını, piar məqsədi daşıdığını söyləyənlər də az deyil. Populist olduğunuzu düşünənlərə nə demək istərdiniz?
- Kim nə deyirsə desin. İnsanları, küçəni aldatmaq olmur. Məsələn, Elçibəyi dünyanın əksər dövlətləri dəstəkləməsə belə, xalqın dəstəyi sayəsində prezident seçildi. Yəni bizə səmimiyyət lazımdır. Xalq da səmimiliklə, qeyri-səmimiliyi ayıra bilir. Səni necə görmək istəyirlərsə, elə də görürlər. Opera Balet Teatrının aktyorları evdə bir-birilərini ariya ilə çağırırlar?. Yox. Siyasətin də bir dili var. Sən məhlə uşağınla söhbət etdiyin kimi danışmayacaqsan. Siyasət dili ilə danışırsan, deyir ki, “populistsən”. Qoy, populizm olsun. Boris Conson, Donald Tramp populist deyildilər. Boris Conson Baş nazir olmadı? Amerika kimi, dünyanı məhv edəcək qədər böyük nüvə ehtiyyatına malik, nə qədər Nobel mükafatçısı yetişdirmiş ölkənin əhalisi Trampa səs vermədi? Yaxud Ərdoğan. Ondan çox qışqıran, pafosla danışan var? Ancaq işi də görən odur. 80 milyonluq türk xalqının səsini alıb, 20 ildir ölkəyə rəhbərlik edir. Kim akademik kimi danışmaq istəyirsə, buyursun. Mən auditoriya qarşısında tələbələrə dərs keçmirəm. Mən xalqa müraciət edirəm. Çox zaman danışdıqlarımın pafos olduğunu deyirlər. Əslində bu belə deyil. İçimdən gələnləri deyirəm. Fikirləş ki, kimsə telefonunu oğurlayır və sən polisə ərizə yazmalı olursan. Yazana kimi əlin əsir ki, mənim telefonum hanı, bir ildir ki, onun kreditini ödəmişəm. Bunu sakit deyə bilərsiz? Deyə bilmərsiniz. Biz də o hisləri yaşadığımız üçün xalqın içində olan problemlərin eynisini yaşadığımız üçün içimiz yana-yana deyirik. Bunlar da onu yana-yana deyə bilmir. Deyirlər ki, “bu populistdir”. Bəs sən nəsən, akademiksən?
- Müsavatdakı fəaliyyətinizə toxunmaq istərdik. Ölkənin ən nüfuzlu partiyalarından olan Müsavatdan niyə ayrılmışdınız?
- Müsavatda mənim qatıldığım başqanlıq seçkisində 4 nəfər iştirak edirdi. Biri seçildi, ikisi qovuldu. Tək mən özüm könüllü ayrıldım. Mən hətta seçkidən sonra iki il Müsavatda qaldım. Sədr bir nəfər olar. Seçilmisən, yaxşı eləmisən. Mən Müsavata 16 ilimi vermişdim. 16 il idi ki, Müsavatın üzvü idim. Getməyə məcbur qaldım. Məsəl var ki, “qonağa get, demirlər, döşəyi altından çəkirlər”. Mənə salam verən hamını partiyadan sıxışdırdılar. Jurnalistlərə zəng etdilər ki, Turalın partiyada vəzifəsi yoxdur. Ondan müsahibə almayın. Mənim özümü partiyanın heç bir seçkili orqanına buraxmadılar. Ancaq biz bu gün bir dilli-dilavər, iş görmək istəyən gənc görəndə əsə-əsə deyirik ki, “qardaş xoş gəlmisən”. O saat vəzifə filan veririk. Çünki bu adam bizim işimizi aparacaq. Bunlar isə bütün enerjilərini sərf etdilər ki, mən və ətrafımda olan dostlarımın enerjisi batsın. Keçə bilmirdik. Çünki əziyyət çəkmişdik, həbsdə yatmışdıq, qohum-əqrəba ilə üz-göz olmuşduq. Sonda gördük ki, alınmır. Dedik ki, “sizinlə dava etməyə nə vaxtımız, nə həvəsimiz var. Biz gedirik”. Batsaq da, qalxsaq da, özümüz bilərik. Allaha şükürlər olsun ki, biz bu gün çıxdığımız partiyadan üç dəfə güclü partiyayıq. Əksini iddia edirlərsə, gəlsinlər.
- Tural bəy, sizin keçmiş daxili işlər naziri İsgəndər Həmidovla davanız olmuşdu. Sizdən yaşca böyük insana qarşı hərəkətləriniz yaxşı qarşılanmamışdı. Sonradan peşman oldunuzmu? Amma tam səmimi...
- Allah İsgəndər Həmidova rəhmət etsin. Deyirlər ki, ölənin arxasından ya xeyir danış, ya da sus. Ona görə də, hadisənin detallarına varmaq istəmirəm. Onsuz da hər şey bilinirdi. AXH-də görünən 2-3 nəfər var idi. Onlardan biri mən idim. Onsuz da AXH-nin ideya müəlliflərindən biri mən olmuşam. Maraqlısı odur ki, ilk vaxtlar hamı bir-birilə mehriban idi. Hamı bir-birinə can deyib, can eşidirdi. AXH siyasi arenada özünə yer edən, adını eşitdirən kimi, indi bəzi özünü partiya rəhbəri kimi təqdim edənlər İsgəndər bəyi "Zabitlər parkı"nda çayxanaların birinə çağırdılar. Başladılar ona deməyə ki, “İsgəndər bəy, bizim sizə böyük hörmətimiz var, amma Tural və Əli Əliyev oradan uzaqlaşdırılmalıdır”. Bizi uzaqlaşdırmaqla, AXH-ni də öz təsirlərinə salmaq istəyirdilər. Bu oyunların nəticəsi AXH-də davalara səbəb oldu. Yenə də hakimiyyət heç bir şey etmədi. Özünə lider deyən, Zabitlər bağında saatlarla enerji sərf edənlər bu problemləri yaratdı. Biz orada sözümüzü dedik. Allah İsgəndər bəyə rəhmət etsin. Olan oldu, keçən keçdi. İsgəndər bəyin Azərbaycan tarixində özünə görə adı, yeri və rolu var. Ona da xalq, tarix qiymət verəcək, inşallah!
- Sizcə, Azərbaycanda neçə partiya olmalıdır?
- Partiya sayı demək düz deyil. Çox sayda partiyanın olduğu bir sıra kiçik ölkələr var. Gürcüstanda 300-ə yaxın partiya var. Ermənistanda da 100-dən çox partiya mövcuddur. Qoy, bizdə də 500 partiya olsun. Əsas məsələ neçə partiyanın olması deyil. Məsələn, Amerikada 200-dən çox partiya var. Amma orada hamının tanıdığı və siyasi arenaya yön verənlər demokratlarla respublikaçılardır. Bu da onların güclü və təsirli olduğunu göstərir. Bizdə də sərbəst rəqabət mühiti yaradılmalıdır. Qoy, 500 partiya olsun. Sağlam rəqabət olduqdan sonra onsuz da onlar içərisində 3-5-i önə çıxa biləcək. Digərləri elə kağız üzərində qalacaq.
Azərbaycan xalqının yaşamaq haqqı və dəstək verdiyi hər partiyanın olması yaxşıdır. Əsas dövlətin partiyalar üçün nə etməli olmasıdır. İqtidar başa düşməlidir ki, bu gün Turalın tənqidlərini eşitməmək üçün qanunu sərtləşdirirsə, partiyanın büdcədən maliyyələşməsini məhdudlaşdırırsa, Turalın çox normal şəkildə dediklərini sabah "Kalaşnikov"la İran agentləri və ya rus agentləri küçələrdə deyəcək. Müxalifətini parlamentdə eşitməyə hazır olmayan iqtidarlar küçələrdə xaoslarla əlləşməyə məcbur qalırlar. Bu, dünyanın hər yerində belədir. Biz də belə olmasın deyirik. Mən ətini yesəm də, sümüyünü atmaram. İqtidar, müxalifət belə olmalıdır. Heç birimiz dövlətin düşməni deyilik. Kənardan müdaxilə edənlər ətini də yeyər, sümüyünü də atar. Burada dövlətin münasibəti önəmlidir. Partiyalar və oyun qaydaları olmalıdır. Oyun qaydalarına uyğunlaşa bilən, xalqın dəstəyini alan partiyalar qalmalıdır. Yoxsa süni şəkildə "onu aç, bunu bağla" taktikası düzgün deyil.
- Tural bəy, indiyədək sizə hakimiyyətdən vəzifə təklifi gəlibmi? Yaxud bundan sonra vəzifə təklifi olsa, qəbul edərsinizmi?
- Mənə bu istiqamətdə təklif gəlməyib. Normal hökumətlərdə koalisiyalar olur. Bu, normaldır, adi hadisədir. Məsələn, Türkiyədə bir də görürdün ki, 3 partiya birləşib, koalisiya hökuməti qururdular. Əsasən parlamentli ölkələrdə belə şeylər çox olur. Almaniyada kabinet formalaşanda hansısa partiyaya Sosial Müdafiə Nazirliyi verilir. Lakin partiya baxır ki, əsas qüvvələr dediyini etmir. Bu zaman həmin şəxs iqtidardan müxalifətə keçə bilir. Bu təbiidir. Ancaq bizdə bunu nə niyyətlə təklif edirlər, o maraqlıdır.
"Tural bəy, bu partiyanın başını burax, sənə bir nazirlik verək. Çıx, Siyavuş müəllimin dediklərindən birini də sən de" kimi təkliflər doğru deyil. Bu satınalmadır. Biri də var deyirlər ki, “qardaş demirsən, müxalifətsən, xalq, vətən və millət üçün canın yanır. Al bu nazirliyi görək nə edəssən?”. Bu artıq rüşvət olmur. Sən cəhd edib, bir il ərzində ya nəsə iş görəcəksən, ya da biabır olacaqsan. Bizim dərdimiz, mütləq şəkildə birinci adam olmaq deyil. Əsas istəyimiz xalqa xidmətdir. Hər siyasətçi xalqa harada necə fayda verə bilirsə, orada olmalıdır. Vətənə, millətə faydalı olacağını düşündüyümüz istənilən layihədə iştirak edərik.
- Maraqlıdır ki, sizin kimi Əli Əliyevə də mötədil müxalifət deyirdilər. Bütün bunlara baxmayaraq, o da həbsdən sığortalanmadı. Məlum hadisədən sonra siz yenə kəskin tənqidi fikirlərlə gündəmə gəlirsiniz. Qorxmursunuz ki, sizi də həbs edərlər?
- Allah Əli Əliyevin qapısını açsın. Biz partiya sədrləri bir yerə toplaşdıqda bəzən söhbət türmədən açılırdı. Əslində partiya sədrlərinin, yekə-yekə adamların türmədən xəbərdar olması, danışması qəribədir. Əli Əliyev həmişə deyirdi ki, “Elçibəy demiş, Azərbaycanda həbs siyasətçinin qızılca çıxarması kimi bir şeydir. Gərək, bir dəfə düşüb, çıxasan". Ancaq mən düşünürəm ki, siyasətiçinin işi həbs olunmaq deyil. Siyasətçinin işi repressiyaya məruz qalmaq, söyülmək deyil. Bunlar olar. Ancaq bunlar hansısa işğalçı dövlətə qarşı azadlıq mübarizəsi zamanı adamın başına gələ bilər.
Məsələn, Mandelladan danışılır. O ölkəsini işğal edib, onlara dərilərinə görə zülm edənlərə qarşı vuruşurdu. Burada isə hökm oxuyan, hökm oxunan, tutan və tutulan, hamısı azərbaycanlıdır. O baxımdan biz repressiya istəmirik. Nə özümün, nə də partiya üzvlərinin həbs olunmasını istəyirəm. Hər hansı bir gəncin valideyni bilsə ki, onun övladı Ağ Partiyaya yazılsa, universitetdən qovulacaq, bir ay sonra yolda döyüləcək, iki ay sonra cibindən tank çıxacaq, buna icazə verməz. Heç bir valideyn övladına bu istiqamətdə icazə verməsə, biz kiminlə siyasət yürüdəcəyik? Kimi yığacağıq? O məntəqələri kim müşahidə edəcək? Öz-özümüzə oturub, mühacirətdə olduğu kimi partiya qurası deyilik. Biz insanlar üçün çalışırıq. İnsanların burada təhlükəsiz fəaliyyəti üçün çalışmalıyam. Tələbə bilməlidir ki, bu partiyanın üzvü olduğu üçün universitetdən qovulmayacaq, işçi bilməlidir ki, buna görə müdir tərəfindən sıxışdırılmayacaq. Adi bir jurnalist bilməlidir ki, Ağ partiyanın üzvüdür deyə, padvalından S-300 tapmayacaqlar. Yoxsa, niyə gəlsinlər. Kim mazoxistdir? Ona görə də, biz haya-huya getmirik. Bizə bəzən deyirlər ki, “filankəsi niyə söymürsən?”. Deyirəm ki, qardaş Azərbaycanın siyasi arenası təzə supermarketlər kimidir. Yəni çeşid çoxdur. Söyəni var, tərifləyəni var. Onlardan hansı ürəyinə yatır, onu da seç. Mənim yanıma nəyə gəlirsən?
- Bizdə klassik müxalifətdən fərqli olaraq, xaricdə formalaşmış "söyüş müxalifəti" daha çox diqqət çəkir. Yəni, hansısa məmuru, siyasətçini təhqir etməklə, şər atmaqla öz varlıqlarını göstərməyə çalışırlar. Onlar bəzən sizi də hədəfə alırlar.
- Allah imkan verməyib, yoxsa söyüşə Azərbaycansayağı cavab vermə metodu var. O səni, sən onu söyəcəksən, belə "urvatsız" vəziyyət olmur. Hər söyüşün özünün cəza qaydası var. Kim bunu necə istəyirsə, elə də başa düşsün. Onların cəzası bəllidir. Sadəcə olaraq, bizim həmin cəzaları yerinə yetirməyə imkanımız yoxdur. İmkanı olanlar da bir şey etmir. Yəqin ki, onların özünə görə arqumentləri var. Amma belə fəaliyyət ləyaqətsizlikdir, şərəfsizlikdir. Sözün var çıx, tənqidini et. Hər kəsin əlinin altında smartfonlar var. Sözünü denən, niyə söyüş söyürsən? Söyüş əgər cavabsız qalırsa, sahibinə aiddir. İş orasındadır ki, bunlar ana, ailə qədri də bilmirlər. Kimsə səni təhqir edər, sən də kimisə təhqir edərsən. Hər ikiniz də eyni şəkildə əsəbləşərsiniz. Amma sən bunu təhqir edirsən, görürsən ki, üzünə hırıldayır. Ailələrində eşitdikləri söhbətlərdir. Mən qətiyyən bunu qəbul etmirəm. Mənim zəhləm gedən insana belə təhqirin edilməsini qəbul etmirəm. Qardaş, təhqir olmaz. Təhqir bizim millətə yaraşmaz. Səni dünyaya gətirən ananın günahı nədir ki, onu söydürürsən. Belə adamların bir çoxundan ailəsi imtina edib. Ailələri, eli-obası çoxdan onlardan üz döndərib. Onları Allah vurub.
- Bu yaxınlarda meyxanaçı Rövşən Binəqədilinin təltif olunması üçün Mədəniyyət Nazirliyinə müraciət ünvanlamışdınız. Nədənsə, buna görə sizi tənqid etdilər, barənizdə xoşagəlməz fikirlər səsləndirdilər. Bununla bağlı nə deyə bilərsiniz?
- Özlərini “cool” hesab edib, kofe içənlər bunu müzakirə etdilər. Canlı yayımda Qarabağla, vətənpərvərliklə bağlı danışarkən Rövşən Binəqədilidən də söz açdım. Həmin video sosial şəbəkələrdə paylaşıldı. Sağ olsun, Rövşən də həmin videonu görüb, görüş istəmişdi. Etika xatirinə, təşəkkür etmək üçün bunu istəmişdi. Gəldi, oturdu, söhbət etdik, dərdləşdik. Burada nə var. Avropadan Azərbaycana gəlib, burada söyüşlə rep deyib, milyonlarla pul aparan gədələrlə, öz ölkəsində hörməti olmayan yarıçılpaq qadınlardan ötrü özlərini “lezvalayırlar”. Bu adam isə öz övladımızdır. "TikTok"da şəhid analarının, yaxınlarının paylaşdığı videolara baxın. Fonda hansı musiqi səslənir. Bəlkə, Rihanna ilə Elton Conun mahnıları fonda qoyulur? Bizim şəhidlərimiz hansı mahnının sədaları altında düşmənin üzərinə yürüdü. Bütün bunlara gözünü yumub, 3 meymun rolunu oynamağa ehtiyac yoxdur. Nə var, bu da hamı kimi olduğuna, ayaqqabısını keçiddən aldığına, brend mağazadan geyimlərini almadığına görə dəyərli görmürlər. İnsanın sənətinə qiymət vermək lazımdır. Mən deməmişəm ki, Rövşən Binəqədiliyə övliya, ya da şeyxülislam statusu verək. Onun “Can gedirik almağa” və “Unutmaq olmaz” mahnıları var. “Unutmaq olmaz” mahnısı qazilərə qarşı haqsızlıqlara etiraz səsidir. Neçə nəfər Xalq artisti qazilərə, şəhid ailələrinə edilən haqsızlıqlara etiraz etdi. Ona qiyməti onsuz da şəhid ailələri, qazilər verib. Mədəniyyət Nazirliyi qiyməti verməsə də olar.
- Bir vaxtlar müğənni Elza Seyidcahan siyasətlə məşğul olacağını deyirdi, hətta deputatlığa namizə olmuşdu. Sizcə, Elza Seyidcahandan siyasətçi olar? Yeri gəlmişkən, onun musiqilərini dinləyirsinizmi?
- Elza Seyidcahanın əvvəllər yaxşı bəstələri var idi. Şeirlərini dinləmirəm, ancaq yutubda rastlamışam. Bu, onun yaradıcılığıdır, ancaq bəyənmirəm. Bu da mənim zövqümdür. Həm öz ifasında, həm də başqalarının ifasında səslənən bəzi musiqiləri var ki, bəyənirəm. Siyasətə gəlmək istəyirdi, saçını-başını yoldular. Ancaq burada qəbahətli nəsə yoxdur. Amaliya Pənahova, Zeynəb Xanlarova parlamentdə oturub, Rəşid Behbudov SSRİ xalq deputatı olub. İndi Elza Seyidcahan da namizədliyini vermək istəyirsə, bu, onun hüququdur. Niyə də olmasın?
- Tural bəy siz həm də dindar siyasətçi kimi tanınırsınız. İçki olan məclislərə dəvət alanda, gedirsinizmi?
- Əslində içkili məclisdə oturmamaq dini baxımından daha doğru addımdır. Ancaq Azərbaycanın reallığı var. Bu gün bir məclisə gedirəmsə və 10 nəfərdən 6-sı içki içirsə, mən o məclisi tərk etmirəm. Radikallığa getməyin tərəfdarı deyiləm. Məsələn, mən toyumda içki verməmişdim. Ancaq dostlar dedilər ki, məclisin yarısı piyan idi. İndi mən nə edim, evlənim, yoxsa camaatın başında durum ki, içməsinlər. Biz uzaq başı xətrini istədiyimiz insanlara içmə deyə bilərik.
- ReAL partiyasının sədri İlqar Məmmədov həbsdə olanda müxaliflərin çoxu onu qəhrəman kimi təqdim ediridi. İndi görürük ki, müxalifət düşərgəsində İlqar Məmmədova münasibət birmənalı deyil. Azadlığa çıxandan sonra niyə hamı onu hədəfə aldı? Buna səbəb nədir?
- Azərbaycanda siyasi məktəblər var. Azərbaycan Xalq Cəbhəsi Hərəkatı və Azərbaycan Milli İstiqlal Partiyası məktəbi var. Mənə görə Heydər Əliyev məktəbi də mövcuddur. AMİP məktəbindən çıxan böyük siyasətçilərin xalqla ünsiyyəti daha az olub. İlqar Məmmədov da AMİP məktəbinin yetirməsi olub. Oradan yüksəlib siyasətə gəlib. Etibar müəllimin müavini olub. Səhv etmirəmsə, 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bu müddət ərzində onun həbsdən əvvəlki fəaliyyətini əks etdirən neçə videosu vardı. Bir videoda deyirdi ki, “bu hakimiyyət özünü Şah Pəhləvi kimi aparır”. İlqar Məmmədov onsuz da demirdi ki, çıxanda inqilab edəcək. Ona qarşı ümidlər yarandı. Hətta mən xatırlayıram ki, ReAL-ın azadlıqda olan funksionerləri "xalqın bəslədiyi ümidlərin qoyduğu məsuliyyəti daşımaya bilərik, bunu tənzimləməliyik" deyirdilər. Xalq sadəcə olaraq o qədər qəhrəman aclığında idi ki, missiyanı onun üzərinə qoydular. Həbsdən çıxdıqdan sonra dedi ki, xalqın mənə cızdığı rola uyğunlaşan deyiləm. Mənim fikrim budur. Kim o zaman bunu bəyəndi, onun yanında qaldı. Mən də düşünürəm ki, eyforiyaya qapılmaq olmaz. Müəyyən dönəmlərdən yararlanmaq lazımdır. Bəzən lider kütləni idarə etməlidir. Kütlə səni idarə edirsə, onun qarşısında dura bilməzsən. Çünki kütlənin elə tələbləri ola bilər ki, rasional və real olmaz.
- Gələn ay qardaş Türkiyədə prezident seçkiləri keçiriləcək. Hansı namizədin prezident seçilməsini arzulayırsınız?
- Türkiyədə AKP-nin və Ərdoğanın seçilib-seçilməməsi bu günlərdə Azərbaycanın tale məsələsidir. Mən birmənalı olaraq AKP-nin və Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsini istəyirəm. Bu, ona görə deyil ki, AKP bizə dəstək verir. Bu gün AKP YAP-la müttəfiqdir. Bizim AKP-dən siyasi dividentlərimiz yoxdur. Bizim AKP və Ərdoğana dəstəyimiz sırf Azərbaycana olacaq müsbət təsirlərlə bağlıdır. Ərdoğan olmasaydı, Qarabağda kim bizə bu qədər dəstək verərdi. Düzdür, Qarabağ bizim şəhid və qazilərimizin hesabına alınıb. Amma məsələnin həm də siyasi tərəfi var. Ona görə də mən nağdı qoyub, nisyəyə qaçmıram. Mən bilmirəm Kılıçdaroğlu, yaxud İnce seçilsə, necə olacaq. Ona görə də Ərdoğan deyirəm. Azərbaycanın maraqlarını ehtiva edən yeganə namizəd Ərdoğandır.
- İrandakı səfirliyimizə terror hücumundan sonra Bakı ilə Tehran arasında münasibətlər pisləşib, diplomatik təmaslar qırılma nöqtəsinə gəlib çatıb. Hazırki siyasi durumu necə qiymətləndirirsiniz?
- Hazırda Azərbaycan İrana başa salmağa çalışır ki, mən əvvəlki Azərbaycan deyiləm, mən qalib, ərazilərini azad edən və Türkiyə ilə Şuşa bəyannaməsini imzalayan, Avropanın neft və qazından ikiqat asılı olduğu Azərbaycanam. Yəni mənimlə 90-cı illərin əvvəlindəki kimi davranma. Yeni qaydalara uyğun olaraq bərabərhüquqlu davran. İran isə hələ də Azərbaycanı 90-cı illərin əvvələrindəki kimi görür. Deyir ki, sənə istənilən vaxt xox gələcəm, lazım olanda təyyarəmi Salyana qədər göndərəcəm və səni təhdid edəcəm, məscidlərin və dini ayinlərin mənlikdir. Yeni situasiyada hər kəs öz yerini tutmaq uğrunda psixoloji, siyasi savaş aparır. İran da, Azərbaycan da əlindəki kartları açır.
Mənə elə gəlir ki, oyunun sonuna çatılıb. Azərbaycan gərgin keçən siyasi, psixoloji savaşda öz yerini təyin edib. İran ağır da olsa, yeni şərtləri qəbul etməyə başlayıb. İran bu şərtləri qəbul etsə, heç nə itirməyəcək. Sadəcə xofu var, dünənki mövqelərini vermək istəmir. İran nə qədər tez yeni reallığı qəbul etsə və Azərbaycan ilə dili, dini bir bərabərhüquqlu dövlət kimi münasibət qursa, bundan hər iki ölkə faydalanacaq. Bizimlə xoxla danışıb, bizə barmaq sirkələyəcəksə, şirin quyruğunu da qopararıq, saçını da yolarıq.
- Bildiyimiz kimi, bu həftə Azərbaycanda növbəti dəfə Formula-1 yarışları keçiriləcək. Belə yarışların ölkəmiz üçün faydası varmı?
- Formula-1 diqqət cəlb etmək istəyən, öz adını eşitdirmək istəyən ölkələrdə olur. Tanınmışlığın gətirdiyi dividentlər var. Məsələn, Azərbaycan məhsulu ilə rastlaşan turistlər deyirlər ki, bu, Formula-1 keçirən Azərbaycanın məhsuludur. Axı Azərbaycan turistlərin gəldiyi ölkələrə nə satır? Yəni Azərbaycanı tanısa nə olacaq? Tanınmağın bir faydası yoxdur. İqtidar düşünür ki, bu, faydalıdır və lazımlıdır. Mənim şəxsi fikrim isə tamamilə fərqlidir. Düşünürəm ki, bura edilən xərclər izafi və lazımsızdır. 30-40 milyon xərc çəkilir və gəlir də gətirmir. Formula-1 kimə lazımdır. Biletin biri 800 manatdır. Lap 10 manat olsun. 10 manat verib, camaat "Azdrama"ya gedib, tamaşaya baxmır. İkinci 5 illikdən sonra Azərbaycan bundan imtina etsə yaxşıdır. O pullar da sosial yönümə, fabriklərin, balaca sexlərin açılması, insanalara güzəştli kreditlərin verilməsi kimi yerlərə sərf olunsa, yaxşı olar.