Toyda nalayiq danışdı - Şəhid atasının şikayəti ilə tutuldu
Ağstafada Vətən müharibəsi şəhidi haqqında nalayiq ifadələr işlədən şəxs məsuliyyətə cəlb edilib.
Hurriyyet.az xəbər verir ki, rayonun kəndlərindən birində yaşayan A.Ağayev (şərti) polisə müraciət edərək həmkəndlisi E.Dadaşovun (şərti) şəhid olmuş övladı barəsində xoşagəlməz sözlər danışdığını bildirib.
Araşdırmalar zamanı məlum olub ki, E.Dadaşov oktyabrın 29-da yaşadığı kənddə toy məclisində iştirak edib və spirtli içki qəbul edib. Toyda şəhidin atası, Lənkərandan qonaq gəlmiş qazi və digər şəxslər də iştirak edib. Məclis zamanı lənkəranlı qazi Ağstafadakı şəhid ailələrini ziyarət etmək istədiyini bildirib. Bu zaman E.Dadaşov həmkəndlisi olan şəhidin ünvanına onun atasının yanında nalayiq ifadələr işlədib.
Ağstafa RPŞ-də E.Dadaşov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsinə əsasən inzibati protokol tərtib edilib və o saxlanılıb.
Məhkəməyə çıxarılan E.Dadaşov şəhidin valideynlərinə məxsus evdə 2021-ci ildə usta kimi işlədiyini, həmin vaxt ev sahiblərinin onun işini bəyənməyərək uzaqlaşdırdığını və bundan sonra münasibətlərinin pisləşdiyini deyib. O, şəhid ailəsindən üzr istəyib.
Şəhid atası A.Ağayev isə həmkəndlisinin üzrxahlığını qəbul etmədiyini bildirərək onun həbs olunmasını tələb edib.
Ağstafa Rayon Məhkəməsinin qərarı ilə E.Dadaşova 5 sutka inzibati həbs cəzası verilib.“Qafqazinfo”