TOKAYEVDƏN PUTİNƏ “TƏRS ŞİLLƏ” - Rusiya və Qazaxıstan arasındakı münasibətlərdə nə kimi dəyişikliklər gözlənilir?

2022-06-21 09:46:00

TOKAYEVDƏN PUTİNƏ “TƏRS ŞİLLƏ” - Rusiya və Qazaxıstan arasındakı münasibətlərdə nə kimi dəyişikliklər gözlənilir?

Sankt-Peterburqda keçirilən 25-ci Beynəlxalq İqtisadi Forum Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin sayəsində, belə desək, "Putinin üzünə dəyən şapalaq" statusuna sahib oldu. Elə Tokayevin həmin forumda çıxışına Rusiyadan cavab da özünü çox gözlətmədi. Əvvəllər Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu “Rusiya Davosu” adlanırdı və əvvəlki illərin qonaqları və iştirakçıları arasında aparıcı dövlətlərin rəhbərləri və çoxsaylı xarici nümayəndə heyətləri var idi.

Tokayevin sözləri, ümumiyyətlə, Avrasiya İqtisadi İttifaqı və KTMT-dəki formal müttəfiqlərin Rusiyaya münasibətinin hansı səviyyədə olduğunu ortaya qoydu. Forumun moderatoru və vizual olaraq “sahibi” Kremlin əsas təbliğatçısı Marqarita Simonyan idi. O, yaşıl paltarda “mis dağın sahibi” kimi oturmuşdu.

Forumdakı bütün hərəkətlər suveren dövlətin başçısı Qasım-Jomart Tokayevin tanınmamış separatçı kvazi-dövlətlərə münasibətdə “Rusiya Federasiyasının siyasətinə hörmətlə yanaşdığına” dair ən azı bir söz, ən azı bir işarə eşitmək üçün nəzərdə tutulmuşdu. Simonyan açıq-aydın ümid edirdi ki, bu yolla, iqtisadi forumda hətta dolayı yolla separatizmin təsdiqlənməsi də daxil olmaqla Rusiyanın işğal etdiyi Abxaziyanın “dəniz sahili Ermənistana” çevrilməsini qismən “sözdə legitimləşdirəcək”.

Nəticədə Qasım-Jomart Tokayev çətin vəziyyətə düşdü. Təcavüz və separatizmə hər hansı dəstək sözü o anlama gələrdi ki, sabah Qazaxıstanın düşmənləri ölkənin şimalında “separatçılıq layihəsi” dövriyyəyə başlayacaqlar və burada “xalq respublikaları” yaradıb, xarici (rus) ordusunu dəvət edəcəklər. Necə ki, artıq çoxdan, hələ elbaşı Nazarbayevin vaxtından rus rəsmilərinin Qazaxıstanın tarixinə, öz torpaqları üzərində suverenliyinə şübhə ifadə olunmuşdu.

Digər tərəfdən, Tokayev Rusiyaya dost dövlətin prezidenti kimi “səfər etdi”, etiket və diplomatiya qaydalarına görə ev sahibinə - Putinə hörmət göstərməyə məcbur idi. Hətta Rusiyanın digər qonşulara qarşı aqressiv müharibəsinə, yaxud aqressiyasına, ilhaq siyasətinə istəmədən də olsa ya könülsüz dəstək verməli, ya göz yummalı idi. Simonyanın təxribatçı sualına verilən istənilən "sərt və çılpaq" cavab Rusiyanın təkcə Ukraynada deyil, həm də Qafqazda aqressiv avantüralarına cavab verən “sensasiyalı” bəyanat kimi şərh edilə bilər.

Marqarita Simonyan separatizmə dəstək ifadələrini Tokayevdən "qoparmaq" və qazaxları ictimaiyyət qarşısında alçaltmaq qərarına gəlmişdi. Hamıya bəlli olduğu kimi, "Rusiya Davosunun sahibəsi" Ukraynadan qoparılan ərazilərdəki separatçı qurumların “müstəqilliyinin” Rusiya Federasiyası tərəfindən tanınması ilə başlayan Ukraynadakı “xüsusi əməliyyat”a Qazaxıstanın münasibətini birbaşa soruşdu. Amma elə alındı ki, erməni millətçilərinin mifik iddialarının sonuclandığı kimi, Tokayevin cavabı nəinki Simonyanın, həm də Putinin başına endirilmiş toxmaq oldu.

Qasım-Jomart Tokayev peşəkar diplomat, BMT-nin yüksək rütbəli rəsmisi və Qazaxıstanın keçmiş XİN naziri kimi tez bir zamanda Simonyanın eyhamını anlayaraq "söhbəti tutdu" və təxribat xarakterli suala aydın, əhatəli cavab verdi.

“Mən açıq deyirəm ki, bu məsələ ilə bağlı müxtəlif fikirlər var. Cəmiyyətimiz açıqdır, vətəndaş cəmiyyətinin yetkinliyi göz qabağındadır”, deyən Tokayev forumun ev sahiblərinin şəxsən ondan “xüsusi əməliyyata” və ya başqa sözlə Rusiyanın Ukraynaya qarşı müharibəsinə görə dəstək sözləri gözləməmələrinin gərəkdiyini açıqladı.

Həmçinin Tokayev deyib ki, “Qazaxıstan Rusiyanın ayağına baş əyməyə məcbur deyil”.

“30 ildə ilk dəfə olaraq KTMT Qazaxıstana məhdud kontingent göndərməklə özünü bir növ sübut etdi. Rusiyada bəziləri vəziyyəti yanlış təqdim edir, deyirlər ki, Qazaxıstanı xilas edən Rusiya olub, Qazaxıstan indi onun ayağına düşməlidir. Hesab edirəm ki, bunlar tamamilə əsassız arqumentlərdir”, - deyə Qasım-Jomart Tokayev “Rossiya 24” telekanalına müsahibəsində deyib.

Bütün bunlar bir tərəfə. Bunlar söz döyüşüdür. Amma Tokayev döyüşü sözdən işə keçirməyi bacardı. Üstəlik, Nur-Sultan cavab tədbirləri gördüyünə görə Kreml Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevdən “LXR/DXR” kvazi-qurumları haqqında söylədiyi sözlərə görə qisas almağa gecikdi. Daha doğrusu, Tokayev Putindən cəld tərpəndi.

Qazaxıstan Rusiyanın onun neft ixracını əngəlləməsinə cavab olaraq 1700 vaqon rus kömürünü öz ərazisində blokladı. Xəbər mənbələrinin sözlərinə görə, kömürlə bağlı problem Putin üçün çox xoşagəlməzdir, çünki məlum oldu ki, blokadaya düşən sənayenin əsas şirkətləri onun qohumlarına məxsusdur.

Putinin Qazaxıstan neftinə dair son qərarı "qisas" niyyəti ilə verilmiş qərarlar qəbilindən oldu. Belə ki, Tokayev Kremlin "xaç atasının üzünə tüpürdükdən" sonra Rusiya Novorossiysk limanından Qazaxıstan neftinin daşınmasını dayandırdı. Rusiyanın “Kommersant” nəşri Qazaxıstan neftinin daşınmasının dayandırılması barədə Rusiya hökumətindəki mənbələrə istinadən yazır.

Rəsmi səbəb kimi İkinci Dünya Müharibəsindən qalan 50 ədəd partlamamış torpedaların və minaların zərərsizləşdirilməsi üzrə işlərin aparılması versiyası təqdim olunur. Rusiya tərəfinin açıqlamalarına görə, onların təmizlənməsi ayın sonuna kimi çəkəcək. Qazaxıstan isə hesab edir ki, yüklərin azalması ölkənin neft ixracına təsir etməyəcək. Xatırladaq ki, Xəzər Boru Kəmərləri Konsorsiumu (CPC) Xəzər dənizindən neftin dünya bazarlarına nəqli üçün ən böyük marşrutdur. Uzunluğu 1,5 min kilometr olan magistral kəmər Qərbi Qazaxıstanın yataqlarını Qara dənizlə birləşdirir.

Rusiya ilə ipləri qoparandan sonra prezident Tokayev Tehrana yola düşür və İran rəhbəri İbrahim Rəisi ilə görüşür. Onun Əli Xamneyi ilə də görüşü gözlənilir. Tehranda yüksək səviyyəli danışıqlar planlaşdırılır. Qazaxıstan İran vətəndaşları üçün 14 gün müddətinə vizasız rejim tətbiq edir. Bunu Qazaxıstan lideri Kasım-Jomart Tokayev iranlı həmkarı İbrahim Rəisi ilə görüşündə deyib. O bildirib ki, bu tədbir müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi, o cümlədən işgüzar dairələrin nümayəndələri arasında əlaqələrin inkişafı, çoxlu sayda turistin cəlb edilməsi məqsədi daşıyır. Eləcə də Tehran və Nur-Sultan arasında 9 əməkdaşlıq sənədi imzalanıb. Sazişlər siyasi, iqtisadi, ticarət, nəqliyyat, investisiya, texnoloji, ekoloji, idman, enerji, məhkəmə, tədqiqat və turizm sahələrində qarşılıqlı əməkdaşlığı əhatə edir.

Bəs, Qazaxıstanın Sankt-Peterburq səfərindən təcili İrana getməsi Tehrana nə qazandırır? Həm də Rusiyanın "divara sıxışdırılması" fonunda. İlk öncə onu deyək ki, Qazaxıstandan Türkmənistan və İran vasitəsilə Türkiyəyə gedən ilk konteyner qatarı Tehrana çatıb. Bu barədə Qazaxıstan prezidenti Qasım-Jomard Tokayev deyib.

"Çətin geosiyasi şəraiti nəzərə alsaq, bu, çox mühüm hadisədir", deyə o, Tehranda danışıqların yekunlarına dair brifinqdə açıqlayıb. Pilot konteyner qatarı 48 konteynerdən ibarətdir. 12 günlük marşrutun uzunluğu 6336 km-dir.

Bundan əvvəl isə Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov Tehrana uçub. Tərəflər ikitərəfli tərəfdaşlığın genişləndirilməsi haqqında bəyanat imzalayıb, həmçinin Aşqabadın İran vasitəsilə üçüncü ölkələrə elektrik enerjisi satmaq planlarını müzakirə ediblər. Tehran və Aşqabad həm də tranzit və nəqliyyat sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar. Tərəflər həmçinin investisiyalar üzrə birgə işçi qrupunun yaradılması barədə razılığa gəliblər. Müvafiq sənədlər Tehranda İran və Türkmənistan prezidentləri İbrahim Rəisi və Serdar Berdiməhəmmədovun iştirakı ilə imzalanıb. Türkmənistan liderinin İrana səfərinin cəmi iki günü ərzində Tehranla Aşqabad arasında əməkdaşlığa dair 13 müxtəlif sənəd imzalanıb.

Baş verənlərdən görünən odur ki, İran nəinki Suriyada, həmçinin Mərkəzi Asiyada da Rusiyanın nüfuz dairəsini tutmağa başlayır. Əlbəttə ki, Çinin İranın "kürəyində olan əli ilə". 

Belə ki, son məlumatlara görə, Çindən Avropaya gedən 600 milyard rublluq "Meridian" magistralı İrana yönləndiriləcək. Avropadan Çinə marşrut kimi planlaşdırılan "Meridian" magistralı Çindən Xəzər dənizi ölkələrinə, o cümlədən İrana keçəcək. Bunu Rusiyanın "Avtodor" dövlət şirkətinin idarə heyətinin sədri Vyaçeslav Petuşenko "RBK" televiziyasına müsahibəsində bildirib.

Marşrut Çini - Qazaxıstan və Belarus vasitəsilə - Avropa ilə birləşdirməli idi. "Meridian" 95% xarici trafikə yönəldilib.

“Aydındır ki, indi bu vəzifə yenidən istiqamətləndirilib və bu gün Yekaterinburqa çatanda biz görürük ki, ölkənin şərqi, Ural Xəzər dənizi və Qara dəniz vasitəsilə artan yük axını ilə əlaqələndirilməlidir. Çünki bu yolla nəinki mallar, həm də insanlar gedəcək”, - deyə Petuşenko bildirib.

Onun sözlərinə görə, “Avtodor” ölkənin şərq hissəsini Ural və cənub rayonları ilə birləşdirməyi özünün əsas vəzifələrindən biri hesab edir. "Bu, Cənub-Şərq magistralıdır, yəni Yekaterinburq - Krasnodar. Və indi logistik zəncirlər dəyişdiyinə görə biz başa düşürük ki, istənilən halda Çinə Qazaxıstan vasitəsilə qoşulmaq lazımdır. Amma Avropaya getmək üçün yox, Rusiyanın mərkəzi hissələrinə çatmaq və [Çini] Rusiyanın cənubu və şimalı ilə birləşdirmək üçün”, - deyə “Avtodor”un idarə heyətinin sədri bildirib.

"Bu yolu İrana çevirməkdənsə, İrandan da keçən və Hindistan, Türkiyə, Xəzəryanı regionları əhatə edən şimal-cənub marşrutuna investisiya qoymaq daha məqsədəuyğun olardı. Düzünü desəm, Çin ilə Rusiya ticarət dövriyyəsini artırmaqda maraqlı olduqlarını və İranla çox az ticarət apardığımızı nəzərə alsaq, onun İrana ötürüləcəyi versiyasını hələlik görmürəm və mən düşünmürəm ki, İran yaxın gələcəkdə bu ölkəyə çevrilə bilər", - deyə Petuşenko bildirib.

"Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu" kuluarlarında Petuşenko onu da açıqlayıb ki, hazırda “Meridian” layihəsini Rusiyanın Cənub-Şərqi istiqaməti ilə birləşdirəcək yeni yol zolağı hazırlanır. Lakin onun sözlərinə görə, yeni marşrutun İrana da getməsi planlaşdırılır. Göründüyü kimi, Rusiya rəsmisinin sözləri təzadlıdır və Petuşenko "Meridian" layihəsinin İrana yönəlməsinə isti yanaşmasa da, onun İrana getməyəcəyini inkar da edə bilmir.

Çünki "əmr böyük yerdən", yəni Çindən gəlib. Belə görünür ki, Rusiyaya "badalaq vuran" İran Çinin "gözünə girərək" Rusiyanı arxa plana sıxışdırır.

Ülviyyə ŞÜKÜROVA


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya