Tokayev Qazaxıstandakı hadisələrin səbəbini açıqladı
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev ölkədə baş vermiş kütləvi etirazların əsas səbəbinin zənginlərlə kasıbların gəlirlərindəki yolverilməz fərq olduğunu bildirib. Tokayev biznesmenlərlə görüşdə deyib: “Sizə də yaxşı bəlli olan korrupsiya fonunda, gəlirlərin belə təbəqələşməsi barıt çəlləyinin yanında yandırılan kibrit rolunu oynadı. Terrorçular, yaraqlılar və onların arxasında duran sui-qəsdçilər də bundan istifadə etdilər”. Onun sözlərinə görə, baş vermiş hadisələr illərlə yığışmış problemləri gün üzünə çıxarıb. “Bu gün bizim qarşımızda mühüm strateji məsələ durur – cəmiyyətin indiki quruluşu bütövlüklə dərindən dəyişdirilməlidir. Qazaxıstan vətəndaşlarının istəklərinə və maraqlarına cavab verən real islahatlar aparmaq lazımdır”.
Hürr Tərcüman