Saat:12:46
Haqqımızda

"Tokayev özünü qorumalı və hakimiyyətini gücləndirməlidir" - ELXAN ŞAHİNOĞLU

2022-01-19 10:03:00

"Bunun yolu isə baş verənlərə görə məsuliyyəti Nazarbayev və onun yaxınlarının üzərinə yönəltməkdir"

"Beynəlxalq aləm və ətraf ölkələr Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev haqqında günlərdir məlumat əldə etməyə çalışırdı. Müxtəlif versiyalar səslənirdi, xaricə qaçıb, evindədir, xəstədir, ev həbsindədir və s. Rusiya Liberal Demokrat Partiyasının Kremlə bağlı lideri Vladimir Jirinovski “Nazarbayev ölüb və onu torpağa tapşırıblar” sərsəmləməsindən sonra Qazaxıstanın hazırki prezidenti Tokayev xələfini gün üzünə çıxarmağa qərar verdi". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloq hesab edir ki, Nursultan Nazarbayevin internetdə yayımlanan nitqi böyük ehtimalla, Tokayevlə razılaşdırılmışdı: "Çünki Tokayev son günlər Nazarbayev irsini yox etməyə çalışsa da, “elbaşı” hazırki prezidentin siyasətini dəstəklədiyini ifadə etdi. Yaşlı və gücsüz Nazarbayevin başqa alternativi var idimi? Ancaq daima rus dilində danışan Tokayevin qarşılığında Nazarbayevin ana dilində xalqına müraciət etməsi fikri ayrılığının varlığını ortaya qoydu. Beləliklə, Nazarbayevin sağ olduğu təsdiqləndi".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, Tokayev Nazarbayev klanını zəiflətməkdə davam edəcək: "Tokayevlə Nazarbayev arasında razılaşma yalnız ikincinin videformatda xalqa müraciətində hakimiyyəti dəstəkləməsiylə bağlı olub. Başqa razılaşmanın varlığı ehtimalı azdır. Tokayev özünü qorumalı və hakimiyyətini gücləndirməlidir, bunun yolu isə baş verənlərə görə məsuliyyəti Nazarbayev və onun yaxınlarının üzərinə yönəltməkdir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR