"Tokayev Nazarbayevin xarici siyasətindəki yanlışları düzəltməyə çalışır" - ELXAN ŞAHİNOĞLU

2022-11-22 11:50:00

"O, prezidentliyinin yeni mərhələsində ölkədə iqtisadi islahatları dərinləşdirməyə çalışacaq, korrupsiya ilə mübarizəni, o cümlədən Azərbaycan və Türkiyə ilə yaxınlaşma siyasətini davam etdirəcək"

Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində Kasım-Jomart Tokayev 81,31 faiz səslə qələbə qazanıb. Bununla bağlı adıçəkilən ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirovun verdiyi məlumatda deyilir ki, Tokayev 6 milyon 456 min 392 seçicinin səsini toplayıb. Həmçinin, o da qeyd olunur ki, ikinci yeri 3,42 faiz səslə "Auıl" ("Kənd") partiyasının namizədi Jiquli Dairabayev, üçüncü yeri isə 2,53 faiz səslə iqtisadçı Meyram Kajıken tutub. Seçicilərin 5,8 faizi isə heç bir namizədə səs verməyib.

Bu arada, onu da nəzərinizə çatdıraq ki, artıq Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev Kasım-Jomart Tokayevi prezident seçkilərində qələbə qazanması münasibətilə ilk təbrik edib. Belə ki, o, "Qazaxıstan Respublikasında keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə sizi ürəkdən təbrik edirəm! Bu qələbə sizin dövlət başçısı kimi yüksək nüfuzunuza dəlalət edir və xalqın apardığınız genişmiqyaslı islahatlar və yeni təşəbbüslərə sarsılmaz inamının danılmaz sübutu, eləcə də dövlətimizin müstəqilliyinin təhlükə altında olduğu kritik saatlarda göstərdiyiniz mətanət, qətiyyət və müdrikliyin etirafıdır. Sizə hər zaman xalqın bütöv dəstəyi və hörmətindən istifadə etməyi arzulayıram", deyə bildirib. Tokayev isə öz növbəsində, seçkisonrası bəyanatında Qazaxıstanın siyasi quruluşun yeni formasına keçdiyini, konstitusiya islahatının ardıcıl və aydın şəkildə aparılacağını qeyd edib. O, eyni zamanda ölkə iqtisadiyyatında köklü dəyişikliklərin olacağını da bəyan edib.

Beləliklə, "Hürriyyət" xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Tokayev prezidentliyinin yeni mərhələsində ölkədə iqtisadi islahatları dərinləşdirməyə çalışacaq, korrupsiya ilə mübarizəni davam etdirəcək: "Tokayevi prezident seçilməsi münasibətilə ilk təbrik edən keçmiş dövlət başçısı Nursultan Nazarbayev olub. Nazarbayev Tokayevin qələbəsini tarixi adlandıraraq, xalqın ona inandığını bildirib. Nursultan Nazarbayev Tokayevin rəhbərliyi ilə aparılan islahatlara təqdir edərək onun Qazaxıstan üçün ən kritik anlarda doğru qərar verdiyini vurğulayıb. Halbuki, Tokayev qayda-qanun yaradarkən Nazarbayev irsindən qurtulmağa çalışır. Tokayev yeni Konstitusiyaya görə yalnız bir dəfə 7 il prezident olacaq. "Ədalətli Qazaxıstan – hamı və hər kəs üçün" şüarıyla çıxış edən Tokayev dövlət institutlarının yenidən qurulmasına ehtiyac olduğu siyasətindən çıxış edir. Böyük ehtimalla, Tokayev prezidentliyinin yeni mərhələsində ölkədə iqtisadi islahatları dərinləşdirməyə çalışacaq. Tokayev korrupsiya ilə mübarizəni də davam etdirəcək. Bu mübarizə nəticəsində Nursultan Nazarbayevin yaxınları dövlət institutlarından uzaqlaşdırılıb. Tokayev oliqarxların pullarını xarici banklarda deyil, ölkə iqtisadiyyatının inkişafına yötənləməyin vacibliyi qənaətindədir".

Politoloqun sözlərinə görə, Tokayev Qazaxıstanın geosiyasi mövqeyini nəzərə alaraq çoxvektorlu siyasətə üstünlük verir: ""Geosiyasi mövqeyi, iqtisadiyyatımıza 500 milyard dollardan çox vəsaitin cəlb olunduğunu və qlobal şirkətlərin bizim bazarda fəaliyyət göstərdiyini nəzərə alaraq, biz sadəcə olaraq çoxvektorlu xarici siyasət aparmağa borcluyuq" deyən Tokayev milli maraqların qorunmasına, bütün maraqlı dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinə, beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsinə yönəlmiş xarici siyasət kursunun davam etdiriləcəyini bildirib. Bu, doğru strategiyadır. Qazaxıstan xarici siyasətdə hər hansı bir istiqamətə xüsusi üstünlük versə, başqa istiqamətlərdə təhlükə ilə üzləşə bilər. Misal üçün Astana Qərblə əlaqələri Rusiya və Çinlə əlaqələrdən üstün tutsa, Moskva və Pekinin müxtəlif təzyiqləri ilə üzləşəcək. Buna baxmayaraq, Qazaxıstanın Rusiya və Çin istiqamətlərində də ehtiyatlı olması vacibdir. Çünki Qazaxıstanın Rusiya və Çindən asılılığı bu ölkənin müstəqilliyinə ciddi təhlükə yaradacaq. Çinin Qazaxıstanda böyük yatırımları mövcuddur. Bu Nursultan Nazarbayevin xarici siyasətindəki yanlışlardan biridir. Qazaxıstanın Çinə olan borcu bir sıra hallarda Pekinin Astanaya təzyiq etməsinə şərait yaradır. Tokayev bu yanlışı düzəltməyə çalışır".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin fikrincə, Tokayevin türk dünyası ilə inteqrasiyanı genişləndirməsi Qazaxıstanın milli və təhlükəsizlik maraqlarına uyğundur: "Türk dövlətlərinin inteqrasiyası qonşu ölkələrə qarşı yönəlməyib, əsas hədəf əməkdaşlığın genişləndirilməsi və ortaq layihələrin reallaşmasıdır. Tokayevin prezidentliyi dönəmində Astananın Ankara və Bakı ilə əlaqələri intensivləşib, qarşılıqlı səfərlər və ortaq layihələr Qazaxıstanın Azərbaycan və Türkiyə ilə yaxınlaşmasına şərait yaradıb. Tokayev prezidentliyi dönəmində bu siyasəti davam etdirəcək".

Vazeh BƏHRAMOĞLU


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.130632