Saat:10:16
Haqqımızda

Tokayev Nazarbayevin komandasını ZƏRƏRSİZLƏŞDİRİR

2022-01-19 09:53:00

Tokayev Nazarbayevin komandasını ZƏRƏRSİZLƏŞDİRİR

Elxan Şahinoğlu: "Rus millətçiləri açıq yazırlar ki, "Krım ssenarisi"ni Qazaxıstanda təkrarlamağa hazırlaşmaq lazımdır"

Məhəmməd Əsədullazadə: "Qazaxıstan böhranı Rusiyanın MDB məkanında istədiyi ssenarini tətbiq edə bilməyəcəyini göstərdi, odur ki, Kremlin postsovet arealında təsirləri zəiflədilməlidir"

Ərəstun Oruclu: "Rusiyanın Qazaxıstandan çıxması hərbi müdaxilədən baha başa gələcək"

Bugünlərdə, daha dəqiq desək, yanvarın 13-dən etibarən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlılarının Qazaxıstandan çıxarılması prosesinə start verilib. Artıq Qırğızıstan, Tacikistan və Ermənistanın hərbi qüvvələri Almatını tərk edərək daimi dislokasiya yerlərinə yollanıblar. KTMT-nin baş katibi Stanislav Zas isə qeyd edib ki, yanvarın 19-dək bütün sülhməramlılar Qazaxıstanı tərk edəcəklər. Bu barədə axar.az-da yer alan informasiyaya görə, Stanislav Zas bildirib ki, Qazaxıstanda iğtişaşların yeni dalğası mümkün deyil: "Əminəm ki, bu, qeyri-mümkündür, çünki vəziyyət nəzarət altındadır. İkincisi, indi bütün mənzərəni, bütün iştirakçıları aydınlaşdırmaq üçün çox iş aparılır. Buna uyğun olaraq Qazaxıstan Respublikasının qanunları çərçivəsində tədbirlər görüləcək. Və təbii ki, təkcə qazax xalqı deyil, həm də ölkə rəhbərliyi bu vəziyyətdən özü üçün nəticə çıxardı".

Bu arada, onu da nəzərinizə çatdıraq ki, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Nursultan Nazarbayevin kadrlarını mühüm postlardan uzaqlaşdırmağa, hətta Elbaşının yaxın adamlarını belə, istefaya göndərməyə başlayıb. Məsələn, verilən məlumatlara görə, Nursultan Nazarbayevin ortancıl qızı Dinaranın əri Timur Kulibayev "Atameken" Milli Sahibkarlar Palatasının rəyasət heyətinin sədri vəzifəsindən, Nazarbayevin kiçik qızı Aliyənin həyat yoldaşı Dimaş Dosanov "KazTransOil" SC-nin İdarə Heyətinin sədri vəzifəsindən, Nazarbayevin böyük qızı Dariqa ilə qeyri-rəsmi nikahda olan Kayrat Şaripbayev isə "QazaqGaz" SC-nin İdarə Heyətinin sədri vəzifəsindən istefa verib. Bundan başqa, Nazarbayevin qardaşı oğlu Samat Abiş də Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib. Təbii ki, bütün bunlar onu deməyə əsas verir ki, Qasım-Jomart Tokayev iqtidarını möhkəmləndirmək, prezident kürsüsündə daha uzun müddət oturmaq və bu zaman xalqın qəzəbinə tuş gəlməmək üçün Nursultan Nazarbayevin komandasını darmadağın etməyi qarşısına məqsəd qoyub.

"O, dünənə qədər "elbaşı" dediyi, şərəfinə paytaxtın adını dəyişdirdiyi Nazarbayevin axırına çıxmaq istəyir"

"Hürriyyət" xəbər verir ki, mövzuya məhz bu konketsdən yanaşan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev dünənə qədər "elbaşı" dediyi, şərəfinə paytaxtın adını dəyişdirdiyi Nursultan Nazarbayevin axırına çıxmaq istəyir: "Birinci mərhələdə Nazarbayevə yaxınlığı ilə tanınan nazir və müavinləri həbs edildilər, ikinci mərhələdə ailə üzvlərinin şirkətləri və mülkləri əllərindən alındı, üçüncü mərhələdə nə edəcəkləri hələ ki, bəlli deyil. Ancaq çoxları bilmək istəyir ki, Nazarbayev sağdır, yoxsa yox? Qazaxıstan hakimiyyətinin "elbaşının" bir neçə dəqiqəlik kamerı görüntüsünü yayması kifayətdir ki, şayiələrə son qoysun, əks halda qazaxları aşağılayan Jirinovskinin "Nazarbayev ölüb" versiyası gündəmdə qalacaq".

Politoloq onu da əlavə edib ki, hazırda Rusiya mətbuatı "Qazaxıstandakı rusların taleyi necə olacaq?" sualı ətrafında müzakirələr açıb: "Qazaxıstanda etirazlar başladıqda Moskva metrosunda hərəkət edən qatarlara çap hərfləri ilə "Şimali Qazaxıstana doğru" şüarları yazılmışdı. Moskva Qazaxıstan prezidenti Tokayevə dəstək versə də bu ölkədə yaşayan ruslar mövzusunu bundan sonra da gündəmdə saxlayacaq. Rusiyanın bəzi nərşlərində Qazaxıstanın müxtəlif şəhərlərində yaşayan rusların sayını hesablamağa başlayıblar. Rus millətçiləri hesab edirlər ki, Qazaxıstan rəsmiləri 1989-cu ildən bu yana ölkədə rusların sayının azalmasına çalışırlar. Paytaxtın Astanaya köçürülməsini də bu siyasətin tərkib hissəsi hesab edirlər. Rus millətçiləri hesab edirlər ki, Nazarbayevin yerinə Tokayev gəlsə də, Astananın milli siyasəti dəyişməyəcək. Ona görə də rus millətçiləri açıq yazırlar ki, "Krım ssenarisi"ni Qazaxıstanda təkrarlamağa hazırlaşmaq lazımdır. Qazaxıstanın başı üzərində "demokl qılıncı" əskik deyil".

"Rusiyanın Qazaxıstan siyasətinin uğursuzluğu onun Mərkəzi Asiya siyasətinə mənfi təsir edəcək"

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə bu qənaətdədir ki, Rusiyanın KTMT sülhməramlı qüvvələrini Qazaxıstandan geri çəkməsi Ukrayna ətrafında bas veren proseslərlə bağlıdır: "Moskva hərbçilərini KTMT şineli altında Qazaxıstanda saxlamaqla ölkə daxilində yeni böhrana səbəb ola bilərdi və həmçinin, artan təzyiqlərlə üzləşəcəkdi. Onu da qeyd edim ki, Rusiya prezidenti Vladimir Putin bununla manevr edərək, KTMT-nin geri çəkilməsini "sülh missiyası" kimi beynəlxalq birliyə təqdim edir". Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, Rusiyanın Qazaxıstan siyasətinin uğursuzluğu onun Mərkəzi Asiya siyasətinə mənfi təsir edəcək: "Kremlin bu regionda yeni toqquşmalarda resurslarının tükənəcəyi, Şərqi Avropada apardığı siyasi-hərbi fəaliyyətinə zərbə vuracağı qaçılmaz olacaqdı. Eyni zamanda, Rusiyanın Ukrayna və Qara dəniz perferiyasında yaşanan konfliktdə uzun vədəli mübarizədən geri çəkilməsi qaçılmaz ola bilərdi. Ona görə də Vladimir Putin Qazaxıstanda hakimiyyətin stabilliyini təmin etməklə, əsas diqqəti məhz Ukrayna cəbhəsinə çevirdi".

Milli Cəbhə Partiyasının sədr müavini bildirib ki, NATO ilə danışıqların uğursuzluğu, Vaşinqtonun Moskvanın tələblərini qəbul etməməsi, Ukraynanın separatizmə qarşı hərbi aktivliyinin gündəmdə olması, Rusiyanın hücum üçün hazırlıq səviyyəsində olduğunu şərtləndirir: "Rusiya Qazaxıstanda qalmaqla yeni bir münaqişə ilə qarşılaşa biləcəyindən dolayı Tokayevin təklifini qəbul etdi. Qazaxıstan böhranı göstərdi ki, Rusiya MDB məkanında istədiyi ssenarini tətbiq edə bilməyəcək. Azərbaycan da öz siyasətində yeni xətt reallaşdırmağa başlayıb. Prezident İlham Əliyevin Ukraynaya səfəri bunun bariz nümunəsidir. Odur ki, mütləq şəkildə Rusiyanın postsovet arealında təsirləri zəiflədilməlidir".

"Rusiyanın Qazaxıstana hücum təyinatlı hərbi birləşmələr yeritdiyini nəzərə alsaq, Çinin narahatlığını əsaslandırmaq olar"

Siyasi şərhçi Ərəstun Oruclu isə qeyd edib ki, Rusiyanın Qazaxıstanı işğal etməsi dünya güclərindən ilk növbədə Çinin maraqlarına təhlükə yaratdı və Pekin bununla bağlı Moskvaya sərt mövqe bildirdi. Onun fikrincə, bu, inandırıcı görünə bilər, çünki söhbət təkcə Çinin iqtisadi maraqlarından deyil, həm də onun fiziki olaraq təhlükəsizliyindən gedir: "Özbəkistan prezidenti Şavkat Mirziyoyev Putinin ştatdankənar sözçüsü Aleksandr Lukaşenkonun "Özbəkistan Qazaxıstanda baş verənlərdən dərs götürməlidir" təhdidini əsassız adlandırıb. Ölkənin Təhlükəsizlik Şurasının iclasında çıxış edən Özbəkistan prezidenti bildirib ki, ölkəsi istənilən təhdidə adekvat reaksiya vermək üçün zəruri gücə və potensiala malikdir. İlk baxışdan rəsmi Daşkəndin kifayət qədər qəti reaksiyası mövzunun bağlandığı təəssüratı yaratsa da, əslində vəziyyət göründüyündən daha mürəkkəbdir. Çünki məsələ bununla bitmir. Başqa bir məlumatda deyilir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qazaxıstana yeridilmiş KTMT silahlı qüvvələrinin yanvarın 19-dək çıxarılacağını prezident Putinə məruzə edib. Bir neçə gün əvvəl isə Sergey Şoyqu bunun tam əksini iddia edərək bildirirdi ki, KTMT qoşunları Qazaxıstanda sabitlik tam bərpa edilənədək qalacaqlar. 2-3 gündə nə baş verdi ki, Rusiyanın müdafiə nazirinin mövqeyi belə diametral şəkildə dəyişdi? İddialardan biri belədir ki, Rusiyanın Qazaxıstanı işğal etməsi dünya güclərindən ilk növbədə Çinin maraqlarına təhlükə yaratdı və Pekin bununla bağlı Moskvaya sərt mövqe bildirdi. İnandırıcı görünə bilər, çünki söhbət təkcə Çinin iqtisadi maraqlarından deyil, həm də onun fiziki olaraq təhlükəsizliyindən gedir. Rusiyanın Qazaxıstana yeritdiyi silahlı qüvvələrin sayının təxminən, 15-20 min nəfər, xaraktercə isə hamısının hücum təyinatlı hərbi birləşmələr olduğunu nəzərə alsaq, Çinin narahatlığını əsaslandırmaq olar. Bundan başqa, Rusiya hərbi birləşmələri Qazaxıstanda həm də Çin üçün geosiyasi və iqtisadi-ticari əhəmiyyət daşıyan kommunikasiyaları nəzarətə götürüb".

"Qısamüddətli baxışda Moskvanın Qazaxıstan əməliyyatı uğurlu görünsə də, uzun vadəli yanaşmada bu, yaxşı heç nə vəd etmir"

Rusiyanın Çin siyasətinin bir çox hallarda ABŞ-la koordinasiya olunduğunu vurğulayan siyasi şərhçinin sözlərinə görə, buna rəğmən Kreml özünün əsas rəqibi saydığı Pekinlə münasibətlərinin korlanmasında maraqlı deyil: "Başqa sözlə, Moskva Pekinlə münasibətlərinin vaxtından əvvəl korlanmasında maraqlı olmamlıdır. Üstəlik də bu, NATO və ABŞ-la münasibətlərin rus rəsmilərinin dililə desək, ən kəskin olduğu dövrə təsadüf etdiyi dönəmdirsə. Digər bir versiya Rusiyanın Qazaxıstan əməliyyatının spontan olduğu və onun lazımi səviyyədə hazırlanmaması üzündən ortaya çıxan fəsadlarla bağlıdır. Belə ki, qısamüddətli baxışda Moskvanın əməliyyatı uğurlu görünsə də uzun vadəli yanaşmada bu, yaxşı heç nə vəd etmir. Bu versiya isə ümumiyyətlə inandırıcı görünmür. Rusiyanın Qazaxıstanı işğalı bütün əlamətlərilə uzun müddətdə və detallı hazırlanmış əməliyyat xarakteri daşıyırdı. Başqa bir versiya Rusiyanın bu əməliyyatın davamına (Özbəkistana və sonra da qismən Əfqanıstana müdaxilə) guya resurslarının çatışmamasıdır. Belə versiya ziddiyyətli görünür. Bir tərəfdən Rusiya hətta 20-minlik qoşunla Özbəkistana hücum edərsə, ciddi uğursuzluğa düçar ola bilər və bu mənada anlaşılandır. Xüsusilə də özbək liderinin Qazaxıstan prezidentindən fərqli olaraq "Troya atı" rolunda görünməməsi. Deməli, bu halda Rusiya bölgəyə, Qazaxıstana əlavə silahlı qüvvələr və ağır hərbi texnika yerləşdirməlidir ki, onda da Çinin etirazı və hətta təpkisi ilə də üzləşə bilər".

"Moskva Qazaxıstandan çıxmayacaq və onun bəyanatı yalnız zaman udmaq məqsədilə çaşğınlıq yaratmağa hesablanıb"

Rusiyanın Qazaxıstan əməliyyatına hazırlıq gördükdə bütün sadalanan və sadalanmayan amilləri nəzərə aldığını qeyd edən Ərəstun Oruclu Rusiyanın Qazaxıstandan çıxmaq haqda açıqlamasının arxasında duran məqamlara da toxunub: "Birincisi, Moskva Qazaxıstandan çıxmayacaq və onun bəyanatı yalnız zaman udmaq məqsədilə çaşğınlıq yaratmağa hesablanıb. İkincisi, Rusiya Qazaxıstandan çıxacaq, amma bu, onun ölkəyə hərbi müdaxiləsindən daha baha başa gələcək. Üçüncüsü, Rusiya belə açıqlama yaymaqla özünün yaxın günlərə nəzərdə tutulmuş planlarından, məsələn, Özbəkistana mümkün hərbi müdaxilədən diqqəti yayındırmağa çalışır. Belə görünür ki, Daşkənd də daha çox sonuncu ehtimaldan şübhələnir, çünki Qazaxıstanın işğalı baş verən gündən bəri Təhlükəsizlik Şurasının toplantılarını müntəzəm keçirən prezident Şavkat Mirziyoyev son iclasda ölkənin hava hücumundan müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsinə tapşırıq verib".

Vazeh BƏHRAMOĞLU

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR