Tiflisdə çevriliş ssenarisi: AB hədələyir - Solonnikov
Radikal qərbyönlü müxalifət, Saakaşvilinin varisləri qalib gəlsəydi, çox güman ki, onlara əvvəlcədən son dərəcə aqressiv istiqamətdə Ukrayna ssenarisini izləmək tapşırığı veriləcəkdi.
Hurriyyet.az xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Solonnikov “Moskva-Bakı”ya müsahibəsində Gürcüstanda keçirilən parlament seçkisinin nəticələrini şərh edərkən deyib.
“Belə olan halda Gürcüstan Rusiyaya qarşı ikinci cəbhə açacaqdı. Yeni böyük müharibə başlayacaqdı. Qərb qüvvələri tərəfindən Gürcüstanın radikal müxalifəti qarşısında belə bir vəzifə qoyulmuşdu. Radikal müxalifətin vəzifəsi “müştəri”nin tapşırığını yerinə yetirmək, gələcək təminatı üçün qonorar almaqdır. Bir ölkə olaraq Gürcüstanda və bütün Cənubi Qafqazda nələrin baş verəcəyi isə onlar üçün əhəmiyyət kəsb etmir. Məsələn, Gürcüstanın hazırkı Prezidenti Salome Zurabişvili Fransa vətəndaşıdır. Nəsə yolunda getməsə, o, dərhal Fransaya gedəcək”, - o bildirib.
Solonnikovun sözlərinə görə, Qərb qüvvələrinin Gürcüstanda radikal müxalifəti hakimiyyətə gətirmək planı hələ tam silinməyib:
“Parlamentə daxil olan bir sıra müxalifət partiyaları artıq mandatlarından imtina etdiklərini bəyan ediblər. Gürcüstan prezidenti mitinqlər keçirir və insanları seçkinin nəticələrinə etiraz etmək üçün küçələrə çıxmağa çağırır. ABŞ və 13 AB ölkəsi Gürcü Arzusunu hədələyir və seçki zamanı iddia edilən pozuntuları araşdıracaqlarını deyirlər. Gürcü Arzusu indi ayaqda qalsa və onun qələbəsi təsdiqlənsə, kənardan müdaxilə və mümkün radikal təxribatlar, o cümlədən terror aktları ilə vəhşi etirazlar olmayacaq, deməli, bu, Cənubi Qafqaz üçün yaxşıdır. Məlumat var ki, seçkidən əvvəl Gürcüstana muzdlular, Ukrayna casusları, təxribatçılar, qan tökməli olan şəxslər gətirilib. Çevriliş ssenarisini həyata keçirə biləcəklər, ya yox, bilinmir. Gürcü Arzusunun qələbəsi region üçün daha böyük təhlükəsizlik və sülh proseslərinin mümkünlüyü demək olardı”.
Qeyd edək ki, 26 oktyabrda keçirilən parlament seçkilərində Gürcü Arzusu Partiyası 53,93 faiz səslə qalib gəlib. Parlamentə düşməyi bacaran 4 müxalif koalisiya və Prezident Zurabişvili seçkilərin saxtalaşdırıldığını bildirərək, nəticələri tanımaqdan imtina edib./Axar.az/