Saat:08:43
Haqqımızda

"Ticarət müharibəsinin miqyası genişlənib" - ELXAN ŞAHİNOĞLU

2024-05-16 12:40:41

"Vaşinqton və Brüssel öz məhsullarına subsidiyalar ayıran Çini ədalətli rəqabətə mane olmaqda ittiham edir"

"ABŞ-Çin ticarət müharibəsi yeni mərhələyə qədəm qoyub. ABŞ Prezidenti Cozef Bayden Çindən idxal olunan təmiz enerji məhsullarına tarifləri artıran qərar imza atıb. “The Wall Street Journal” dərgisinin yazdığına görə, Baydenin qərarıyla artırılan rüsum Çində istehsal olunan minerallara, günəş panellərinə və batareyalara da tətbiq ediləcək. Bununla Vaşinqton Avropa İttifaqının üzləşdiyi problemdən yayına bilib. Brüssel də Avropaya idxal olunan Çinin ucuz elektromobillərindən şikayətçidir". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloqun sözlərinə görə, Brüssel hesab edir ki, Pekin yerli istehsalçılara böyük subsidiyalar ayırmaqla ədalətli rəqabətə mane olur: "Subsidiya hesabına Çin istehsalı olan elektomobillərin qiyməti ucuzlaşır və Avropa ölkələrində istehsal olunan elektromobillərə maraq azalır. Çünki alıcı ilk növbədə qiymət fərqinə üstünlük verir. İqtisadi ekspertlərin fikrincə, Çin istehsalı olan elektromobillər Avropa bazarında böyük paya sahibdir. Dünyada elektromobillərə maraq artıb. Vaşinqton Amerika bazarını qorumaq məqsədilə qabaqlayıcı addımlara ehtiyac duyub. Bundan sonra ABŞ ərazisində Çində istehsal olunan elektromobillərin idxal tarifləri 100 faizə qədər artırılacaq. Bu indiki rüsumdan 5 dəfə çoxdur. Baydenin qərarına qədər Çində istehsal olunan elektromobillərə 25 faizlik rüsum tətbiq edilirdi. Bayden yeni qərarıyla faktiki özündən əvvəlki prezident Donald Trampın Çin məhsullarına qarşı sərt siyasətini davam etdirir. Misal üçün Cozef Bayden Çindən idxal olunan polad və alüminium üçün rüsumları üç dəfə artırmaq planlaşdırırdı".

Elxan Şahinoğlu bildirib ki, "Amerikanın səsi"nin yaydığı məlumata görə, Bayden Çinə qarşı daha bir addım atıb: "ABŞ Çinlə əlaqəli “MineOne” kriptovalyuta şirkətinin Amerika hərbi bazasının yanında qurduğu Bitcoin mədənini bağlayıb. Vaşinqton bu qərarını belə əsaslandırıb ki, Çinə bağlı mədən hərbi bazaya yaxın olduğu üçün ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradır. Həmin hərbi bazada nüvə başlıqlı qitələrarası raketlər saxlanılır. Vaşinqton şübhələnib ki, Çin mədən vasitəsilə yaxınlıqdakı hərbi bazadan məlumatlar əldə edə bilər. Mədənin hərbi bazadan uzaqlığı cəmi 1.6 kilometrdir. Çin həmin mədəni 2022-ci ildə əldə edərək kriptovalyuta çalışmalarına başlayıb. ABŞ prezidentinin göstərişinə görə, şirkətə avadanlıqlarını mədəndən çıxarmaq üçün 90 gün veriləcək. Vaşinqtonun mədənlə bağlı qərarının qəbuluna məşhur “Microsoft” şirkətinin təsiri olub. “New York Times”ın nəşrinin yazdığına görə, “Microsoft” Vaşinqtonu xəbərdar edib ki, “MineOne” şirkətinin mədəndəki fəaliyyəti ABŞ-a təhlükə yaradır. Bundan sonra mədənin kəşfiyyat məlumatlarının toplanması üçün istifadə edilə biləcəyi qənaətinə gəlinilib. Pekin Vaşinqtonun qərarlarından narazıdır. Çin bir neçə ay əvvəl elektromobil alıcılarına vergi güzəştlərinin tətbiqi ilə əlaqədar ABŞ-dan Ümumdünya Ticarət Təşkilatına şikayət etmişdi. Pekin Vaşinqtonun ədalətli rəqabətə mane olduğunu bildirmişdi. Halbuki, Vaşinqton və Brüssel öz məhsullarına subsidiyalar ayıran Çini ədalətli rəqabətə mane olmaqda ittiham edir. Baydenin qərarları göstərir ki, Pekin Dünya Ticarət Təşkilatına şikayətindən nəticə əldə etməyib".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.181301