TƏZADLI REALLIQ – Eldəniz Quliyev yazır

Nə qədər qəribə səslənsə də, bəzən mənəvi və etik dəyərlər insanın qarşısını kəsən keçilməz səddə çevrilir. Hərçənd əksinə də olur, - mənəviyyatsızlıq hər-hansı məqsədə, yaxud mənsəbə çatıb - yüksəlmək üçün “nərdivan” funksiyasını daşıyır. Parodoksdurmu? Əlbəttə.
Diqqət edin: öz Konstitusiyasıını, qanunlarını və ədalət hissini uca tutan, dərk edən və bu anlamların demokratik mahiyyətini göz-bəbəyi kimi qoruyan kifayət qədər mütərəqqi ölkələr vardır. Belə ölkələrdə hökumət, parlament, məhkəmələr, media və ictimai təşkilatlar qanunların aliliyini ciddi şəkildə təmin edirlər. Bu səbəbdən də həmin ölkələrdə mənəvi və etik mühit sağlam, ürəkaçan və pozitiv olur; əhalinin mənəvi - etik səviyyəsi isə yüksələn xəttlə inkişaf edir.
Belə mühitdə insanın mənəviliyi və etikası cəmiyyətdə ona və ailəsinə hörmət, etibar formalaşdırır, ən əsası, əmək karyerasında əlavə üstünlüklər yaradır. Yəni ölkənin hər bir vətəndaşı anlayır ki, yaşadığı məkanda mənəvi və etik dəyərlər insanın bacarığı, istedadı, savadı və təcrübəsi qədər, bəlkə ondan da artıq əhəmiyyət kəsb edir.
Mənəviyyatsız adamlar isə, müvaffiq olaraq, cəmiyyət tərəfindən, o cümlədən tanışları, dostları, həmkarları, qonşuları, qohum-əqrabaları tərəfindən çeşidli tənqidlərə, təcrid və qınaqlara məruz qalır. Sirr deyil ki, ictimaiyyətin bu sayaq neqativ münasibəti fonunda mənəviyyatsızlıqla heç bir sahədə uğur qazanmaq olmaz. Başqa sözlə, nəfsinin köləsinə çevrilmiş, əxlaqi-mənəvi dəyərlərə sahiblənməyən birisi, heç vəchlə yüksək mənsəbə çata bilməz. Çatsa belə, qazanılan “uğur”-un ömrü çox qısa olar. Təbii ki, belə məmləkətlərdə mənəvi və əxlaqi pozuntular nadir hallarda baş verir və onların mənfi təsiri də ölkə həyatında, xalqın rifahında kəskin şəkildə duyulmur.
***
Ancaq hər hansı bir ölkədə qanunların aliliyi təmin edilmirsə, qanun pozuntuları, məmur özbaşınalığı, haqsızlıqlar qınanılmırsa, cinayət törədənlər təqib olunmursa, parlament və məhkəmələr müstəqil deyilsə, insanın mənəviliyi və digər qiymətli xüsusiyyətləri qiymətləndirilmirsə, heç şübhəsiz ki, orada Ana Yasanın və digər qanunların demokratik və ədalətli olmasının heç bir əhəmiyyəti yoxdur. O zaman mənəvi iqlim qarışıq, əhalinin əhval-ruhiyyəsi, mənəviyyatı və etik durumu bulanlıq, həyatın keyfiyyəti və səviyyəsi isə aşağı olacaqdır. Təəssüf ki, məhz belə ölkələrdə qeyri-mənəvi üsullarla hər hansı bir məqsədə çatmaq, nəinki asan, hətta yeganə vasitədir.
Məmurların və səlahiyyət sahiblərinin mənəvi deqradasiya prosesinə uğramalarının qarşısı alınmırsa, proses bəd xassəli şiş kimi, öz axarıyla artar və dövlətin bütün stukturları yoluxucu korrupsiya xəstəliyinə tutular. Rüşvət, korrupsiya, büdcənin talan edilməsi, dövlət əmlakının və təbii sərvətlərin mənimsənilməsi, inhisarçılıq, tayfabazlıq, vəzifə alveri və sair bu kimi qanun pozuntuları get-gedə həyatın bütün sferalarına yayılır. Nəticədə, ölkədə mənəvi iqlimin degenerativliyi şiddətlənir, cəmiyyətdə, habelə məişətdə sosial konfliklərin, cinayətlərin, intihar və digər faciələrin sayı artır. İqtisadiyyat, maarifçilik təşəbbüsləri, incəsənət, mədəniyyət və digər sosial sahələr zəifləyib bəsitləşir, cəmiyyətdə siyasi, dini və mülki qütbləşmələr sərtləşir. Belə ölkələrin əhalisi hər gün şahidi olduğu haqsızlıqlardan, kriminal hadisələrdən, günahsız insanların həbsindən, od tutub yanan qiymətlərdən, kredit borcları və s. olaylardan təngə gəlir və ürəyində durmadan hakimiyyəti lənətləyir. Hər şeydən rəncidə düşən belə toplum daim öz taleyindən narazı, küskün olur, ictimai işlərə qarşı biganəlik göstərir və özlüyündə hər hansı mübarizə, yaxud müqavimətin mənasız olduğu qənaətinə gəlir. Vəziyyət belə davam etdikcə, əhalinin böyük bir qismi ölkədə mənəviyyatsızlığın mənəviyyatdan daha əlverişli olduğuna inanır, nəhayətdə, istər-istəməz mənəvi və etik xüsusiyyətlərini itirir, süstləşir və... tədricən rəzil kütləyə çevrilir.
Ən acınacaqlısı isə, son zamanlar bu sayaq neqativ proseslərin məhz bizim ölkədə - Azərbaycanda baş verməsidir...
Mən optimist adamam, inanıram ki, xalqımız bu bəladan xilas olacaq və buna həyatını mənəvi və etik dəyərlər üzərində qurmağı bacaran, bu dəyərləri öz şəxsi maraqlarına qurban verməyən fədakar, nəcib və aydın İNSANLARIN sayəsində nail olacaq!..
Eldəniz QULİYEV
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya