Təxribata layiqli cavab: “Qisas”, “Qətiyyətli cavab” - Əməliyyatlar davamlı olacaq

2022-09-13 14:09:00

Təxribata layiqli cavab: “Qisas”, “Qətiyyətli cavab” - Əməliyyatlar davamlı olacaq

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib.

Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.

Ümumiyyətlə, 10 noyabr Bəyanatında sonra Ermənistan dəfələrlə təxribatlara əl atıb, razılaşmaları, üzərinə götürdüyü öhdəlikləri pozub. Azərbaycan tərəfi dəfələrlə ən yüksək səviyyədə Ermənistana xəbərdarlıq edib və təxribatlar davam edərsə, ən sərt şəkildə cavab veriləcəyini bəyan edib.

Bir müddət əvvəl ermənilərin törətdiyi təxribatlara cavab olaraq Azərbaycan Ordusu “Qisas” əməliyyatı həyata keçirdi. Ötən gecə isə növbəti təxribatı törədən Ermənistan Azərbaycanın “Qətiyyətli cavab” əməliyyatı ilə üzləşdi. Nəticədə Ermənistan ordusunun itkiləri 150-200 nəfər təşkil edib, yüzlərlə yaralı var.

İki “S-300” hava hücumundan müdafiə sistemi məhv edilib. Onların dəyəri yarım milyard dollardan çoxdur.

Azərbaycan Ordusu sərhədyanı bölgədə delimitasiya olunmayan bir sıra mühüm strateji mövqelərə və yüksəkliklərə nəzarəti təmin edib. Ermənistan ərazisindən keçən bir sıra strateji kommunikasiyalar da vizual və atəş nəzarətinə götürülüb.

“Azərbaycanın başqa dövlətin ərazisini işğal etmək niyyəti yoxdur, lakin onun sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün ən qətiyyətli tədbirlər görüləcək. Şəhidlərimizin qanı qisassız qalmadı, erməni tərəfinə qətiyyətli cavab verildi”, - məlumatı “Caliber” nəşri öz mənbələrinə istinadən yayıb.

Göründüyü kimi, “Dəmir yumruq” öz yerindədir və Ermənistan təxribata cəhd etdiyi hər an işə düşəcək. DİA.AZ-ın məlumatına görə, baş verənlərlə bağlı Cebhe.info-ya danışan deputat Cavid Osmanov deyib ki, Ermənistanın davamlı təxribatlarının bir neçə səbəbi var:

“Ermənistanın növbəti dəfə təxribat törətməsi onu göstərir ki, Ermənistan razılaşmaları pozur, üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirmir. Eyni zamanda, Ermənistan bu cür təxribatlar törətməklə sülh müqaviləsi imzalamaqdan yayınır.

Təbii ki, təxribatların qarşısı Azərbaycan Ordusu tərəfindən dərhal və qətiyyətlə alınır. Azərbaycan Müdafiə Nazirliyi tərəfindən verilən məlumatlar da bir daha göstəridi ki, ordumuz hər zaman ölkəmizin ərazi bütövlüyünə qarşı olan istənilən təhdidin qarşısını almaq iqtidarındadır. Ermənistan yaxşı bilir ki, Azərbaycanla hər hansı bir müstəvidə qarşıdurma yaratmaq gücündə deyil. İstər hərbi, istərsə də siyasi-diplomatik müstəvidə Azərbaycan dəfələrlə Ermənistandan güclüdür. 44 günlük Vətən müharibəsi bunun bariz nümunəsidir.

Avqustun 3-də keçiriən “Qisas” əməliyyatı bunun növbəti təzahürüdür. Ermənistan belə təxribatlarla başqa məqasədlər güdür. Ermənistan Azərbaycana qarşı hələ də mina terroru həyata keçirir. Postmüharibə dövründə Ermənistan yenə də bu fəaliyyətini davam etdirir. Laçında tapılan 2021-ci il istehsalı olan minalar bunun bariz nümunəsidir”.

Deputat bildirib ki, Ermənistanın təxribatlarının davamlı olmasının səbəbi bu günə qədər cəzasız qalmalarıdır:

“Beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana ciddi təsir edilməyib. Hər hansı bir sanksiyaya məruz qalmayıb. Ona görə də Ermənistan təxribatlarını, mina terrorunu davam etdirir.

Digər tərəfdən isə Ermənistan belə təxribatlar törətməklə və dezinformasiyalar yaymaqla beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq istəyir. Onaların dərhal BMT Təhlükəsizlik Şurasına, KTMT-yə müraciət etməsi də göstərir ki, Ermənistan onları da təxribata çəkmək niyyətindədir. Ermənistan Baş naziri Rusiya və Fransa prezidentləri, ABŞ Dövlət Departamentinin rəhbəri ilə telefonla danışması onun cılızlığının göstəricisidir. Bu, həm də artıq ölü qurum olan ATƏT-in Minsk qrupuna yeni nəfəs vermək cəhdi kimi qiymətləndirilməlidir”.

Cavid Osmanov əlavə edib ki, Erəmistanın istənilən təxribatının qarşısı Azərbaycan tərəfindən qətiyyətlə alınacaq:

“Bu təxribatlar hər zaman Ermənistan üçün ciddi itkilərlə nəticələnək. Ermənistan istənilən təxribatının qarşısı bundan sonra da qətiyyətlə alınacaq. “Dəmir yumruq” yerindədir, daha da gücülüdür, daha da qətiyyətlidir”.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev də deyib ki, çıxış yolu Azərbaycanın əməliyyatlar keçirməsindədir:

“Biz başqalarından fərqli olaraq sizinlə müsahibəmizdə bunu proqnozlaşdırmışdıq. Azərbaycan rəhbəriliyi, Müdafiə Nazirliyi, orudumuz çox doğru addımlar atır. Ermənistanla yalnız öz başa düşdükləri dildə danışmaq lazımdır. Çünki onlar üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər. Eyni zamanda Azərbaycan-Ermənistan sərhəddini gərginlikdə saxlayırlar. Ermənistanın davamlı təxribatlarına cavab verməkdən başqa yolumuz yoxdur.

Laçın dəhlizi ilə bağlı və digər məsələlərlə bağlı Azərbaycan öhdəliyini icra etdi, amma Ermənistan başda Zəngəzur dəhlizi olmaqla heç bir öhdəliyinə əməl etmir. Paşinyan başda olmaqla, Ermənistan hərbi-siyasi rəhbərliyi doğru qərar verə bilmir. Belə olan halda Azərbaycan bu məsələni sona çatdırmalıdır. Antiterror əməliyyatları davam etdirilməlidir. Qarabağda Azərbaycan məskunlaşma aparacaq, o zamana qədər bu məsələ də bitməlidir.

Məskunlaşmadan sonra da ermənilər təxribatlar törədəcəksə, bu həm də ərazilərimizin təhlükəsizliyinə təhdid olacaq. Əslində Azərbaycan Ermənistanla sərhəddində təhlükəsizlik zonası yaratmalıdır. Azərbaycan Zəngəzuru və Göyçə göllünün yarısından Nayruhi Allahverdiyan rayonuna qədər olan ərazini götürüb təhlükəsizlik zonası etməlidir. İndi kimsə deyə bilər ki, bu mümkün deyil, zaman gələcək, bunlar da mümkün olacaq”.

dia.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.062834