Texnologiya Universitetində Akif Süleymanovun müşavir oyunu

2022-04-29 11:26:00

Texnologiya Universitetində Akif Süleymanovun müşavir oyunu

Bu yaxınlarda Texnologiya Universitetində keçirilən iclasda rektor A.Suleymanov bildirib ki, nəhayət, universitet işğaldan azad olundu. Bunu söyləməklə o, dəstək verərək universitetə gətirdiyi, yüksək vəzifə, şişirdilmiş maaş verdiyi "nurçu"ların işdən çıxıb getmələrinə işarə vurur. Beləliklə də o, başını tumarladığı, hamıdan fərqləndirərək yüksək maaş yazdığı "nurçu"ların üzərində qələbə çaldığını böyük məmnunluqla kollektivə elan etdi.

Lakin A.Süleymanov gözəl bilir ki, universiteti işğal edən elə onun özüdür. O, universitetdə rəhbər kimi qaldığı müddətdə də, bu işğal davam edəcək. Çunki universitetdə baş verən bütün qanunsuzluqların başında A.Suleymanovun özü dayanır. O, vəzifə verib qabağa çəkdiyi adamları qanunsuz əməllərə təhrik edir və vəziyyət gərginləşən kimi özünü sudan quru çıxartmaq üçün onları "qurbanlıq keçi" kimi güdaza verir.

İnsaf naminə demək lazımdır ki, Vüqar İsmayılov Texnologiya universitetinə prorektor təyin olunanda ilk vaxtlar rüşvət almağın nə olduğunu bilmirdi, amma rektor ona rüşvət almağı öyrətdi. Digərlərinə dediyi kimi, Vüqara da deyirdi ki, "oğul, narahat olma, arxanda dayanmışam, işində ol, maaşla dolanmaq olmaz". Sonda V.İsmayılovun və digərlərinin aqibətini gördünüz. Vəziyyət gərginləşəndə A.Süleymanovun özünü müdafiə etmə üsulu belədir: guya ki, onun heç-bir şeydən xəbəri olmayıb, bir də ayılıb gorüb ki, sən demə etibar elədiyi adamlar çoxsaylı qanun pozuntuları edərək, universitetin altını üstünə çevriblər, özü isə aydan-arı, sudan duru bir adamdır və onun yeganə qüsuru budur ki, sadəlövhdür, insanlara inanır. Başqa sözlə, onu aldadırlar.

Maraqlıdır ki, 2015- ci ildə və 2021-ci ildə də A.Suleymanov eyni ssenari ilə çıxış edərək, bütün baş verən qanun pozuntularını və özbaşnalıqları ətrafına yığdığı vəzifə sahiblərinin (dekanlarin, prorektorların, şöbə mudirlərinim və s.) üstünə atıb. Rektor olduğu müddətdə insafsızcasına, onlarla insanı ləkələyərək məhv edib. Soruşmaq lazımdır: cənab rektor, bəlkə elə əsl günahkar siz özünüzsiniz?! Əgər doğrudan da siz hər dəfə aldanırsınızsa, onda sizin universitet rəhbəri kimi belə məsuliyyəyli bir vəzifəni tutmağa mənəvi haqqınız varmı? Sizin kimi bir adamın növbəti dəfə «aldanmayacağına» qarant varmı? Yəni təsəvvür edirsinizmi ki, siz hər dəfə «aldananda» universitetdə çalışan əməkdaşlara nə qədər böyük mənəvi və maddi zərbə vurulur. Universitetin imicinə xələl gətirilir. Nəfsinizi cilovlamaq əvəzinə, insanların taleyi ilə oynamaq nə qədər düzgündür? Siz prezidentin etimadını beləmi doğruldursunuz? Respublikada heç-bir təhsil müəssisəsinin adı sosial şəbəkələrdə bu qədər hallanmır, idarəçiliyi bacarmadığınızı etiraf etməyin vaxtı çatmayıbmi? Siz rektor olmasanız görən kollektiv nə itirər?

Bütün baş verən məlum hadisələrə baxmayaraq rektor yenə də vərdiş etdiyi əyri yolla getməkdə davam edir. Bu ilin fevral ayında Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərovun universitetə tədris işləri üzrə prorektor təyin olunması A.Süleymanovun özbaşnalıqlarının çərçivəyə salınması baxımından müsbət haldır, amma Y.Ömərov bilməlidir ki, çox təhlükəli bir adama prorektorluq edir. Artıq o, A.Suleymanovun 9 illik «idarəçiliyi» müddətində 4- cü prorektordur (rektor «üçünün başını artıq yeyib» ). Bu gün əsas vəzifələrdə rektorun adamlarıdır və aydındır ki, A.Süleymanov adətkar olduğu üçün həmin adamların vasitəsilə yenə də rüşvət almağa davam edir. O, öz adamlarını yaxşıca təlimatlandırıb, bildirib ki, rüşvət alarkən maksimum ehtiyatlı olsunlar. Amma işlər dolaşan kimi bildirəcək ki, təhsilə baxan prorektor var, yaxşı nəzarət edəydi, mən xəstə adamam, ona arxayın olmusam. Baxın, bu günlərdə 3 fakültədə dekan seçkiləri keçirildi və hər 3 fakültədə alternativ namizəd olmadı. Çox maraqlıdır, yəni hər 3 fakültədə ikinci bir şəxs tapılmadı ki, dekan olmaq arzusunda olsun? Əlbəttə, var, ancaq pul verən hər fakültədə bir nəfər olub. Gəlin görək bu fakültələrdə dekan vəzifələrini rektorun dəstəyi ilə tutan kimlərdir:

"Avtomatika, telekommunikasiya və informatika» fakültəsinə, vaxtilə kömrük orqanlarından rüşvətə görə qovulmuş Rövşən Hacıyev, «İqtisadiyyat və idarəetmə» fakültəsinə 73 yaşlı (fakültədə kifayət qədər cavan dosentlər olduğu halda) yeriməkdə belə çətinlik cəkən, rüşvətxorluğa görə 2015-ci ildə tutduğu dekan vəzifəsindən A.Süleymanovun rektor işlədiyi dövrdə qovulmuş Xalidə Abbasova, «Qida mühəndisliyi» fakültəsinə isə Gəncə şərab təcrübə stansiyasından tutduğu rəhbər vəzifədən rüşvətxorluğa ğorə qovulmuş Mehman Hüseynovdur. Baxın, rektorun dekan təyin etdiyi hər üç şəxsin keçmişi rüşvətlə bağlıdır. Bu qədər təsadüf ola bilməz axı. Sizcə, dekan olmaq üçün 15-20 min manat pulundan keçən bu adamlar dekan olduqdan sonra təmiz işləyə bilərlərmi? Dekan kürsüsündə əyləşdirilmiş bu adamlar, fakültəyə yem kimi baxırlar. Deməli, universitetdə rüşvət və korrupsiyanın bərqərar olmasına səbəb elə rektorun özüdür, universitetdə rektordan çox qanunlarımız pozan yoxdur, amma universitetin idarə olunması ona tapşırılıb.

Paradoks deyilmi? Sizcə, «Qida mühəndisliyi» fakültəsində bir nəfər dosent tapılmadı ki, dekan olmaq arzusunda olsun? Baxın, rektor «məcbur» olub kənardan, ADAU-dan Mehman Hüseynovu fakültəyə dekan olmaq üçün dəvət edib. Əvvəla təhsil qanununda birmənalı olaraq göstərilib ki, dekan fakültədə 5-il müəllim kimi fəaliyyət göstərmiş, təcrübəli, fakültə əməkdaşları arasında nüfuzu olan müəllimlərdən olmalıdır. Rektorun tapdığı Mehman isə texnologiya universitetində cəmi bir ildir ki, əvəzçiliklə 0,5 şt. müəllim işləyib, yəni onun əsas iş yeri ADAU-dur. Necə ola bilər ki, «Qida mühəndisliyi fakültəsində» fəaliyyət göstərən kafedraların müəllimləri uzun müddət bir yerdə çalışdıqları müəllim yoldaşlarının namizədliyini yox, yaxşı tanımadıqları, hansısa başqa bir universitetin əməkdaşına yekdilliklə səs verdilər. Gülməli deyilmi? Sual oluna bilər rektor niyə bu qanunsuzluğa gedir, bəlkə onun mövcud qanunlardan xəbəri yoxdur?, Əlbəttə, var. Bəs səbəb nədir? Ancaq bir səbəb var, o da A.Süleymanovun rüşvətxorluğu. Belə ki, rektor fakültə dekanlığı vəzifəsini auksiona qoymuşdur, yəni kim pul verərsə (həm də çox) o, da dekan olacaq, bu birmənalı belədir, çünki o, 9 illik idarəçiliyi dövründə bunu sübut edib. Rüşvət olan yerdə rektor A.Süleymanov üçün heç bir çərçivə, qanun-qayda yoxdur, ona rüşvət ver nə istəyirsən et. A.Süleymanovun idarəçiliyi dövründə bir dəfə də olsun ədalətli seçki keçirilməyib.

Bu ilin yanvar ayında universitetdə qış imtahan sessiyası keçirildi, o cümlədən qiyabi şöbədə. Görün imtahanların obyektiv getməsi kimlərə etibar edildi. Qiyabi təhsil alan tələbələrin imtahan sessiyasına «Distant və qiyabi təhsil mərkəzinin» yeni direktoru («direktor» -ali məktəbdə təsadüf edilməyən vəzifə) Quliyev Sədir «nəzarət» edir. Yuxarıda adı qeyd olunan mərkəz dekanlıq statusunda olan bir qurumdur və həmin quruma rəhbərlik edən şəxsin elmi dərəcəsi olmalıdır. Vaxtilə A.Süleymanov həmin şöbəni gəlir mənbəyi kimi yaratmışdı. Etibar etdiyi Babək Həsənovu rəhbər təyin etmək üçün məcbur olub şöbəyə direktorluq (Babəkin elmi dərəcəsi olmadığı üçün) statusu verdi.

Rektorun yeni islahatlarından biri də odur ki, saxtakarlıq edib tədris jurnallarının vərəqlərini dəyişdirdiyinə görə Babək Həsənovu direktor vəzifəsindən azad edərək daha yüksək vəzifəyə, tədris şöbəsinə müdir təyin etdi. Unveristetdə «dosent tapılmadığı üçün» məcbur olaraq «Qiyabi və distant təhsil mərkəzinə assistent Quliyev Sədiri (Babəkin qrup yoldaşı və dostu) direktor təyin etdi. «Yüngül sənaye mühəndisliyi və logistika» fakültəsində dekan müavini işləyəndə rüşvət almaqda yüksək bacarıq nümayiş etdirmiş Quliyev Sədir əyri işlərin ustasıdır desək səhv etmərik. Yaxşı olardı ki, rektor şöbənin adını «Distant və qiyabi təhsil mərkəzi» yox, «Distant və qiyabi təhsil üzrə kolxoz» adlandırardı. Sədir adlı adamın da kolxoza rəhbər qoyulması tamamilə yerinə düşərdi. S.Quliyev dekan müavini işləyəndə fakültədə torətmədiyi qanun pozuntuları qalmadı. Xülasə, bu ilin yanvar ayında universitetdə qış imtahan sessiyası universitetdə tədris jurnallarının vərəqlərini dəyişməkdə master-klas olan Babək və Sədirin nəzarəti altında keçirilib. Dekan Nazim Vəliyev fakültədə bütun qara işlərin hamısını Sədirin ixtiyarına buraxmışdır ki, özü məsuliyyətdən uzaq olsun. Rektor A.Süleymanov 80 yaşlı (heç bir ali məktəbdə bu yaşda dekan yoxdur) N.Vəliyevi fakültəyə dekan yox, qarovulçu (yığılan pulların dağılmasının qarşısını almaqda) təyin etmişdir desək, daha düzgün səslənər. Mürəkkəb xarakterə malik olan N.Vəliyev bütün dövrlərdə «qabiliyyəti sayəsində» rektorları ofsunlaya bilmişdir. Bu adam rəhbərləri ələ almaqda əsl ustalıq nümayiş etdirir desək, səhv etmərik. Belə ki, o, gedənin arxasınca danışır, yeni gələn rektoru özünə məxsus peşəkarlıqla tərifləyir, onun qılığına girir, ofsunlayır və olur rektorun adamı. Bu üsulla o, bütün rektorların dövründə vəzifəsini 30 ildir ki, qoruyub saxlayıb. Baxın, rektor digər fakültələrin dekanlarını tələm-tələsik dəyişdi, amma daha çox qanun pozuntuları edən N.Vəliyevə toxunmadı, çünki o, hələ ki, «yüksək sadiqlik və peşəkarlıq nümayiş etdirir» . Haçansa, A. Süleymanovdan sonraki rektorun yanında N. Vəliyevi görsəniz təəccüblənməyin.

Digər sahələrdə də vəziyyət biabırçı haldadır. Seçki müddəti qurtarmış müəllimlər növbəti 5 ilə elanla müəllim seçilmək üçün mütləq Mətanət Əhmədovaya rüşvət verməlidirlər, əks halda növbəti 5 il üçün elan verilməyəcək və müəllim əmrlə işləməyə məcbur olacaq. A.Suleymanovun idarəçiliyi müddətində 3 nəfər baş mühasib buxalteriyani tərk edərək işdən çıxıblar, çünki rektorun təhlükəli oyunlarını qəbul etməyiblər. Rəhbərlik çıxış yolunu İradə adlı, savadsız, buxalteriya işlərini dərindən bilməyən birisinə həvalə edərək, bütün qanunsuz sənədlərə imza qoydururlar. Yəni gələcəkdə universitetə kiçik bir maliyyə yoxlaması gələrsə, çox böyük maliyyə pozuntularının olması aşkarlanacaq.

Universitetin büdcəsini ata mülki kimi dağıdan rektor 2 müşaviri olduğu halda, 2-ni də təzəlikcə gətirib (padşahın fil məsələsi kimi). Əvvəla, təqribən 3 min (kollec tələbələrinin sayı qədər) civarında tələbə sayı olan universitetə 4 müşavir lazımdırmı? Bu israfçılıq deyilmi? Təsəvvür edin ki, İqtisad Universitetinin təkcə bir fakültəsində 3 min tələbə (texnologiya universitetindəki tələbə sayı qədər) təhsil alır. Gəlin görək hərəsi 4 min manat maaş alan bu müşavirlər kimdir? Elm və Beynəlxalq əlaqələr üzrə müşavir M.Güləliyev, Sənaye və tədris məsələləri üzrə müşavir A.Eyvazov. Adları qeyd olunan bu adamlar aldıqları maaş müqabilində universitetin inkişafı üçün hansı imkanları yaradacaqlar, yəni nə iş görəcəklər? Fikir verin, «Sənaye və tədris məsələləri» üzrə müşavir. Tədris işləri üzrə prorektor olduğu halda, əlavə hoqqaya nə ehtiyac var. Guya A.Eyvazov prorektor Y. Ömərovdan fərqli nəsə bir işmi görəcək? Əgər sual olunsa ki, burada sənaye məsələsi də var,ona görə mütləq bu sahədə ayrıca müşavir də olmalıdır, onda universitetin hansısa sənaye müəssisəsi ilə əlaqələrinin mövcudluğundan söhbət getməlidir. Amma A.Süleymanov işlədiyi 9-il müddətində deyə bilməz ki, universitet hansısa sənaye müəssisəsi ilə real əlaqə qurub və bu əlaqələrin nəticəsində universitetin büdcəsinə bir manat maliyyə vəsaiti daxil olub. Rektor sadəcə olaraq dil pəhlavanıdır, hələ ki, hamını aldada-aldada gedir, vəssalam. Ona görə də olmayan şey üzrə müsavir təyin etmək, fırıldaqçılıqdan başqa bir şey deyil. Havaya sovrulan bu pulları universitetin maddi – texniki bazasının yüksəldilməsinə sərf etmək əvəzinə, lazımsız müşavirlərə sərf edilir, hansı kı, bu adamların universitetə heç bir xeyri yoxdur. Göyə sovrulan bu pulları əvvəlcə universitetin maddi texniki bazasının qurulmasına, kadr potensialının yüksəlməsinə sərf etmək lazımdır ki, elmi potensialı yüksəldəsən. Yüksək elmi potensialı və müasir elmi tədqiqat laboratoriyaları olan universitetin beynəlxalq əlaqələrindən və elmi potensialından və nəhayət sənaye əlaqələrindən danışmaq olar. Amma yuxarıda qeyd olunanların əvəzinə yeni müşavir A.Eyvazov gənc müəllimlərdən və tələbələrdən ibarət könüllülər təşkilatı yaratmaqla məşğuldur. Universitetdə gənclər təşkilatı, həmkarlar təşkilatı fəaliyyət göstərdiyi halda yeni təşkilata nə ehtiyac var, görəsən? Nurçular universitetdə təşkilatlanaraq xeyli tələbənin əqidəsini pozdular. Nəticə olaraq Türkiyə kimi qardaş ölkənin təhsil sistemi Texnalogiya Universitetini qəbul etmir, indidə nurçular gedib, A.Eyvazov gəlib təşkilat yaradır. Cənab Eyvazov, universitetdə siyasi dərnək yaratmaq əvəzinə təhsili inkişaf etdirmək lazımdır, ölkə rəhbəri bizdən bunu tələb edir, təşkilatlanmağı yox.

Rektorun 4 müşaviri birlikdə ayda 12-13 min manat «maaş» alırlar,amma,bu pulun müəyyən hissəsi rektora qaytarılır. Necəki, "nurçu"larında vaxtında onlara yazılan şişirdilmiş maaşların ən azı yarısı aybaay rektora qaytarılıb, bunu onların özləri dəfələrlə etiraf ediblər. Bu o deməkdir ki, rektor özünə məxsus üsulla (o həmişə bu üsuldan istifadə edib) universitetin büdcəsindən külli miqdarda pul mənimsəyir.Müşavirlər nə edir?, heç-bir şey, sadəcə olaraq hərəsi bir kabinetdə oturub mürgü vururlar. Çox güman ki, rektor müşavirlərin sayını gələcəkdə birazda artıracaq, məsələn, rektoru 2-ci mərtəbəyə qaldırıb-düşürmək üzrə müşavir. Bu iş bir az çətin olduğuna görə (çünki belə müşavir fiziki cəhətdən həmdə güclü olmalıdır) belə müşavirə ayda 5-6 min manat məvacib verilməlidir, zarafat deyil rektoru 2-ci mərtəbəyə qaldırmaq və s. sizə asan gəlməsin.

A.Süleymanov rəhbərlik etdiyi 9 ildə təhsilin inkişafı ilə bağlı he çbir iş görməyib, əksinə təhsilin səviyyəsini heçə endirib. Texnologiya Universitetinə qəbul olunan tələbələrin 60-70% -ı subbakalavrlardan ibarətdir. Bu danılmaz faktdır və bu onu göstərir ki, bərbad idarəçilik nəticəsində universitet kollec səviyyəsinə endirilib. İndi də rektor 9 il «idarəçilikdən « sonra hansısa sənaye əlaqələrindən, beynəlxalq əlaqələrdən danışır. Hansı kadrlarla o, bu işləri görəcək? Soruşmaq lazımdır, 6-7 il öncə rektor kimi onun yaratdığı müştəri yönümlü proqramın (MYP) fəaliyyəti nəticəsində universitetin büdcəsinə nəqədər maddi vəsait gətirilib və MYP adı altında nəqədər pulu şişirdilmiş maaş və lüzumsuz məzuniyyətlər şəklində göyə sovurulub? Necə oldu MYP -nin axırı? Niyə MYP fəaliyyətini dayandırdı? Rektor mənasız və məntiqsiz işlərlə kollektivi boğaza yığıb. Bilmir ki, necə etsin ki, daha çox pul mənimsəsin. Tələbələrdən yığılan təhsil haqqlarını basıb yeməkdən başqa əlindən heç-bir iş gəlmir. İşlədiyi 9 il müddətində kənardan universitetə bir qara qəpik maliyyə vəsaiti gətirilməyib? Amma müxtəlif proqram adları altında külli miqdarda maliyyə vəsaitin göyə sovurub.

Təhsil Nazirliyi də hələ ki, rektorun «islahatlarına» susur, yəni gözləmə mövqeyi tutub ki, görsün A.Süleymanovun növbəti qurbanları kimlər olacaq, başqa sözlə A.Süleymanovu növbəti dəfə kimlər «aldadacaq».

Qeyd: A.Süleymanov elmi şurada bu yaxınlarda bildirib ki, Təhsil Nazirliyi bizi başa düşmür, bizə dəstək vermir, amma M.Cabbarov bizi başa düşür, onunla danışıb- söhbət etmişəm,o bizi dəstəkləyir. Daha doğrusu rektor özünü tapşırtdırib.

Hörmətli, E.Əmrullayev, A.Suleymanovu sizə tapşıran kimdirsə, xahiş edirik, soruşun görək A.Süleymanov özünü Allaha da "tapşırtdırıb"mı? Əgər tapşırtdırıbsa, onda vay kollektivin halına.

"Hürriyyət"


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya