Saat:00:08
Haqqımızda

"Tərtər qətliamı kimi çirkabdan xilas olmalıyıq" - ƏRƏSTUN ORUCLU

2021-08-05 12:41:00

"Bu olayın məkrli təşkilatçıları və onların xəyanətkar icraçıları Azərbaycan xalqını yüz illər irəliyə diliqısa, boynu bükük etməyi hesablayıblar"

"Tərtər qətliamının uzunmüddətli fəsadlarından biri də cinayətkarların öz xəyanətini maskalamaq üçün Azərbaycan Ordusunun hərbçilərinə atdıqları böhtandır. Söhbət guya hərbçilərimizin cinsi istismar üçün Ermənistan ordusunun hərbçilərinə pulla satılması barədə saxta ittihamlardan gedir. Bəli, hamımız anlayırıq ki, bunların hamısı böhtandır". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Ərəstun Oruclu deyib.

Onun sözlərinə görə, düşmən bu böhtanı öz əlaltılarının əlilə ona görə təşkil edib ki, azərbaycanlılar uzun illər, bəlkə də əsrlər boyu buna görə utansınlar, xəcalət çəksinlər, öz milli mənsubiyyətinə görə natamamlıq kompleksi yaşasınlar: "Təsəvvür edin, 50-100 ildən sonra ermənilər azərbaycanlılara bu faktları göstərib "baxın, siz busunuz" deyəndə Tərtərdə törədilmiş "Əsrin cinayəti"ndən xəbərsiz nəslin nümayəndəsi hansı hissləri keçirir. Faktlar isə ortadadır: Hərbi Prokurorluğunun cinayət işi açılması barədə 3 may 2017-ci il tarixli imzalı və möhürlü qərarı; saxta ittihamları əsaslandırmaq üçün yayılmış "istintaq" videoları, həmin videolarda şahidlərin və zərəçəkmişlərin işgəncələr altında verdikləri ifadələr;  həmin saxta ittihamların öz əksini tapdığı çoxsaylı məhkəmə hökmləri və s. Başqa sözlərlə, Tərtər qətliamının məkrli təşkilatçıları və onların xəyanətkar icraçıları Azərbaycan xalqını yüz illər irəliyə diliqısa, boynu bükük etməyi hesablayıblar və bunu da ediblər".

Siyasi şəhrçi hesab edir ki, məhz bu səbəbdən də gözləmədən, vaxt itirmədən elə bu gün həmin çirkabdan xilas olmalıyıq: "Ən azı ona görə ki, gələcək nəsillər bizim qəbrimizə söyməsinlər. Ona görə ki, Azərbaycan xalqı sındırılmasın, onun qüruru zədəli qalmasın, gələcək nəsillərin nümayəndələri addımbaşı alçaldılmasın. Bunun üçün isə aşağıdakı kompleks addımlar atılmalıdır: 1. cinayətin təşkilatçılarını və icraçılarını ifşa və mühakimə etmək; 2. onların böhtanlarının əks olunduğu məhkəmə hökmlərini ləğv etmək; 3. ölkə parlamentində bu cinayəti kəskin pisləyən müvafiq sənəd qəbul etmək; 4. böhtanları məhkəmə hökmləri vasitəsilə bir-bir təkzib etmək; 5. şərlənib tutulmuş hərbçilərə məhkəmə qaydasında bəraət vermək; 6. işgəncələrə, böhtana, şərə, ordudan əsassız tərxisə məruz qoyulmuş hərbçilərimizin hüquqlarını tam bərpa etmək. Bu addımları atmasaq, gələcək nəsillər üçün ağır mənəvi və psixoloji yük qoyub getmiş olacağıq və buna görə də nəinki bağışlanmayacağıq, hətta haqlı olaraq onlar tərəfindən əsrlər boyu lənətlənəcəyik".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR